“Heydər Əliyevə məruzə edəndə həmin süngü-bıçaq əlimdə idi” - Keçmiş kəşfiyyatçı danışdı - MÜSAHİBƏ
1994-cü il yanvarın 5-də həyata keçirilən Horadiz əməliyyatı ard-arda məğlub olan Azərbaycan Ordusuna uğur gətirdi. Bu döyüş nəticəsində Azərbaycan əsgəri məğlub tərəfdən qalib tərəfə çevrildi. Horadiz əməliyyatının uğurlu alınmasının arxasında isə Azərbaycan hərbçilərinin peşəkarlığı, zəhməti və əzmkarlığı dayanırdı. Bu döyüşdə ermənilərin zəif nöqtələrinin tapılmasında kəşfiyyatçı İlham Ağalarovun zəhməti az olmayıb. Yeniçağ.az saytı Horadiz əməliyyatının canlı şahidi olan keçmiş kəşfiyyatçı İlham Ağalarovun müsahibəsini təqdim edir.
-İlham müəllim, Qarabağ müharibəsində yaddaqalan Horadiz əməliyyatının uğurlu alınmasının səbəbi nə idi? Əməliyyata hazırlıq necə oldu?
– Horadiz əməliyyatının hazırlanması təsadüfi deyildi, amma uğurlu alınması zərurətdən irəli gəlirdi. Lakin bizim anlamda bu əməliyyat təsadüfidir. Çünki bu əməliyyatın tarixi 1993-cü il dekabrın 16-da ümimmilli lider Heydər Əliyevin Seyfəli poliqonuna gəlməsindən başlayırdı. Həmin vaxt 702 saylı briqada olaraq, artıq 30 gün idi ki, həm formalaşma, həm də təlim-məşq keçirirdik. Bizə axşam saatlarında bildirdilər ki, Prezident Heydər Əliyev poliqona gələcək. Açığını deyim ki, ulu öndərin bizim əlahiddə kəşfiyyat bölüyünün məşqlərinə baxış keçirtməsi planda yox idi. Bölükdə təpələrin arasında özünə yer seçmişdi və öz təlimlərini davam etdirirdi. Düzdür, biz həmin vaxt dağlarda taktiki təlimlər keçirtdik, sadəcə əmr verilmişdi ki, Heydər Əliyevin gəlişi ilə poliqon daxilində məşqlər keçək. Həmin vaxt qeyd etdiyim kimi əlbəyaxa döyüş üzrə məşq edirdik. Həm də müharibədən əvvəl idman üzrə məşqçi olduğum üçün bu döyüş növü mənə çox idi. Yeganə fərq o idi ki, gizirə verdiyim tapşırıqla səhər uşaqlara təzə hərbi forma verilmişdi. Ali Baş Komandana göstərmək üçün başqa taburların, bölüklərin hazırlığı aparılmışdı.
