Hacıbala Abutalıbov istefa verməyə dəvət olundu
Natiq Cəfərli: “Baş vermiş faciəyə görə BŞİH-i başçısı tərəfindən belə bir addım atılmayıb və atılacağı da gözlənilmir”
Bakının Binəqədi yaronu, Azadlıq prospektindəki 16 mərtəbəli binada çoxsaylı insan ölümü ilə nəticələnən yanğın hadisəsi binanın tikilməsi, istismara verilməsinin məsuliyyəti məsələsini də gündəmə gətirdi. Görəsən, baş vermiş faciəyə görə kimlər, hansı qurumlar cinayət və mənəvi məsuliyyət daşıyırlar?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında baş vermiş olaya görə bəzi qurum rəhbərlərinin cinayət, bəzilərinin də mənəvi məsuliyyət daşıdığını bildirdi: “Yanan bina ilə bağlı müqəssirlərin müəyyən edilməsi üçün tikinti layihəsinin tender əsasında keçirilib-keçirilmədiyi və keçirilibsə hansı əsaslarla keçirildiyi aydınlaşmalıdır. Çünki bu tipli layihələr dövlət sifarişi ilə həyata keçirilib. İlk əvvəldən şəffaflıq təmin olunmayıb, tender qaydaları pozulubsa, məsuliyyət də oradan yaranır. İkinci tərəfdən, həmin üzlükləri istehsal edən şirkətin fəaliyyəti yoxlanılmalı, onun məsuliyyəti təsbit olunmalıdır. Üçüncüsü, bu binada təmir işləri aparan tikinti şirkətinin məsuliyyəti də təsbit olunmalıdır. Bundan sonra isə maddi və mənəvi məsuliyyət məsələsi önə gəlir. Təbii ki, mənəvi məsuliyyət daşıyan insanlardan başlıcası Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. Sivil ölkələrdə bu tipli hadisələrdən sonra mənəvi məsuliyyət daşıyan insan vəzifəsindən istefa verir. Amma hələlik Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən belə bir addım atılmayıb və atılacağı da gözlənilmir. Sertifikatlaşdırma ilə əlaqədar hansı dövlət və hökumət qurumları həmin şirkət və ya istehsal olunmuş maddələrə uyğunluq setrifikatı veribsə, onun hansı yolla əldə olunması da aydınlaşmalıdır. Burada korrupsiya faktları varsa, bu təsbit olunmalıdır. Fövqəladə Hallar Nazirliyinin bu sertifikatı verən qurumları mütləq yoxlanılmalıdır. Bu məsələ ilə bağlı kommersiya qurumlarından tutmuş, dövlət, hökumət orqanlarının hamısına, geniş araşdırmadan sonra bir sıra kommersiya qurumu rəhbərinə cinayət işi açılmalıdır ki, bu bir dərs olsun və çəkindirici funksiya daşısın. Cəzasızlıq mühiti olacaqsa, ancaq şirkətin icraçı direktorunun məsuliyyətə cəlb edilməsi ilə məsələ bağlanacaqsa, belə faciələrdən təəssüf ki, sığortalanmayacağıq. Ona görə də bu hadisənin üstünə ciddi şəkildə gedilməlidir və məsuliyyət daşıyan bütün insanlar cəzalandırılmalıdır”.
Elçin