“Müxtəlif qeyri-qanuni üsullarla hərbi xidmətdən yayınanların narahat olmaqları üçün kifayət qədər ciddi əsaslar var”.
Bunu sosial şəbəkələrdə hərbi xidmətə yararsız olanların yenidən yoxlanacağı ilə bağlı gündəm olan xəbərlərə münasibətini bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, əvvəllər də, yəni sülh dövründə xidmətə yararsız olanlar 3 ildən bir müvafiq yoxlamalardan keçirdilər:
“Lakin bu yoxlamalar zamanı əvvəllər biz kifayət qədər neqativ hallarla qarşılaşırdıq. Gələn ildən isə həm hərbi xidmətə yararlılıq məsələsinin, həm də sülh dövründə xidmətə yararlı hesab edilənlərin yararlılıq dərəcəsinin yenidən qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.
Odur ki, daha əvvəl hərbi xidmətə yararsız olanlar 3 ildən bir agentlik tərəfindən təkrar şəhadətləndiriləcək. Və onların hərbiyə yararlı olub-olmaması barədə qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti komissiyasına təqdim ediləcək.
Müxtəlif qeyri-qanuni üsullarla hərbi xidmətdən yayınanların narahat olmaqları üçün kifayət qədər ciddi əsaslar var. Həmin şəxslərin daha dərin və diqqətlə yoxlanılacağına tam əmin ola bilərik.
Belə olan halda müxtəlif yollarla bu günə qədər hərbi xidmətə göndərilməyənlərin də növbəti çağırış kampaniyalarında hərbi xidmətə yola salınacaqları gözlənilir”.
Nəsimi Ələsgərli
www.yenicag.az