Hikmət Babaoğlu: "Rusiya üçün Ermənistan şahmat taxtasında qurbanlıq piyadadır"
“Ermənistan hələ də dövlət kimliyini müəyyənləşdirə bilməyib”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat Ermənistanın “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyanın R.Köçəryan, S.Sərkisyan, S.Karapetyan və Q.Sarukyanın Rusiyadan idarə olunduğu və Ermənistanın Rusiya üçün şahmat taxtasında “piyada” rolunu oynadığı barədə açıqlamalarını şərh edib:
“Ermənistanda seçki yaxınlaşdıqca siyasi qütbləşmə də dərinləşir. Bu kontekstdə daxili aktorların və ya koalisiyaların haradan idarə olunduğu daha aydın görünməyə başlayır. Nəzərə alsaq ki, Paşinyanın Rusiyaya səfərində prezident Putinin seçki şərtlərini ona diktə etmək cəhdləri bu qütbləşməni daha da dərinləşdirib. Köçəryan, Samvel Karapetyan, Serj Sərkisyan və Qaqik Sarukyanın Rusiyadan idarə olunması onsuz da məlum fakt idi. Arman Babacanyanın bunu “yeni xəbər” kimi təqdim etməsi Ermənistanın siyasi sistemindəki mövcud mənzərənin obyektiv təsviri kimi qiymətləndirilməlidir.
Babacanyanın erməni xalqının bugünə qədər yalançı ideologiyalarla silahlanması, buna görə hələ də dövlət kimliyini formalaşdıra bilməməsi və bu prosesləri Rusiya faktoru ilə izah etməsi, məncə, Ermənistanın siyasi şüuruna ötürülən yeni və əsaslı mesajlardan biridir. Hələ çar Rusiyası Ermənistanı yaradarkən məqsədi dövlət qurmaq deyildi; rus ideoloqları bildirirdilər ki, onlara “ermənisiz Ermənistan” lazımdır. Bu gün də baxış dəyişməyib. Rusiya üçün Ermənistan genişləndirilmiş və icma ilə əhatə olunmuş 102-ci hərbi bazadan başqa bir şey deyil”.
Deputat Babacanyanın Ermənistanı “şahmat taxtasında Rusiyanın piyadası” adlandırmasını isə belə şərh edib:
“Bu, həqiqətən də belədir. Bu, sadəcə rus imperiyasına xas olan deyil, bütün imperiyalara aid olan yanaşmadır. Onlar öz ərazilərindən kənarda “müdafiə piyadaları” düzür və dara düşəndə onları qurban verirlər. Rusiya da eyni yolu izləyir. Mənə elə gəlir ki, bu çağırışın Ermənistan cəmiyyətində necə rezonans doğuracağını biz 7 iyunda keçiriləcək seçkilərdə görəcəyik. Ümid edək ki, sülhpərvər mövqe qalib gələcək, Cənubi Qafqazda sülh və inteqrasiya mərhələsi başlayacaq. Azərbaycan Prezidentinin Zəngilana səfəri zamanı verdiyi mesaj da məhz bundan ibarət idi. Ümid edək ki, belə də olacaq”.
Nurlan Cəfəri













