“Xəzər Lənkəran” klubunun yenidən bərpa ediləcəyi ilə bağlı yayılan məlumatlar qeyri-ciddidir və belə söhbət yoxdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Natiq Muxtarlı deyib.
Həmsöhbətimiz bir zamanlar Azərbaycan Premyer Liqasında söz sahibi olan “Xəzər Lənkəran” komandasının yenidən bərpa ediləcəyi ilə bağlı ortaya atılan iddialara münasibət bildirib.
N. Muxtarlı düşünür ki, sözügedən informasiyalar, sadəcə, dövriyyəyə buraxılıb:
“Ona görə də rəsmi heç nə yoxdursa, ona münasibət bildirmək də düz çıxmır. Bundan başqa, “Xəzər Lənkəran” birinci divizionda mübarizə apara bilməz, yalnız 2-ci diviziondan başlamalıdır. Bu xəbərin heç bir əsası yoxdur və “Xəzər Lənkəran” qayıtmır. Bu iddiaları lənkəranlı azarkeşlər yazır və sonra sosial şəbəkələrdə hamı tirajlamağa başlayır. Bu məsələdən az-çox məlumatı olan şəxs kimi deyirəm ki, “Xəzər Lənkəran”ın yenidən yaranması real deyil. Yaransa da, Mübariz Mənsimovun rəhbərliyi altında olmayacaq. Qısacası, bu kitab bağlanıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə “Xəzər Lənkəran”ın növbəti mövsüm 1-liqada mübarizə aparacağı və komandanın iddialı olacağı haqqında informasiyalar dərc olunub. Bildirilib ki, “gəmiçilər”ə bir zamanlar Lənkəran klubunun sükanı arxasında olmuş Mirça Rednik rəhbərlik edəcək. Hətta tərəflər arasında danışıqların baş tutduğu da yayılan iddialar arasında yer alıb.
Rafi Müslümov
www.yenicag.az