Rusiya üçün "atəşkəs tələsi", yoxsa Trampın sülh zəfəri? – Müharibə mayda bitir?
“Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəs may ayına qədər uzana bilər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq Rusiya və Ukrayna arasında əldə edilmiş müvəqqəti atəşkəs razılığını şərh edərək deyib:
“Rusiya, Ukrayna və ABŞ arasında Abu-Dabi şəhərində keçirilən görüşdə müsbət irəliləyiş əldə olundu. İlk növbədə enerji obyektlərinə zərbələrin qarşılıqlı olaraq dayandırılması qərara alındı. Düşünürəm ki, ABŞ-nin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar öz müsbət təsirini göstərir. Vaşinqton Moskvaya kifayət qədər ciddi iqtisadi təzyiq göstərir və görünür, Rusiya artıq ABŞ ilə iqtisadi müstəvidə üz-üzə gəlmək istəmir. Çünki Rusiya danışıqlar prosesindən çəkilərsə, ABŞ Ukraynaya daha öldürücü silahlar verə bilər. Digər tərəfdən, Ukrayna da hazırda kifayət qədər silah-sursata malikdir və Rusiyanın irəliləyişini durdurmağı bacarır. Məsələn, Rusiya ordusu Kupyansk və Pokrovsk istiqamətlərində irəliləyiş əldə edə bilmir və cəbhədə böyük itkilər verir.
Avropa İttifaqı və Böyük Britaniya da bu məsələdə Ukraynanın yanındadır. Siyasi, iqtisadi və loqistika cəhətdən Rusiya, demək olar ki, durdurulub. Artıq böyük əraziləri işğal edə bilməyən Rusiya həm də iqtisadi cəhətdən tükənib; nefti 24 dollardan da aşağı qiymətə satılır, üstəlik, sanksiyalar ucbatından alıcı tapmaqda çətinlik çəkir. Düşünürəm ki, Rusiya prosesin çətinliyini gördüyü üçün Abu-Dabidə danışıqlara getməyə və müəyyən razılıq əldə etməyə qərar verib”.
Politoloq qeyd edib ki, fevralın 1-nə qədər nəzərdə tutulan atəşkəs may ayına qədər uzana bilər:
“Düşünürəm ki, əgər atəşkəs qüvvəyə minirsə, bu, növbəti mərhələdə də davam edə bilər. Hazırda əsasən Donbasın gələcəyi ilə bağlı müəyyən fikir ayrılıqları olsa da, bu məsələdə orta məxrəcə gəlmək mümkündür. ABŞ-nin irəli sürdüyü təklif Donbasın silahsızlaşdırılması və iqtisadi zona elan edilməsidir. Müvəqqəti olsa da, bu atəşkəs danışıqlarda mühüm irəliləyiş hesab edilə bilər və may ayına qədər daimi sülhə keçid üçün zəmin yaradar. Məhz ABŞ lideri Trampın da əsas hədəfi budur”.
Nurlan Cəfəri












