!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hakimiyyətin 2-ci şəxsinə etibar etmirsiz?” – Fəzail Ağamalıya tərs sual

!Reklam – Yazi

Müxalifət partiyası sədrinin ölkə prezidenti və ya 1-ci vitse-prezidentin İspaniyaya səfər təklifi yeni mübahisələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ötən həftə hakimiyyətə səslənərək, prezident İlham Əliyevin, yaxud da Birinci vitse-prezident Mehriban Əliyevanın separatizmin gücləndiyi İspaniyaya səfər etməsinin vacibliyini qeyd edib.

Partiya sədrinin fikrincə, bəzi mühüm nüanslar İspaniyaya məhz Birinci vitse-prezident Mehriban Əliyevanın səfər etməsini daha da aktuallaşdırır:

“Nəyə görə Birinci vitse Prezident daha uğurlu variantdır:

– İspaniyanın baş naziri Mariano Rahoy statusuna görə ölkəsində ikinci rəsmi şəxsdir. Azərbaycanın Birinci – vitse-prezidentinin də ölkənin ikinci şəxs olması status baxımından vəziyyəti bərabərləşdirər;

– Bizim ikinci şəxsimiz qadındır. Bu gender məsələsi olsa da, yumşaqlıq, sülhpərvərlik, Analıq missiyası kimi təqdim edilə bilər;

– Mehriban Əliyevanın müharibə sahəsində heç bir kəskin bəyanatı, sərt mövqeyi olmayıb. Bu isə danışıqlar və vasitəçilik üçün, Qarabağ probleminin həlli yolunda mühüm keyfiyyət, siyasi-bioqrafik statusdur:

– Qarabağ məsələsinin həm iqtidar, həm də müxalifət üçün birinci dərəcəli məsələ olduğu nümayiş etdirməkdən ötrü bu səfər Azərbaycan cəmiyyətinə çox lazımdır”.

Lakin müxalif siyasətçinin bu təklifi iqtidaryönlü düşərgədə birmənalı qarşılanmayıb. VİP sədrinin məlum çağırışına münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında Birinci vitse-prezident Mehriban Əliyevanın İspaniyaya səfər etməsinə ehtiyac olmadığını deyib:

“Mehriban xanım Azərbaycanın siyasi həyatında kifayət qədər ciddi nüfuz qazanan, ölkə başçısından sonra böyük reytinqi olan bir siyasətçi, dövlət xadimidir. Müharibə, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı ölkə prezidentinin bəyanatları var. Onun bəyanatları əslində dövlətin mövqeyini ifadə edir. Bu mövqe də şübhəsiz ki, Mehriban xanımın mövqeyidir. Mehriban xanımın da mövqeyi ölkə başçısı qədər sərt və birmənalıdır.

Nəzərə alaq ki, bu gün İspaniyada müharibə getmir, radikal xarakter daşıyan qarşıdurmalar yoxdur. Bütün məsələlərin həlli İspaniya qanunları ilə həyata keçirilir. Belə olan halda söhbət hansı sülhdən gedir? Problemlər qarşıdurma həddinə çatmayıb ki, Mehriban xanımın rəhbəri olduğu sülh missiyası Azərbaycan tərəfdən ora göndərilsin”.

Ancaq bu yanaşma ilə razılaşmayan VİP sədri Əli Əlyev onun təklifinə tənqidi yanaşan Fəzail Ağamalının məlum reaksiyasını cavabsız buraxmayıb. Əliyev mövzunu davam etdirərək, AVP sədrinin mövqeyini siyasi qeyri-peşəkarlıq kimi qiymətləndirib:

“Fəzail Ağamalının YAP-ın müdafiəçisi və qeyri-rəsmi təmsilçisi olduğunu bildiyimdən, cavabı iqtidar düşərgəsindən bir reaksiya kimi də qiymətləndirmək olar. İnanmıram ki, bu, sanksiyalaşdırılmış cavabdır. Lakin bu mövqeni hörmətli Ağamalının daha yaxın olduğu hakimiyyət qanadındakı narahatlığın ifadəsi kimi qavrayıram.

Həmin qanada və bütövlükdə iqtidara bildirmək istəyirəm ki, ciddi şəkildə prosesləri izləyin. Məhz belə fərdi maraqlar və qeyri-peşəkarlıqdır ki, Dağlıq Qarabağ mövzusunda bütün seqmentlərdəki üstünlüyümüzə rəğmən, torpaqlar işğalda, vətəndaşlarımız əsirlikdədir, ya da ki, məcburi köçkünlük və qaçqınlıq taleyi yaşayırlar.

“Bizimkilər nüfuzlarını qorusunlar, Qarabağ azad edilməsə də, ədalət bərqərar olmasa da, korrupsiya çiçəklənsə də olar”, – deyib, hətta hakimiyyətin İkincisinə belə etibar etmirsiniz.

Hörmətli Ağamalı bilsin ki, Kataloniya məsələsi, Avropada separatizm meylləri hələ indi-indi cücərir. Böyük Britaniyada Uels, Şotlandiya, Şimali İrlandiya, Belçika, İtaliyanın problemli əraziləri, Serbiya və Bosniya, Almaniya və Fransa arasındakı vəziyyət hələ gərginləşmə potensialını qorumaqdadır. Kataloniyalılar isə 3 həftədən sonra bir daha seçkilərdə müstəqillik istəklərini ortaya qoyacaq və İspaniya yeni gərginlik fazasına daxil olacaq. Bunları bilmək deputatın sadəcə olaraq peşə və status vəzifəsidir”.

A.Zeynalov

COP29

www.yenicag.az

2639
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv