“İfaçılarımıza tələbat yoxdur”
Şoumen Murad Dadaşov “Onlar” verilişinə maraqlı açıqlamalar verib.
Aparıcı müğənnilərin ünvanına sərt sözlər deyib:
“İki-üç müğənni var ki, hər gün savaşır. Bapbalaca şou-biznesdir, burda milyardlarla pul yoxdur. Adama gülməli gəlir. Hamısı sənətkardır. Onların cılız addımlarına görə utanıram. Xarici konsertlər təşkil edirik, Azərbaycan icması ilə işləyirəm, bizim müğənnilərdən danışanda heç birini istəmirlər. Vəziyyət o dərəcəyə çatıb.
Bu işlə məşğul olan biri kimi bilirəm, toy işi məişət olaraq müğənniləri boğub. Tək-tük ifaçı var ki, nəsə edir. Onlar da bu işdən beziblər. İçkili insan qarşısında çıxış edən nə formalaşdıra bilər, nə haqda, hansı zövqdən danışacaqsan? Yarım saatlıq çıxışı üçün xaricdən müğənni gətirmək daha ucuzdur. Bizim sənətçilər nə edir? Açıq danışıram ki, eşitsinlər. Mənim onlara ürəyim yanır. İfaçılarımıza tələbat yoxdur. Heç biri xarici şirkətlə işləmir. Muğam bizim milli sərvətimizdir. Xanəndələrlə daha çoxsevə-sevə çalışırlar. Bizimkilər şadlıq sarayının divarlarından o tərəfə çıxa bilmirlər. Son illər ərzində pop musiqisi inkişaf etmir. Bizim Tarkanımız yoxdur.
Bu, dərin musiqi tarixi olan Azərbaycan üçün biabırçılıqdır. Həqiqəti danışan insanam. Şou-biznesdə dəb, istiqamət formalaşdıranlardan biriyəm. Özüm üçün yüksək pillə qoyuram ki, ondan aşağı enməyim. Sadə televiziya aparıcısı deyiləm. Şou-biznesdə qaydalar var ki, onun təməlini mən qoymuşam. Sonra hamısına görə müəyyən yerlərdə cavab verirəm”.