Həmin vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov, döyüş hazırlığı üzrə nazir müavini keçmiş müdafiə naziri Tacəddin Mehdiyev, 702 saylı briqadanın komandiri polkovnik-leytenant Şair Ramaldanov idi. Tacəddin Mehdiyev döyüş və kəşfiyyat birliklərinin kuratoru olduğu üçün məni və bizim bölüyü yaxşı tanıyırdı. Məhz dekabrın 16-da şahidi olduq ki, Heydər Əliyevi aldatmaq, nəyi isə göstərmək mümkün deyil. Deməli, ulu öndər baxış üçün hazırlanmış bölüklərin qarşısından dayanmadan baxa-baxa keçdi. Eyni zamanda poliqonun müşahidə qüllərindən gedən hazırlıq məşq toplantılarını izlədi. Hesab edirəm ki, onun dayanmamasının əsas səbəbi ordu quruculuğu və digər məsələlərlə bağlı fikrilərin olması ilə əlaqəli ola bilərdi. Hiss olunurdu ki, mərhum prezidenti nə isə qane etmirdi. Ona görə də heç bir taburun, bölüyün yanında dayanmır, eləcə gedir. Birdən əsgərlərimdən biri Heydər Əliyevin bizə tərəf gəldiyini dedi. Biz o qədər uzaqlıqda idik ki, gözləməzdik kimsə yanımıza gələr. Elə bu anda Tacəddin Mehdiyev başqa bir tərəfdən mənə yaxınlaşıb, Ali Baş Komandana məruzə etməyimi tapşırdı. Düzü rütbə baxışmdan kiçik olduğum üçün bir az tərəddüd etdim. Həmin vaxt kiçik leytenant idim. Prezident yaxınlaşanda ona məruzə elədim və kənara çəkildim. Elə bildim ki, bu məruzədən sonra Heydər Əliyev baxıb, keçib gedəcək. Amma onu deyim ki, məruzə zamanı bir səhv elədim, “əlbəyaxa” sözünü rusca dedim. Çünki həqiqətən gözlənilmədən o bizə tərəf gəlmişdi. Ulu öndər də heç nə demədi və əsgərlərin məşqlərinə xeyli baxdı. Düzü biz də özümüzü itirmişik ki, Heydər Əliyev niyə bu qədər dayandı. Bir müddətdən sonra Ramaldanov önə çıxdı və birinci qrupu başqa məşq toplantısına getməsi üçün əmr verdi. Heydər Əliyev də bir az qabağa gəlib digər qrupa baxdı. Ramaldanov yenə qrupa əmr etdi və beləcə ulu öndər bütün qrupun məşqini yaxından izlədi. Poliqon boyunca, heç kimə, heç hara baxmayan Heydər Əliyev 45 dəqiqə bizim bölüyün məşqinə baxdı. Həmin vaxtda bizim bölükdə 54 nəfər var idi. Bir məqamı da qeyd edim ki, Heydər Əliyev yaxınlaşanda əsgərlərlə məşq edirdim və əlimdə süngü-bıçaq var idi. Özümü elə həyacanlamışdım ki, Heydər Əliyevə məruzə edəndə həmin süngü-bıçaq əlimdə idi. Ali Baş Komandan daha Seyfəli poliqonundan Gəncəyə getmişdi və orada 702 saylı briqadının hazırlığını keçirdiyi müşavirədə yüksək qiymətləndirmişdi. O vaxt Şair Ramaldanova ulu öndər məhz bizim bölüyün yüksək səviyyədə olmasını əsas götürərək məsul vəzifə tapşıracağını demişdir. Biz həmin vaxt heç bilmirdik ki, bizi Horadizə, Kəlbəcərə və yaxud başqa bir yerə göndərəcəklər.
– Sonra əməliyyat necə başladı?
-9 gün sonra bizi Daşburuna gətirdilər. Bura gələndə artıq Füzuli cəbhəsində hücum tapşırığımız verilmişdi. Təbii ki, ərazini yaxşı tanıyırdıq. Çünki Horadizdən noyabrın 16-da didərgin düşmüşdük. Tapşırığımız belə idi ki, düşmənin arxasına keçib, oradakı canlı qüvvə və hərbi texnika barədə məlumat toplamalıydıq. Buna görə də mən düşmənin arxasına keçmək üçün keçid, hərbi dillə desək, “yaşıl cığır”ı tapmalıydım. Komandirin tapşırığı ilə Kürdmahmudlu kəndi tərəfə getməliydim. Həmin vaxt ora 777 saylı hərbi hissənin nəzarətində idi. Bu hərbi hissənin komadiri Milli Qəhraman Rövşən Əkbərov idi. Onunla da yaxşı münasibətimiz var idi.
