Gürcüstanda azərbaycanlı ailəyə SİLAHLI BASQIN – İki nəfər qətlə yetirildi – TƏFƏRRÜAT

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, 1992-ci il təvəllüdlü E.A. adlı şəxs bir ailəyə basqın edib.

Ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, həmin şəxs saxlanılıb.

O, ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qəsdən qətlə yetirilməsində və ağırlaşdırıcı hallarda iki və ya da çox ailə üzvünün qətlinə cəhddə ittiham olunur. Onu 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs iyulun 21-nə keçən gecə keçmişdə baş verən münaqişə zəminində 1994-cü il təvəllüdlü Q.P. adlı keçmiş həyat yoldaşı və onun atası, 1969-cu il təvəllüdlü İ.P. adlı şəxsi öz evlərində odlu silahla qətlə yetirib.

Yaralanan şəxslər isə qadının anası və qardaşıdır. Onlar xəstəxanaya çatdırılıb və həyatları təhlükədə deyil.

Qətli törədən şəxs “isti izlər”lə insidentdən bir neçə saat sonra saxlanılıb. Polis odlu silahı maddi sübut kimi müsadirə edib./Report/