Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçı qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən ağdamlıların kapitanı Rəşad Sadıqov həm aldığı qırmızı vərəqə, həm də oyunla bağlı jurnalistlərin suallarına cavab verib.
– Qarşılaşma barədə fikirlərinizi bilmək maraqlı olar…
– Oyunu iki hissəyə bölmək olar. Qırmızı vərəqəyə qədər və ondan sonra. Həmin epizoda qədər hər şey nəzarətimizdə idi, ancaq bir anda hər şey pozuldu.
– Həmin an hakimə nə dedin?
– Dedim ki, penalti verirsən, heç olmasa, “qırmızı” vermə.
– Razılaşmaq olar həmin qərarla?
– Mən qərarları anlaya bilmirəm. Həm deyirlər ki, penalti verirsənsə, “qırmızı” vermə, həm də deyirlər ki, son ümid folu olduğu üçün penalti idi. İkimiz də topa getdik, bir az tutub, buraxdım. Penalti deyək ki, var idi, qırmızı vərəqə çox ağır qərar idi, məncə. Qaranın epizodnunda da çox asan penalti verdi. Elə penalti olur? Onda gərək bütün oyun ancaq cərimə zərbəsi olsun.
– Etiraf edirsən ki, “Qarabağ” bəxtsiz komandadı?
– Avrokuboklarda hakimlər bizə qarşı çox sərt mövqe tuturlar. Komanda onsuz da məğlub olur, 10 nəfərlə qalmışıq, ikinci penaltini niyə verirsən ki? Hələ belə ayaqüstə verilən penalti görməmişdim.
– “Roma” ilə oyun barədə nə düşünürsən?
– Çətin səfər matçı olacaq. Bu gün qələbə qazanmağı çox istəyirdik. Ancaq alınmadı. Səfərdə də sona qədər mübarizə aparacağıq, əlimizdən gələni edəcəyik.
www.yenicag.az