“Həyat sığortası” ilə bu dünyadan “rəhmət” aparaq...

media-hightechnic-468x90

İnsan ağlı kəsəndən özünə təminatlı gələcək, gözəl həyat arzulayır. Bunun üçün çalışır, zəhmət çəkir, özünü təkmilləşdirir. Sonra ömrünün ən maraqlı səhifəsi başlayır: ailə, övlad və … qayğılar. Əslində, insanı mətinləşdirən də, onu müdrikləşdirən də elə bu qayğılar, bəzənsə problemlərdir.

media-whatsapp-gorsel-2025-06-03-saat-16-14-16_ece5e100

İnsan həyatı problemlərdən xali deyil. Hansısa işimizi daha yaxşı görmək, istər biznesimizi, istərsə də özümüzü inkişaf etdirmək, püxtələşdirmək istəyiriksə məsələnin kökündə dayanan maddi problemlər sözsüz ki, sıxıntı yaradır, beləcə çıxış yolları axtarmağa başlayırıq. Bu halda köməyimizə kreditlər çatır. Bu gün ölkədə krediti olmayan çox az insana rast gələrik. Hətta deyərdim ki, bütün dünyada belə ən məşhur iş adamlarının kreditorlara külli miqdarda borcları var. Amma bu, onları narahat etmir. Düşünürəm ki, bizi də narahat etməməlidir. Sadəcə, məsələnin hüquqi tərəfini bilsək, kreditlərin əslində dar macalda necə əlimizdən tutduğunun şahidi olarıq. Düzdür, faiz dərəcələri yüksək olan banklar var. Amma əlverişli şərtlər və kampaniyalardan yararlandıqda heç nə itirmədiyimizin, əksinə, problemlərdən xilas yolunun məhz elə kredit olduğunu görürük.

Kreditdən söz düşmüşkən, şahidi olduğum bir məsələni qeyd etmək istərdim. Yaxın bir qonşumuz vardı. Səyahəti çox sevirdi. Hər yay yoldaşı ilə xaricə gedirdi. Ötən il ürək tutmasından dünyasını dəyişdi. Ölümündən sonra məlum oldu ki, banka 25  min manat borcu var və bu borcu hər ay 800 manat olmaqla ödəmək lazımdır. Borc da qızlarının boynuna qaldı. Çox acınacaqlı vəziyyət yaranmışdı. Amma başqa yol yox idi. Çünki mərhum kredit götürərkən “Həyat sığortası” bəndini görməzdən gəlib, ya da bu bəndin nə qədər vacib olduğunu anlamayıb. Açığı, gördüyüm mənzərə, qonşu qızlarının çarəsiz vəziyyəti mənə pis təsir etdi və bir jurnalist kimi məsələnin mahiyyətini ətraflı araşdırmaq qərarına gəldim. Çünki mən özüm də anayam və övladlarımın gələcəkdə belə problemlə üzləşməklərini istəmərəm.

Beləcə, öyrəndim ki, Azərbaycanda aparılan statistikaya əsasən, istehlak kreditləri götürən əhalinin 95 faizinin Həyat sığortası yoxdur. Statistikadan da göründüyü kimi, kredit borcuna girən şəxslər üçün bu sığortaya maraq olduqca aşağıdır.

Ölkəmizdə əmlak alışı üçün nəzərdə tutulan ipoteka krediti götürülən zaman həyat sığortası mütləq sayılır ki, buna da ciddi məhəl qoyulmur. Bəs görəsən əhalinin bu sığorta növünə marağı niyə azdır? Ekspertlərin sözlərinə görə, kredit rəsmiləşdirilən zaman orada nağdlaşdırma ilə bağlı komissiya, illik faizləri nəzərə alanda və üstəlik də sığorta ödənişi borclanan üçün çox böyük xərclər yaradır  faiz dərəcələrinin çoxluğu “Həyat sığortası”ndan vaz keçməyə səbəb olur. Təklif olunur ki, borcalan üçün hissə-hissə sığorta ödənişi aktuallaşmalıdır. Bu ödənişlər aylara bölünərsə, müştəri üçün çox böyük xərc görünməyə bilər.

Qeyd edim ki, istehlak krediti götürən zaman Həyat sığortası könüllüdür. Yəni krediti götürən insan Həyat sığortasına razılıq verirsə, ölüm və əlillik kimi risklər zamanı krediti ailə üvzləri deyil, əkisnə, həmin vətəndaşın “Kredit həyat sığortası” növü üzrə sığortalandığı sığorta şirkəti qarşılayır və banka ödəyir. Başqa sözlə, bu sığorta növü dünyasını dəyişmiş borclunun ailəsini və yaxınlarını banka olan borca görə məsuliyyət daşımaqdan azad edir. Bu baxımdan istehlak kreditlərinin sığortalanması sığortaçılar üçün də əlverişlidir. Həmçinin istehlak kreditləri digərlərindən daha riskli olduğu üçün bu, banklar üçün də faydalı olardı.

Mənə görə, bu sığorta növü kredit götürən insanı ailəsini, doğmalarını bir daha düşünməyə vadar edir. Deyirlər, həyatda heç kim heç nədən sığortalanmayıb. Amma bu məsələdə yanılırıq axı … Həyat sığortasına ciddi yanaşsaq, demək doğmalarımızı borcdan sığortalamış oluruq. Onsuz da hərə öz qayğısının əsiridir. Biz də doğmalarımızı borcların köləsinə çevirməyək. “Həyat sığortası” ilə bu dünyadan “rəhmət” aparaq.

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçüz yazılıb.

Zakirə Zakirqızı

Xəzər TV

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600