Elxan Şahinoğlu: “Bu halda münaqişə yenidən alovlanacaq”
Mais Gülalıyev: “Rusiya regionda möhkəmlənmək üçün müəyyən tədbirlər planına malikdir ki, onun da əsasında sülhməramlı qüvvələrin yerləşdirilməsi durur”
Bir sıra ekspertlərin fikrincə, iyun danışıqlarında pozitiv nəticələrin əldə olunması üçün Minsk qrupunun həmsədr ölkələri Ermənistana müəyyən təzyiqlər edə bilər. Amma indiyə kimi onlar tərəfindən işğalçıya münasibətdə təzyiq elementlərinin şahidi olmamışıq.
Görəsən, işğalçıya münasibətdə həmin təzyiqlər göstərilməsə, iyun ayından sonra Qarabağ münaqişəsi ətrafında hansı vəziyyət yaranacaq? Bu fonda hərbi əməliyyatların yenidən bərpa edilə bilərmi?
Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, iyun görüşündə həmsədr ölkələr Ermənistana ciddi təzyiq göstərib, onu konstruktiv mövqeyə gəlməyə vadar etməsələr, yaranmış vəziyyətdə münaqişə yenidən alovlanacaq: “Minsk qrupunun həmsədr ölkələri Ermənistanı indiki mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa belə məcbur edə bilmirsə, düşünürəm ki, iyunda prezidentlərin görüşünün baş vermə ehtimalı da getdikcə azalacaq. Artıq iyun ayındayıq. 30 gün sonra prezidentlər görüşməlidir. Masa üzərində təkliflər yoxdursa və bu təkliflər danışıqlar prosesini irəli apara bilmirsə, burada prezidentlər görüşərək nəyi müzakirə edəcəklər ki? Deməli, iyun görüşündə də nəticə olmayacaqsa yenidən vəziyyətin gərginləşəcəyinin şahidi olacağıq. Hazırda cəbhə bölgəsində nisbi sakitlikdir, hər iki tərəf atəşkəsə riayət edir. Amma iyundan sonda danışıqlarda nəticə hasil olmasa vəziyyətin indiki durumda qalacağını söyləmək çətindir”.
Politoloq Mais Gülalıyev isə əksinə düşünür ki, iyun görüşündə nəticə əldə olunmasa belə, cəbhə zonasında ciddi qarşıdurmalar olmayacaq: “Fikrimcə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana konstruktiv mövqeyə gəlmək üçün elə bir təzyiq göstərməyəcəklər. Sadəcə olaraq onlar ona çalışacaq ki, danışıqlar davam etdirilsin. Çünki Minsk qrupunun mandatında münaqişədə olan hər hansı bir tərəfə təzyiq etmək səlahiyyəti yoxdur. Bu qurum ancaq məşvərət xarakterli bir qurumdur. Ona görə də həmin qurumun konstruktiv mövqeyə gəlməsi üçün Ermənistana təzyiq edəcəyindən söhbət gedə bilməz. Ancaq məsləhət verən qurum kimi tərəfləri razılığa gəlməyə, atəşkəs rejiminə riayət etməyə sövq edə bilərlər. İyun danışıqlarından sonra da nəzərimcə, cəbhə zonasında heç bir ciddi qarşıdurma gözlənilmir. Çünki məsələnin həlli üzrə əsas addım atılmaq istiqamətində gedir. O da Rusiya ilə bağlıdır. Rusiya regionda möhkəmlənmək üçün müəyyən tədbirlər planına malikdir. Yəqin ki, həmin tədbirlər planının tərkibində nələrin olduğu yaxın gələcəkdə bəlli olacaq. İlk baxışdan hiss olunur ki, həmin tədbirlər planında əsasən sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi durur. Bu istiqamətdə ola bilsin Rusiya hansısa addım atsın. Amma Minsk qrupundan hər hansı addım gözlənilmir”.
Elçin/Yenicag.az
www.yenicag.az