Qeyd edim ki, 1993-cü ildə Kürdmahmudluda onunla birlikdə bir neçə əməliyyat keçirmişdik. Kürdmahmudluda diqqət elədim ki, buradan düçmən ətrafına keçmək alınmır. Geriyə qayıtdım və Şair Ramaldanovdan xahiş etdim ki, düşmənin arxasına keçmək üçün keçdi özüm tapacam. Çünki 1993-cü il noyabr ayının əvvəllərində ermənilər Böyük Bəhmənlini iki dəfə işğal etmişdi və həmin ərəfədə Araz çayının qırağı ilə Horadiz istiqamətində düşmənin arxasına iki dəfə keçib qayıtmışdım. Düzdür, ermənilər ərazini minalamışdır. Amma Araz çayının qırağında bizim sərhədçilərimiz dayanırdı və təbbi ki, bizim tərəfdən də sərhəd boyunca minalar basdırılmışdır. Buranın bir özəlliyi var idi. Araz çayının qırağı hər zaman, hətta sovet dövründə SSR- ilə İranın sərhəd zonası hesab olunub. Rəsmi olaraq, dövlət sərhəddi Araz çayının ortasından keçirdi, amma ondan bir neçə kilometr kənarda tikanlı məftillər qurulub. Sərhədçilərdən başqa heç kim həmin tikanlı məftillər tərəfə getməyib və orada da keçilməz “cəngəllik” əmələ gəlmişdi. İnsan ayağı dəymədiyi üçün digər heyvanlarla yanaşı, qabanlarda çoxluq təşkil edirdi. Vəhşi qabanlarında bir xasiyyəti var ki, yerdə nə basdırılır, onu eşib çıxarırlar. Ermənilər də həmin yerə neçə dəfə mina basdırmışdılarsa, xeyri olmamışdı, qabanlar hər dəfə minaya düşüb onu partladırdılar. Ona görə də ermənilər bu ərazidə mina basdırmaqdan vaz keçmişdilər. Azərbaycan sərhədçiləri isə əllə idarə edilən minalardan istifadə edərək təhlükəsizliyi təmin etmişdilər. Düşmənin arxasına keçmək üçün məhz həmin “cəngəllik”dən istifadə etdim. Onu deyim ki, “yaşıl cığır”ı tapmaq hər kəşfiyyatçıya nəsib olmur. Çünki elə olub ki, biz düşməninin arxasına keçmək üçün aylarla keçid axtarmışıq. Hətta elə olub ki, bölüyün əsgərləri pusquya düşüblər.
-Düşmənin arxasına keçə bildinizmi?
-Dekabrın 28-də həmin “yaşıl cığır” vasitəsilə keçdik düşmən tərəfə. Bu yol vasitəsilə Yağlıvənd və Kərimbəyli kəndləri arasından Bakı-Laçın yoluna çıxa bildik. Ərazini öyrəndik, düşmən qüvvəsi barəsində lazımi məlumatı topladıq və geri qayıtdıq. Sonra bununla bağlı komandanlığa məruzə elədim. Sonra tapşırıq belə oldu ki, daha geniş ərazidə-Şükürbəyli, Aşağı Əbdürrəhmanlı, Füzulinin Babı, Araytlı və Kərimbəyli kəndləri daxil olmaqla, düşmən haqqında ətraflı şəkildə kəşfiyyat materialı toplansın. Amma Horadiz məsələsi yox idi. Çünki Horadiz cəbhə xəttindən uzaqda olduğu üçün bizim fəaliyyət əhatəmizə düşmürdü. Həmin dövrdə Horadiz düşmənin operativ zonasında yerləşirdi. Burada həm də bir məsələ var ki, düşmənin arxasına keçəndən sonra kim biləcəkdi Horadizə getmişəm, ya yox?! Həm də Horadizə getmək fikrim var idisə belə, onu əsgərlərimə bildirmirdim.
