“Trampın qanını tökmək vacibdir!” — ABŞ Prezidentini hədəf alan ölüm fətvası kimindir?
“Trampın ilk prezidentlik dönəmindən bəri İran tərəfindən öldürülmə riski olub.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib.
Politoloq ABŞ Prezidenti Trampın NATO sammitindən sonra Türkiyə səfərindən planlaşdırılmış təyyarə ilə deyil, fərqli təyyarə ilə dönməsini şərh edərək Trampa qarşı İranın sui-qəsd planının həmişə aktiv olduğunu vurğulayıb:
““Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani ABŞ tərəfindən öldürüldükdən sonra İranın hərbi-siyasi liderləri intiqam alacaqlarını bəyan etmişdilər. Hətta buna görə birinci prezidentlik müddəti başa çatandan sonra yeni prezident Co Bayden İran təhlükəsinə qarşı Trampın mühafizəsinin gücləndirilməsini əmr etmişdi. İranın dini-siyasi lideri Seyid Əli Xameneinin və ABŞ ordusu tərəfindən İrana çox ağır zərbələr vurulduqdan sonra Trampın öldürülməsi ilə bağlı molla rejiminin yüksəkçinli təmsilçiləri açıq çağırışlar edirlər.
Bundan başqa, ayətullah Abdullah Cavadi Amoli ABŞ Prezidenti Donald Trampın qanının tökülməsinin ‘vacib tələb’ olduğu haqqında fətva verib. Digər bir ayətullah Məkarim Şirazi isə Trampı Allaha qarşı savaşan şəxs elan edib. İran toplumu üçün ayətullahların fətvası həmişə, hətta Qacarlar dönəmində belə dövlətin qərarından üstün olub. Ona görə də İran ayətullahlarının fətvalarına əməl etməyi özünə borc bilən milyonlarla fanatik insanın olduğunu nəzərə alsaq, İranın Trampı aradan götürmək istəməsi haqqında fikirləri şayiə adlandırmaq doğru olmaz.
Trampın NATO sammitindən dönərkən öldürülməsinə cəhd ediləcəyi ilə bağlı məlumatı da İran ayətullahlarının fətvasının həyata keçirilməsi niyyəti kimi dəyərləndirmək daha doğru olar. Hər kəs bilməlidir ki, ayətullahların dini-siyasi hakimiyyəti İran dövləti dağılsa belə bir müddət, bəlkə yüz il davam edəcək. Ayətullahların dini-siyasi hakimiyyətinin İranın sərhədləri ilə məhdudlaşmaması bunun sübutudur. Ona görə də beynəlxalq təşkilatlar bunun qarşısının alınmasının hüquqi normalarını yaratmalıdırlar”.
Nurlan Cəfəri













