“Hər ay 400-500 min avro edən, …”
Güllə ilə vurulduqdan sonra hələ də sağlamlığını bərpa edə bilməyən Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs bir neçə il bundan əvvəl baş verən hadisədən danışıb.
Vurulduğu anı belə anladan İbrahim Tatlısəs baş verənlərdən şok keçirdiyini söyləyib: “Vurulduğum günü çox gözəl xatırlayıram. Maşının içində idim. Arxaya döndüm ki, verilişlə bağlı İpək xanımdan bir söz soruşum. Atəş açılan maşının içindəki insanları görmədim. Həmin maşın sürətlə yanımızdan keçdi. Uca bir səs eşitdim. Sonrasında isə sanki qanımın “şıp-şıp” səsini eşidirdim. Bilmirəm, bəlkə də o mənim başımın içindən axan bir qan idi, ya da mənə elə gəlirdi. Bəlkə də o qədər çox qan itirirdim ki, bu mənə belə gəlirdi. Xatırladığım tək şey beynimin içində daha çox səslənən o səs idi. İkinci güllə isə burnumun ucunu sıyırıb İpək xanımın boğazına dəydi. Maşının içində ən çox axan qan İpək xanımın qanı idi. Xəstəxanaya gedəndə həkimlər “İlk olaraq İpək xanıma müdaxilə edin” deyə qışqırırdılar.
Çünki o daha çox qan itirirdi. Gözlərimi açanda gördüm ki, başımın üstündə həkimlər dayanıb, onlar söyləyirdilər ki, “əgər bizi eşidirsinizsə, bir reaksiya verin”. Bu, dəhşət idi. Mən onları çox yaxşı eşidirdim, ancaq heç nə edə bilmirdim, çırpınırdım. O vaxt qoluma bir şlanq taxdılar. Məni ən çox incidən həmin o şlanq oldu. Şlanq məni o qədər incidirdi ki, dişlərimlə onu çıxarmağa çalışırdım. Ancaq heç kim məni anlamırdı. Nəhayət, oğlum Əhməd məni başa düşdü və qolumdakı şlanqı çıxardı. Hesab etdim ki, üzərimdən böyük bir yük qalxdı, xeyli rahatlandım. Həkimlərdən bir qələm istədim. Qeyri-ixtiyari kağıza qızımın adını – Mələk yazmışdım. Hələ indi də anlamıram ki, nə üçün mən məhz Mələyin adını yazdım. Yəqin qızım Mələk Zübeydədən narahat olmuşam.
O güllə mənə 40-50 milyon dollara başa gəldi. Vurulduğumdan bəri bütün pullarım həkimlərə gedir. Təsəvvür edin ki, hər ay 400-500 min avro edən bir çarpayıdan söhbət edirəm. Bundan başqa, müalicə xərclərim də az deyil. Almaniyadakı xəstəxananın sadəcə yataq xərci günlük 2 min avro idi. Bundan sonrasını özünüz düşünün. Bu qədər xərclər, sıxıntılar üst-üstə gələrkən maliyyə cəhətdən problemlər yaşadıq. Nə yaxşı ki, artıq çətinliklər geridə qalıb. Allahın köməkliyi ilə yenidən ayağa qalxacağam”.