Kəşfiyyat bölüyündə 44 nəfəri ayırdım. Yəni, 5 pulemyotçu, minaatan və onların köməkçilərini ayırdım, 20 nəfər atəş dəstək qrupu yaratdım. İki nəfəri sərhəddə rabitəçi saxladım. Ümumilikdə, 42 nəfərlə cəbhə xəttini keçdim. Yağlıvənd, Kərimbəyli, Babı. Araytlı, Şükürbəyli, Əbdürrəhmanlı kəndlərinin hər birində oldum. Haradasa, ayın 2-də Horadizə gəlib çatmışdıq. Mən dəstəni Pabıq Zavodunun ərazisində saxladım. Orada gördüm ki, Maralyan kanalında suyun qarşısını torpaqla doldurublar və kanalın suyu Bakı-Naxçıvan dəmiryolunun Horadiz hissəsinə qədər gedib çıxıb. Zavodunda həyətindəki üzümlük də suyun içərisində idi və əsgərlər də orada dayanmışdı. Deməli mən də 7 nəfərlə Horadizə girdim və detallı şəkildə kəşfiyyat apardım. Hətta öz evimizə belə getdim. Biz yanvarın 4-də səhər tezdən cəbhə xəttini keçərək öz mövqelərimizə qayıtdıq. Haradasa, 5-6 günlük səfərimiz oldu və Azərbaycan hərb tarixində bundan uzaq kəşfiyyat səfəri hələki yoxdur. Həmin gün Şair Ramaldanov mənə Horadizdə əməliyyat keçirib, oranı götürməyi təklif elədi. Bunun üçün kifayət qədər əsgərimin olmadığını dedim. O lazımi hərbi qüvvə verəcəyini, ancaq əməliyyat keçirilməsi üçün fikirləşməyimi lazım bildi. Çünki plan belə idi ki, biz Horadizin içərisində təxribat yaratmalıydıq, bütün qoşun qüvvələri isə hücuma keçməli idi. Mən buna əvvəlcə razılıq verdim, amma sonra da peşman oldum. Çünki kəşfiyyatın sirlərini bilməyən əsgərlərlə yola çıxmaq çox təhlükəlidir. Onlar işarələri, manevr qaydalarını və başqa məsələləri bilmirlər. Füzulinin ləğv edilmiş batalyonlarının və keçmiş Zəngilan bölüyünün əsgərlərini mənim əmrimə verdilər. Zəngilan bölüyünün komandiri Səhyəddin Namazaovla indi də əlaqəm var.
Hücüm planına əsasən Zəngilan bölüyü Horadizin yuxarısında və əlavə qüvvələr isə Şükürbəyli kəndi tərəfdə özünə mövqe tutmalıdır. Yanvarın 4-ü axşam saat 6-da mən hərbi qüvvələrlə Horadizə tərəf istiqamət aldıq. Səhər tezdən 7-ə qalmış əsgərlər öz mövqelərini tutmağa başladılar. Həmin vaxt Horadizin girəcəyində düşmənin ikinci eşalon haubitsa batareyası yerləşirdi və onların əsgərləri fermada yatırmışlar. Gecə 2 dəfə o ərazindən keçmişik, nə biz onları görmüşük, nə də onlar bizi. Zəngilan bölüyü Horadizdəki yüksəkliyə yerləşməyə başladı. Bu zaman keşikçi qülləsində olan erməni əsgəri bizi gördü və “ördək səsi” ilə işarə verdi. Plana əsasən əməliyyat saat 7-də başlamalı idi, lakin ermənilər xəbər tutduğu üçün 06:54-də əməliyyatın başlanmasına əmr verdim. Hava qaranlıq olduğu üçün erməni tankının atdığı mərmi bizdən yan keçdi. Lakin biz tanka qarşlıq verdikdə tank geri dönüb öz mövqeyinə çəkildi. Sonra həmin tank zədələnmədən Azərbaycan ordusuna qaldı. Artıq hava işıqlandıqda gördük ki, cəsədlər, toplar qalıb. Yaralıları isə götürüb Aşağı Əbdürrəhmanlıya tərəf qaçıblar. Özüm həmin vaxt 11 erməni cəsədini saymışdım. Ərazini Zəngilan bölüyünə təhvil verib Horadizə girdik. Üstümüzdəki artıq ləvazimatları bir yerə qoyub Laçın yolunun üstündə yerləşən yol polisi məntəqəsinə yaxınlaşdıq. Deməli, döyüşün başlanması ilə Qubadlıdan hərəkətə keçən ermənilərin Gorus briqadası gəlib yolda dayanıb, amma biz tərəfə keçə bilmirlər. 20 nəfərlə arxadan bunlara hücum elədik və ermənilər pərən-pərən düşdülər. Burğa dərəsi ilə kənd Horadizə tərəf qaçdılar. Orada bir UAZ markalı komandir avtomobili dayanmışdı. Arxasında da 5 guşəli ulduz var idi və mən ona tərəf bir neçə dəfə atəş açsamda maşın ərazidən uzaqlaşdı.
