"Şuşadan dünyaya verilən mesaj: Güclü dövlət, qətiyyətli lider və dəyişən dünyanın Azərbaycan həqiqətləri"

media-hightechnic-468x90

 

media-banner_tuq

Bu gün IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” forumu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev geniş çıxışı ilə açılış etdi.

Prezidentin çıxışındakı bəzi məqamları Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru Elnarə Akimova Yenicag.az-da təhlil edib:

“Şuşa bu gün artıq regionun və dünyanın diqqətlə izlədiyi siyasi fikir, diplomatik dialoq və qlobal media məkanına çevrilib. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı da bunun növbəti təsdiqi oldu. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlara baxışını, milli maraqlarını, regional liderlik mövqeyini və gələcəyə hesablanmış dövlət strategiyasını özündə ehtiva edən siyasi manifest idi.
Dövlətimizin başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq hadisələri izləyən deyil, onların istiqamətini müəyyənləşdirən dövlətdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş status-kvonu tarixə çevirdi. Bu gün regionun siyasi xəritəsini müəyyən edən əsas amil beynəlxalq hüquqa söykənən Azərbaycan reallığıdır.
Cənab Prezidentin forumda səsləndirdiyi “Biz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıyıq və hesab edirik ki, bunun alternativi yoxdur” fikri Azərbaycanın dəyişməz siyasi kursunun mahiyyətini əks etdirir. Azərbaycan müharibəni başa çatdıran, indi isə sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərən tərəfdir. Rəsmi Bakı kommunikasiyaların açılmasını, iqtisadi əməkdaşlığı və regionun təhlükəsizlik məkanına çevrilməsini dəstəkləyir. Lakin bu sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl edilməsi və yeni reallıqların qəbul olunması üzərində qurula bilər. Ermənistanın revanşist yanaşmalardan imtina etməsi regionun gələcəyi üçün ən vacib şərtlərdən biridir.
Forumun ən diqqətçəkən məqamlarından biri Prezidentin qlobal geosiyasi proseslərlə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, dünya sürətlə dəyişir, yeni təhdidlər və yeni çağırışlar meydana çıxır. Onun “Azərbaycana qarşı olan qüvvələr heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklər” fikri təsadüfi deyil. Son otuz ilin siyasi tarixi göstərdi ki, ölkəmiz müxtəlif təzyiqlərlə, ikili standartlarla, informasiya hücumları ilə dəfələrlə üzləşib. Lakin milli həmrəylik, güclü dövlət idarəçiliyi və qətiyyətli siyasi iradə bütün bu sınaqlardan Azərbaycanı daha da güclü çıxarıb.
Ölkə başçımızın çıxışında xüsusi yer tutan məqamlardan biri də milli təhlükəsizlik məsələsi idi. Onun dediyi kimi, hüquqlarımızın, milli kimliyimizin və dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizə heç vaxt dayanmamalıdır. Bu fikir müasir dövrdə dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birini müəyyənləşdirir. Çünki XXI əsrdə təhlükələr yalnız hərbi müstəvidə deyil, siyasi, iqtisadi, informasiya və ideoloji sahələrdə də meydana çıxır.”

 

