Gürcüstan azərbaycanlılarının vəziyyəti ermənilərdən niyə ağırdır? – Özəl-Şərhlər
Zəlimxan Məmmədli: “Gürcüstandakı ucqar kəndlərimizin əksəriyyətində belə problemlər yaşanır”
Elbəyi Cəlaloğlu: “Burada erməni lobbisi daha aktiv çalışır”
Bildiyimiz kimi, Gürcüstanda çoxsaylı soydaşımız yaşayır. Onlar əsasən Bolnisi, Marneuli mahallarında məskunlaşıb. Bu ölkədə habelə ermənilər də var. Onların əsas cəmləşdiyi yer isə Cavaxetiya ərazisidir. Onu da qeyd edək ki, Gürcüstanın müstəqil dövlət olaraq möhkəmlənməsində orada yaşayan soydaşlarımız da fəal iştirak edirlər. Amma ermənilər, əsasən də Cavaxetiyada yaşayanlar separatizmə, Gürcüstanı parçalamağa meyllidir. Buna baxmayaraq, nədənsə, bu ölkədə azərbaycanlılar yaşayan kəndlərin durumu Cavaxetiya ilə müqayisədə ağırdır. Görəsən, niyə?
YENİCAG.AZ-a açıqlamasında “Borçalı” Cəmiyyətini sədri Zəlimxan Məmmədli belə vəziyyətin yaranmasını yerli hökumətin soydaşlarımız məskunlaşan ərazilərə zəif diqqət ayırmasında görür: “Əslində, Gürcüstanda problemləri olan kəndlər hər yerdə var. Belə problemli kəndlərə Acarıstanda, Abxaziyada, Tiflis ətrafında, o cümlədən soydaşlarımız yaşayan kəndlərdə də rast gəlinir. Konkret bir sıra ərazilər var ki, onlar dağ relyefində yerləşən kəndlərdir. Təbii ki, onların da spesifik öz çətinlikləri olur. Soydaşlarımız yaşayan ərazilərdə də bəzi yerlər var ki, ora qaz çəkilməyib, bəzi yerlərdə yol infrastrukturu bərbad haldadır. Yəni bu kimi sosial yönümlü problemlər vardır, gürcüstanlı soydaşlarımız yaşayan kəndlərdə. Gürcüstandakı ucqar kəndlərimizin əksəriyyətində belə problemlər yaşanır. Bu ölkədə strateji əhəmiyyət daşıyan bir sıra kəndlərimiz də var ki, Ermənistanla sərhəddə yerləşir. Burada yerləşən Yırğançay kəndinin 3 min, Sadaxlı kəndinin 15 minə qədər əhalisi var. Bu kəndin strateji mahiyyət daşıdığı barədə yerli rəsmi qurumlara da müraciət etmişik. Ona görə də burada infrastrukturun tikintisinə xüsusi həssaslıqla yanaşılmalıdır, qaz çəkilişi həyata keçirilməlidir. Ermənistanla sərhəddə, Borçalı mahalında elə kəndlərimiz də var ki, orada Azərbaycan türkləri ilə ermənilər bir kənddə yaşayır. Zop və Xocerni kəndləri belə kəndlərdəndir. Əhalinin 70 faizi azərbaycanlı olan həmin kəndlər çox dəhşətli vəziyyətdədir. Gürcüstan rəsmilərinə bu kəndlərə investisiya qoyulması, kəndin yüksək səviyyədə təmin edilməsilə bağlı müraciət etmişik”.
Digər Gürcüstanlı soydaşımız olan şair Elbəyi Cəlaloğlu isə YENİCAG.AZ-a açıqlamasında qonşu ölkədəki azərbaycan kəndlərinin Cavaxetiyadakı kəndlərlə müqayisədə ağır durumda olmasının səbəbini erməni lobbisinin daha aktiv işləməsi ilə əlaqələndirdi: “Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Borçalı mahalında insanların yaşam tərzinə mənfi təsir göstərən əsas problem infrastrukturun olmaması ilə bağlıdır. Dmanisi, Bolnisi, Marneulidə yerli şəraitə uyğun olan hər hansı zavod və fabrik quraşdırmaq mümkündür. Dağ rayonlarında isə süd, yağ zavodları açıla bilər. Bolnisidə yun zavodunun açılması da vacibdir. Qaraçıpdə xalçaçılıqla bağlı fabrik açmaq olar. Bunun üçün də investorlar cəlb edilməlidir. Həmin bölgələrdə bu kimi infrastruktur işləri həyata keçirilərsə, oradakı soydaşlarımız da xaricə üz tutmaz. Gürcüstandakı azərbaycanlılar yaşayan kəndlərin durumu Cavaxetiyadakı kəndlərlə müqayisədə ona görə ağırdır ki, burada erməni lobbisi daha aktiv çalışıb. Erməni lobbisi hələ də dünyanın bir sıra regionlarında o cümlədən Gürcüstanda da bizimlə müqayisədə daha güclü işləyir. Bu tendensiyanın aradan qaldırılması, oradakı soydaşlarımızın rifahının yüksəlməsi barədə Azərbaycan hökuməti zənnimcə daha dərindən düşünməlidir. Ermənistan hökuməti, onun arxasında dayanan qüvvələr, lobbisi buradakı ermənilərə yardımlar edir. Amma azərbaycanlılar yaşayan Borçalıda belə yardımlar çox azdır. Borçalıların təhsil, fənlərlə bağlı ciddi problemləri mövcuddur. Bu hər zaman gündənə gətirilsə də, nədənsə baxılmır”.
Rüfət/Yenicag.az