Azərbaycan Prezidentinin Şuşa bəyanatları və regional təhlükəsizlik prioritetləri — Analitik baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı zamanı regionda cərəyan edən İran-ABŞ gərginliyinə toxunaraq, tərəfləri beynəlxalq hüquq normalarına və regional təhlükəsizlik prinsiplərinə uyğun olaraq məsuliyyətli davranmağa çağırıb.
Dövlət başçısı mövcud qarşıdurmanın daha genişmiqyaslı geosiyasi böhrana çevrilməməsinin vacibliyini vurğulayıb:
“Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısının Şuşadan verdiyi bu strateji mesajların mahiyyəti, tərəflərə yönəlmiş çağırışların hüquqi-siyasi əsasları və potensial risklərin idarə olunması məsələlərinə aydınlıq gətirmək üçün “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin (DANİB) sədri, politoloq Elməddin Behbudun rəyini öyrəndik.
Politoloq mövzu ilə bağlı mülahizələrini bu cür ifadə edib:
“Azərbaycan Respublikası xarici siyasət strategiyasında hər zaman qonşu dövlətlərlə qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan mehriban qonşuluq münasibətlərinin inkişafına üstünlük verib. Cənub qonşumuz İran İslam Respublikası ilə ABŞ arasında ötən ilin yay dövründə başlayan, cari ilin fevral ayının sonunda yenidən aktiv fazaya keçən hərbi-siyasi eskalasiya regional təhlükəsizlik mühitinə birbaşa təsir göstərməkdədir. Bu baxımdan, sözügedən gərginlik Azərbaycanın milli maraqları və regional sabitliyin qorunması kontekstində ciddi diqqət mərkəzində saxlanılır.
Cənab Prezidentin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın qlobal və regional təhlükəsizlik arxitekturasında aktiv və balanslaşdırıcı rolunu bir daha təsdiq etdi. Bu bəyanat rəsmi Bakının risklərin minimallaşdırılması və böhranların preventiv diplomatiya vasitəsilə, sülh müstəvisində həllinə tərəfdar olduğunu nümayiş etdirir. Çünki regional miqyaslı hər hansı hərbi qarşıdurma birbaşa və ya dolayısı ilə regionun digər aktorlarının da təhlükəsizlik mühitinə mənfi təsir göstərir.
Xarici siyasət kontekstində digər mühüm məqam isə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı və rəsmi İslamabadın Yaxın Şərqdəki sabitləşdirici geosiyasi missiyasına Azərbaycanın verdiyi dəstəkdir. Pakistanın sülhyaratma təşəbbüslərinin təqdir olunması, Azərbaycanın İslam coğrafiyasında humanitar böhranların və hərbi münaqişələrin qarşısının alınması yönündəki prinsipial mövqeyini ifadə edir. Eyni zamanda, bu yanaşma Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli müttəfiqlik formatının qlobal siyasi arenada çəkisinin və diplomatik nüfuzunun artırılması strategiyasına tam uyğundur.
Regionda sülhün və dayanıqlı sabitliyin bərqərar olması, hərbi risklərin neytrallaşdırılması ilə həm də Azərbaycanın xarici təhlükəsizlik mühitinə yönəlmiş potensial təhdidlərin aradan qaldırılmasına mühüm töhfə verəcəkdir”.
Nurlan Cəfəri