Çox maraqlıdır ki, indiyədək Horadiz döyüşündəki bu hadisə indiyədək yuxuma girir. Horadizədəki neft bazada qarşımıza Xankəndindən olan milislər çıxdı və biz onların biriniz zərərsizləşdirdik, digərini isə əsir götürdük. Su bəndinə tərəf hücuma keçəndə orada 4 müzdlu rus hərbçisi ilə qarşılaşdıq. Ermənilər də xeyli itki veriblər. Elə bir vəziyyət yaranıb ki, sanki arı pətəyinə çöp salmısan. Təsəvvür edin edin ki, ermənilər şinelini, kitelini əynindən çıxarıb qaçırdı. Saat 02:30-da ərazini Daxili Qoşunların tərkibində döyüşən Füzuli rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verdim. Bizim əməliyyat təxminən 8 saat çəkdi və bu vaxt ərzində 30 kilometr irəlilədik. Amma ilk plana görə 4 saat ərzində əməliyyat yekunlaşmalı idi.
-Horadizdən əvvəl və sonra da kəşfiyyata getmisiz. Həmin dövr üçün danışanda bəzən deyirlər ki, bir çox hallarda nəyin isə qarşlığında xəyanətkarlıqlar olub. Belə bir halla rastlaşmısınızmı?
-Düzü bu barədə nə eşitmişəm, nə də görmüşəm. Düşmən adama pul verər? Yalan söhbətdir. Həmin dövrdə başıpozuqluq, intizamsızlıq, məsuliyyətsizlik olub, amma xəyanətkarlıq olmayıb.
-Horadizə qədər hansı istiqamətdə kəşfiyyatda olmusuz?
-Laçın, Qubadlı və Ağdərədə kəşfiyyat fəaliyyətim olub. Horadizdən sonra Xocavənd və Cəbrayıl istiqamətində kəşfiyyata getmişəm. Sonra atəşkəs elan edildi və onun ardınca bir müddət kəşfiyyatı dayandırdılar. Lakin 1995-ci ildən kəşfiyyat əməliyyatları bərpa olundu. Həmin vaxt artıq hərbi korpusun kəşfiyyat bölüyünə başçılıq edirdim.
-Aktiv döyüş əməliyyatları dövründə kəşfiyyatçıların fəaliyyət istiqamətindən biri də düşmən tərəfdən əsir almaqdır. Kəşfiyyatçı olaraq, belə əməliyyatlarda iştirak etmisinizmi?
-Kəşfiyyatda bir məqsədyönlülük deyilən bir məsələ var. Yəni, döyüş və ya əməliyyat konkret məqsədə xidmət edir. Amma bizə konkret şəkildə əsir gətirmək göstərişi verilməyib. Elə olub ki, əməliyyat şəraitinə uyğun olaraq əsir götürdüyümüz ermənini azərbaycanlı əsir və ya girovla dəyişmişik. Bir sıra hallarda düşmən tərəf biz də olan ermənidən imtina edib. Çünki ermənilər bizə siyahı verirdi, amma o siyahı da olanları tapa bilmirdik.
-Niyə tapmaq olmurdu?
-Çünki bir çox halda döyüşdə öldürülən və meyiti bizim tərəfimizdə qalan ermənilərin üzərində sənəd olmurdu. Məsələn, meyitin üzərindən çıxan yol vərəqəsindən bilirdik ki, bu sürücüdür. Əksəriyyət erməni meyitlərinin üzərində sənəd olmurdu.
-Heç olubmu ki, ermənilər öldürülən ermənilərin meyitindən imtina edib?