“Prezident İlham Əliyevin forumda səsləndirdiyi daha bir mühüm fikir Azərbaycanın qarşılaşdığı geosiyasi risklərlə bağlı idi:
“Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik. Bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. Ona görə də özümüzü müdafiə etməyə, konsolidasiya edilmiş müəyyən dairələrlə mübarizə aparmağa öyrəşmişik.”
Bu sözlər təkcə xəbərdarlıq deyil, həm də Azərbaycanın milli maraqlarını qorumaq əzmindən irəli gələn siyasi mövqedir. Son illərin hadisələri sübut etdi ki, ölkəmizə qarşı aparılan siyasi, diplomatik və informasiya təzyiqləri Azərbaycanın strateji kursunu dəyişə bilməyib.
Möhtərəm cənab Prezidentin çıxışında Zəngəzur dəhlizinə xüsusi yer ayırması da təsadüfi deyildi. Bu layihə təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutu deyil. Zəngəzur dəhlizi Türk dünyasını vahid nəqliyyat və iqtisadi məkan ətrafında birləşdirən, Orta Dəhlizin imkanlarını genişləndirən və Avrasiya logistikasının yeni xəritəsini formalaşdıran strateji layihədir. Bu dəhliz regionda iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da yüksəldəcək. Azərbaycanın bu layihəyə yanaşması aydındır: əməkdaşlıq, qarşılıqlı fayda və regional inkişaf.
Forumda səslənən fikirlər Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını da nümayiş etdirdi. Prezident dost və qardaş ölkələrlə münasibətlərin ölkəmizin xarici siyasətinin əsas sütunlarından biri olduğunu vurğuladı. Türkiyə ilə müttəfiqlik münasibətləri artıq regional təhlükəsizlik modelinə çevrilib. “Bir millət, iki dövlət” prinsipi bu gün konkret siyasi, iqtisadi və hərbi əməkdaşlıqla möhkəmlənir. Pakistan, Mərkəzi Asiya dövlətləri və digər strateji tərəfdaşlarla əlaqələrin genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.”

 

“Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla münasibətlərə də toxunaraq praqmatik dialoqun və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın vacibliyini qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipini bir daha ortaya qoyur: ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, lakin milli maraqlar heç vaxt müzakirə predmeti ola bilməz.
Forumdakı çıxışda informasiya təhlükəsizliyi də xüsusi yer tutdu. Qarabağ müharibəsi göstərdi ki, müasir dövrdə qələbə yalnız döyüş meydanında qazanılmır. İnformasiya məkanında həqiqətin müdafiəsi də milli maraqların qorunmasının mühüm tərkib hissəsidir. Uzun illər ərzində Qarabağ həqiqətlərinin təhrif edilməsinə qarşı aparılan mübarizə nəticəsində bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini daha obyektiv qiymətləndirir. Məhz buna görə Şuşada media forumunun keçirilməsi dərin rəmzi məna daşıyır. Bir vaxtlar işğalın simvoluna çevrilmiş şəhər bu gün həqiqətin danışıldığı beynəlxalq tribunadır.
Prezident İlham Əliyevin çıxışında səslənən “Azərbaycan öz sözünün sahibidir. Biz nə demişiksə, onu da etmişik” fikri son illərin siyasi tarixinin ən dəqiq xülasəsidir. Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də işğaldan azad olunmuş torpaqlarda görünməmiş quruculuq prosesinə başladı. Qarabağ və Şərqi Zəngəzurda salınan müasir şəhərlər və kəndlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji layihələri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri Zəfərin inkişaf strategiyasına çevrildiyini bütün dünyaya nümayiş etdirir.
Şuşadan səslənən bu çıxış bir daha göstərdi ki, Azərbaycan bu gün öz taleyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə qoruyan, dostları ilə etibarlı tərəfdaşlıq münasibətləri quran və regionun gələcəyini müəyyənləşdirən aparıcı dövlətdir. Qalib Azərbaycan revanşizmə deyil, sülhə üstünlük verir, qarşıdurmaya deyil, əməkdaşlığa çağırır. Ancaq eyni zamanda hər kəsə aydın mesaj verir: dövlətimizin suverenliyi, milli ləyaqəti və müstəqilliyi heç vaxt güzəşt mövzusu olmayacaq.
IV Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin toplantısı deyil, yeni dövrün siyasi və ideoloji çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü. Şuşadan dünyaya ünvanlanan mesaj isə birmənalıdır: güclü dövlət, milli birlik, obyektiv informasiya, etibarlı tərəfdaşlıq və qətiyyətli siyasi iradə Azərbaycanın bugünkü uğurlarının da, sabahkı inkişafının da əsas təminatıdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05