“Aralıq dənizinin şərq sahilləri bir amala, o da İsrailin “İbrahim sazişləri”nə (Abraham Accords) xidmət etməlidir”.
Bu fikri ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü və Qəzza planının açıqlanmasını Yenicag.az-a dəyərləndirən politoloq Qədir Aslan deyib.
O, bildirib ki, ABŞ-nin məqsədi Aralıq dənizinin şərq sahillərini təmizləməkdir:
“Qəzza ilə bağlı ərəb ölkələrinin acı xatirəsi, travmaları var. İlk növbədə, İordaniyanın. O vaxt savaş başlayanda fələstinlilər İordaniyaya qaçmış, orada dövlətə çox böyük çətinliklər yaratmışdılar. Axırda İordaniya kralı onları Livana qovdu. “Hizbullah”ın rüşeymləri İordaniyadan başlamışdı. Sonra onlar Misirə keçmişdilər və Misir də onları qovdu. Bundan əlavə, Səddam Hüseynin Körfəz müharibəsi zamanı Küveytdə 350 min fələstinli var idi. Onlar içəridə separatçılıqla məşğul idilər. Hətta Səddamı çağırırdılar ki, hərbi müdaxilə edib hökuməti devirsin. Səddam Hüseyni Küveytdən çıxarandan sonra Küveyt digər ərəb ölkələri kimi fələstinliləri qovdu. Livan da fələstinlilərə görə yarımcandır”.
Onun sözlərinə görə, Trampın birinci prezidentlik dövründə 50 milyard vəsait ayırmışdı ki, fələstinlilər İsrailin tərkibində yaşasınlar:
“Aralıq dənizinin şərq sahilləri ilə bağlı ABŞ və Böyük Britaniyanın planları var. Onlar istəyir ki, bu istiqamətdə terror təşkilatları, yad qüvvələr olmasın. Hətta Rusiyanın Tartus limanından çıxarılması da bununla bağlıdır. Aralıq dənizinin şərq sahilləri bir amala, o da İsrailin “İbrahim sazişləri”nə (Abraham Accords) xidmət etməlidir. Təklif də bundan ibarətdir. Əslində gözəl təklifdir. Ərəb ölkələri fələstinliləri tanıyırlar deyə, ona görə onları götürmək istəmirlər. Yəqin ki, böyük pul və verilən vədlər qarşılığında bu məsələ öz həllini tapacaq”.
Səxavət Məmməd
www.yenicag.az