-Əlbəttə olub, həmin meyitləri biz özümüz basdırmışıq. Meyitlərin dəyişdirilməsi zamanı azərbaycanlılara qarşı qeyri-insani rəftarın şahidi olurduq. Düşünürəm ki, nə azərbaycanlılar, nə də ermənilər belə addım atmamlıdırlar. Bizdə də belə hadisələr olub. Bu da ondan qaynaqlanırdı ki, özbaşınalıq idi. Yaxşı yadımdadır ki, 1992-ci ilin avqustun 15 erməni kəndi olan Məlikcanlını 20 nəfərlə hücum edib aldım. Heç həmin kəndi1918-ci ildə Qafqaz İslam Ordusu ala bilməmişdi. Həmin vaxt kəndi əlimizdə saxlamaq üçün kömək gəlmədi və biz də geri çəkildik. Yəni, yiyəsizlik idi. O yiyəsizliyi yaradanların çoxuna da “Milli Qəhrəman” adı, orden, medal, hətta general rütbəsi verirdilər.
-Kəşfiyyata gedərkən olubmu ki, azərbaycanlı əsirlər barədə məlumat əldə edəsiniz, ya da sağ görmüş olasınız?
-Xeyir, mən sağ olaraq heç bir azərbaycanlı əsiri görməmişəm.
-90-cı ilərlə indiki Azərbaycan Ordusu müqayisə etsək, fərqlər nə ola bilər?
-O dövrdə Horadiz əməliyyatı üçün mən 54 nəfəri hazırlaşdırmışdım. İndi isə bizdə yüzlərlə kəşfiyyat sahəsində hazırlıqlı əsgərlərimiz var. Bugünkü kəşfiyyatçılarımız yeksək peşəkarlığı ilə Xankəndinə, İrəvana qədər gedər və sağ-salamat geri qayıdar.
O vaxtlar hərb deyilən bir şey yox idi. Sadəcə, vətənpərvərlik hissi vardı. Özbaşınalıq, yiyəsizlik baş alıb gedirdi. O dönəmdə könüllü dəstələrdən başqa heç nə yox idi, onlar yüksək hazırlıqlı əsgər deyildi. Həmin vaxt Hərbi Prokurorluq, döyüş nizamnaməsi və ümumilikdə nəzarət yox idi. Silah, geyim, sursat çatışmırdı. Belə olanda da könüllüləri idarə eləmək də çətinlik yaradırdı. Amma nizami ordu qurulduqdan sonra qeyd etdiyim problemlər tam aradan qalxdı. İndi hazır struktur var, idarəetmə mərkəzləşdirilib. O dövr barədə nə qədər neqativ danışsaq da, həmin könüllülərin əziyyəti bahasına Azərbaycanın 80 faizi müdafiə olundu. Çünki Ermənistan bu müharibəni 20 faiz torpağı işğal etmək üçün başlamayıb, əsas məqsəd bütöv Azərbaycanı özünə tabe etdirmək idi.
-Keçmiş döyüşçü kimi, sizcə bu gün müharibə ehtimalı nə qədərdir?
-Horadiz əməliyyatından sonra bir daha sübut olundu ki, hər hansı ərazini əldə etmək üçün hücum planı 8 saatdan çox olmamalıdır. Ərazi azad olunan kimi mövqeyini bərkidirsən, sonra yenidən danışıqlara gedirsən. Heç də birdən-birə bütün Qarabağın işğaldan azad olunmasından söhbət getmir. Biz lokal döyüşlərlə hissə-hissə torpaqları azad edə bilərik. Çox yaxşı olar ki, bu əməliyyatlar da Araz çayının kənarı ilə aparılsın. Çünki hansısa əməliyyat baş tutmasa, heç olmasa İran vasitəsilə geri qayıtmaq mümkün olsun. Bir məqamı qeyd edim ki, Horadiz əməliyyatı kimi cəmi iki uğurlu döyüş həyata keçirsək, ermənilər özləri torpaqlarımızı geri qaytarmağa məcbur olacaq.
BƏXTİYAR
Yeniçağ.az