!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hoqlandın vida akkordu: “ABŞ Rusiyadan fərqli olaraq, mövqeyini bildirir” – Politoloq  

!Reklam – Yazi

“Ermənistanın Rusiya tərəfindən cəzalandırılacağına dair illüziyanın yaradılması bizim ziyanımızadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu

Səlahiyyət müddəti başa çatmış ATƏT-in Minsk qrupunun amerikalı həmsədri “Amerikanın səsi” radiosuna ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn təkliflərini açıqlayıb. Bu təkliflərdə yer alan bir sıra müddəalar Azərbaycanın tərəfdarı olduğu mərhələli həll variantına uyğun gəlir:

“Tərəflər Dağlıq Qarabağ tarixinin mürəkkəbliyini nəzərə alaraq, onun yekun statusunu qarşılıqlı razılıq və iradə ilə müəyyənləşdirməlidirlər.
Hazırda rəsmi Bakının nəzarət etmədiyi keçmiş Dağlıq Qarabağ vilayətinə muxtariyyatın təhlükəsizliyini təmin edən müvəqqəti status verilməlidir.
Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətində olmalıdır. Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma aparıla bilməz. Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa edilməlidir.

Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz qalmalıdır. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün o dəhliz yetərincə geniş olmalıdır. Ancaq həmin dəhliz Laçın rayonunu tam əhatə etməməlidir.

Uzunmüddətli nizamlama qaçqınların öz yaşayış yerlərinə qayıtmaq hüququnu tanımalıdır.
Nizamlama prosesi özündə sülhyaratma missiyasını nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatını əks etdirməlidir. Tərəflərin etimadla yanaşdığı sülhyaratma missiyası olmadan, sülhü bərqərar edəcək ssenari yoxdur”.

Amerikalı həmsədrin bu təkliflərini Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Riçard Hoqlandın açıqladığı həmin müddəalar Azərbaycan üçün yenilik deyil:

“Əslində, Hoqlandın bəhs etdiyi təkliflər yeni deyil. Oradakı müddəalar Azərbaycanın da razılıq verdiyi mərhələli həll variantının əsasını təşkil edən təkliflərdir.

Azərbaycan da bəyan edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməli, əhali öz evlərinə qayıtmalı, ən sonda isə status müəyyənləşməlidir. Yəni bu təkliflər çoxdan ortadadır.

Ancaq çox təəssüf ki, həmin təklifləri irəli sürən ABŞ münaqişənin həllinə mane olan Ermənistana təzyiq göstərmək üçün heç bir addım atmır. İşğalçı ölkə də heç bir təzyiq görmədiyi üçün prosesi uzatmaqla məşğuldur. Bununla yanaşı onu da deməliyik ki, ABŞ Rusiyadan fərqli olaraq, münaqişənin nizamlanmasına dair vaxtaşırı mövqe bildirir və o bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Ancaq Rusiyadan heç vaxt belə konkret bəyanatlar eşitməmişik. Son vaxtlar isə çox yanlış olaraq, belə təəssürat yaradılır ki, guya Rusiya Ermənistanı cəzalandıracaq. Bizim bəzi media orqanları da bu tip materiallara geniş yer verirlər.

Bu, doğru deyil və Rusiyanın Ermənistanı cəzalandıracağına dair illüziyanın yaradılması bizim ziyanımızadır. Birdəfəlik qəbul edilməlidir ki, Rusiya Ermənistanın əsas himayədarıdır və onu cəzalandıran deyil. Ermənistan da sözün bütün mənalarında Rusiyadan asılıdır və ondan qopmaq iqtidarında deyil”.

A.Zeynalov
Yenicag.az

COP29

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv