II Əbdülhəmidə qarşı erməni sui-qəsdi niyə baş tutmadı?
Bundan düz iki əsr əvvəl Anadolu və Qafqazda başlayan komitəçi erməni terroru getdikcə daha da azğınlaşaraq dünyanın digər siyasi şəhərlərində də qanlı cinayətlərə imza atıb. Erməni terroru dedikdə, tək araşdırmaçıların deyil, hətta sıravi insanın belə ağlına ilk gələn söz ASALA-dır. Dünya mediasının 16 fərqli ölkəsində türkiyəli diplomatlara qarşı törətdiyi sui-qəsdlərlə öz adını bütün dillərdə nəşr olunan terror kitablarına yazdırmağı bacarıb. Lakin, keçmişə nəzər salsaq görərik ki, erməni quldurlarının bizim böyük Şərq coğrafiyamızdakı qorxu, şantaj, terror və digər gizli cinayətlərinin kökü çox yaşlıdır. Azərbaycan və Türkiyə olaraq bu zülmətin uşaqlarını biz əvvəlcə başmaqçı kimi bildiyimiz halda, sonralar onlar “hınçakçı”, daşnakçı, “haydatçı” və nəhayət işğalçıya döndülər…
Qeyd etdiyimiz kimi, dünya mediası və terror üzərinə nə yazılar varsa, orada mütləq ermənilərin iki yüz illik mənfur terrorçu səhifələrindən yan keçilmir. Bu yazımda 109 il əvvəl həm Osmanlı, həm Avropa mətbuatında günlərcə gündəmdən düşməyən bir daşnak terrorundan bəhs etmək istərdim. Belə ki, 1905-ci ilin yay günlərində dünya mətbuatı bu başlıqla çalxalanırdı: “Osmanlı sultanı II Əbdülhəmidə qarşı erməni komitəçilərin bombalı hücumu”…
Detektiv və cinayətkarlığa aid roman kitablarındakı xəyali hekayələri çox geridə qoyan bu, həqiqətən baş vermiş sui-qəsd olayını yerli oxucularla paylaşmaq niyyəti ilə bu yazını hazırlamağa qərar verdim. Və əslində 1980-1995-ci illər ərzində qatarlarda, avtobuslarda, gəmilərdə, Bakı metropolitenlərində və digər yaşayış məntəqələrində yüzlərcə etnik sivil azərbaycanlılara qarşı qəsd edilmiş bu erməni bombalı terrorunun yaşının çox keçmişlərə dayandığını hamılıqla bilmək borcundayıq. Bunların bir daha baş tutmaması üçün ayıq və diqqətlə tarixdən dərs almalıyıq…
Planlı erməni faşizminin ilk ayaq səslərinin qısa xronologiyası
1887-ci il, İsveçrə, Cenevrə şəhəri. Bir qrup faşist erməni “Hınçak” təşkilatını qurur.
-1890-cı il, Gürcüstan, Tiflis şəhəri. Bir qrup anarxist erməni tərəfindən “Daşnaksutyun” təşkilatı fəaliyyətə başlayır.
Hər iki təşkilatın nizamnaməsində Osmanlı Türkiyəsi və Qafqaz Azərbaycanında silahlı basqın, qorxutma, şantaj, mülki əhaliyə divan tutmaq sərbəstliyi və dövlət xadimlərinə sui-qəsdlərin təşkili yer alıb.
1890-cı illərdən başlayaraq Osmanlının çətin siyasi-sosial nəbzindən istifadə edərək müxtəlif şəhərlərdə kütləvi qırğınlara başladılır. Şərqdə ilk dəfə İstanbul şəhərində peşəkarca bankların qarəti və sadalamaqla bitməyən erməni mütəşəkkil cinayətlər silsiləsi…
Qısaca sadaladığımız bu planlı terror hadisələrinin hər birisi can bahasına olsa da, Osmanlı gizli polisi tərəfindən dəf edilmiş, səbəbkar provakasiyaçılar isə deşifrə olmuşdular. Bunu görən daşnak ermənilər dünya çapında daha böyük səs gətirmək üçün Osmanlı sultanı, müsəlmanların xəlifəsi II Əbdülhəmidə qarşı sui-qəsd təşkil etmək qərarına gəlirlər.
1904-cü ilin yanvar ayında Daşnaksutyun partiyasının dörd qurucusundan biri olan Xristafor Mikayelyan Sofiya (Bolqarıstan) şəhərində fikirdaşlarını toplayır. Orada sultana qarşı sui-qəsd fikri irəli atılır. Razılıq əldə olunur. X.Mikayelyan şəxsən bir neçə ölkə gəzərək çirkin cinayətini törətmək üçün komanda yığmağa başlayır…
Birinci sui-qəsd planı
Sultan II Əbdülhəmid öz sağlığında İstanbulda Hamidiyə adlı bir məscid tikdirib (1886). Bu məscid həm də Yıldız sarayı səmti istiqamətində olduğundan o zamandan günümüzə “Yıldız Hamidiyə” məscidi adlandırılır.
Sultan hər cümə günü bu məscidə təntənəli surətdə gələr, bütün dövlət xadimləri, dövrün ziyalıları, alimlər və xalqın bütün təbəqəsi də, beləcə öz sultanları ilə birlikdə namaz qılar və yaxud bayramlaşardılar. Bunu da xüsusi ilə qeyd edim ki, cümə günləri sultanı görmək üçün çox gözəl fürsət olduğundan o dövrdə İstanbulda fəaliyyət göstərən digər xarici ölkələrin səfirləri və jurnalistləri də bura toplaşırdılar. Məhz bunları nəzərə alan daşnak qurucusu X.Mikayelyan bir neçə erməni ilə İstanbula gəlirlər. Onlar İstanbulun bu səmtində ev və hər cümə günü Yıldız məscidinə gələrək sultanın protokolunun necə keçməsini dəqiqliklə yadda saxlayırdılar. Bu əsnada tam da Ramazan bayramı ərəfəsi olduğu üçün X.Mikayelyan öz məkirli planını hazırlayır. Sultan bayramlaşmaq üçün Yıldız sarayından Dolmabahçe sarayına gedən yolda ona silahlı hücum olacaqdı. Plan tam hesablanmışdı. Sultan yola çıxanda bomba partladılmalı, qoruyucular özünü itirən an, iki tərəfdən silahlı hücum təşkil olunmalı idi. Ancaq o gün sultan başqa yolla getdiyi üçün erməni daşnakların sui-qəsd planı baş tutmur. X.Mikayelyanın rəhbərliyindəki qatillər yeni plan həyata keçirmək üçün Sofiyaya geri qayıdırlar. Nə maraqlı taledir ki, sultanı öldürmək üçün bomba düzəldən zaman X.Mikayelyan ehtiyatsızlıq ucbatından düzəltdiyi bombanın öz əlində partlaması nəticəsində parça-parça olaraq gəbərir. Dünya daşnakları bu gün belə, onun xatirəsini yad edərkən “bomba düzəldərkən öldü” deyə əhvallarını yandırırlar.
İkinci sui-qəsd planı
Daşnaklar planlarını gərçəkləşdirməyə inadlı idilər. Bu dəfə sui-qəsd qrupuna erməni əsilli Edvard Jorris adlı Belçika vətəndaşını qatırlar. Çünkü bu adam anarxist təfəkkürlü, onu tanıyanlar arasında mahir əldəqayırma bomba ustası və qatil idi. Heyətə bir neçə ölkədən də terrorçuları əlavə edən daşnaklar say etibarı ilə 40 nəfər oldular. Fərqli marşrutlarla, fərqli tarixlərdə gizlicə İstanbulda yenidən bir araya gələn qatillər hər cümə günü Yıldız məscidinə gələrək sultanın hər bir hərəkətini, faytonun gəliş istiqaməti, qoruyucuların və yavərlərin hansı nizam-intizama malik olduqlarını diqqətlə incələyirlər. Əsas plan və gün təyin edilir. Plana uyğun olaraq İstanbulda əhalinin sıx olduğu küçələrdə, körpülərdə, teleqraf agentliklərində, poçt bürolarında da bombalar partladılmalı və camaat vahiməyə düşməli idi. Lakin, bu, sui-qəsd planının “b” variantı idi. Bu da yalnız “a” varianti, yəni sultan II Əbdülhəmid öldürülən gün baş tutmalıydı. Erməni komitəçilər bir faytonun oturacaq hissələrinə 120 kiloqramlıq partlayıcı maddə doldururlar…
İstanbul, 21 iyul 1905-ci il, cümə günü. Yer – Yıldız məscidi.
Osmanlı sultanı II Əbdülhəmid rəsmi keçidlə adətlərə sadiq qalaraq məscidə gəlir. İnsanların izdihamı, gözəl geyimli Osmanlı zadəganları, dövlət xadimlərinin və xalqın həyəcanlı səsi bir-birinə qarışmışdı o gün. Sultan hər kəsi salamlayaraq məscidə daxil olur. Cümə namazı bitəndən sonra sultan adəti üzrə məsciddə olan ən yaşlı insanın əlini sıxır. Bunun özəl mənası var. Belə ki, sultan ən yaşlı dədənin əlini sıxmaqla bütün camaatla əl sıxmış sayılırmış…
Belçikalı erməni E.Jorris və digər 40 quldur da tam hazırlıqı vəziyyətdə pusquda gözləyirlər. Onlar bu neçə cümə ərzində dəqiq hesablamışdılar ki, sultan məscidin pilləkənlərindən öz faytonuna qədər gələrkən bu, 1 dəqiqə 42 saniyə vaxt alır. Ona görə də saatlı bombanın düyməsinə basmaq üçün onlara xas titrək əlləri ilə gözləyirlər.
Budur, sultan hər kəslə təbəssümlə hal-əhval soruşaraq məscidin qapısındadır…O, bir addım küçəyə çıxır. Bu an… ən həyəcanlı vəziyyət baş verir… Şeyxülislam əfəndi sultana “hökmdarım” deyə səslənir. Sultan məscidə tərəf dönür. Şeyxülislam, sultanın iki gün öncə ona yolladığı mükafat üçün təşəkkürünü bildirən an bütün İstanbuldan duyulacaq şəkildə dəhşətli bir partlayış baş verir…
Vahiməli bir vəziyyət, toz duman, insan parçaları at parçalarına qarışır.Yaralılar…
Bundan sonrasını orada olan amerikalı dəniz generalı, ingilis və digər ölkə səfirlərinin dili ilə davam etmək istərdim. Sultan mərdcəsinə soyuqqanlı idi. Əlini qaldıraraq “qorxmayın, qorxmayın” dedi. Daha sonra öz faytonuna doğru gedərək idarəsini özü edərək atları saraya doğru çapdı, arxası ilə də mühafizəçilər, generalitet getdi. Bu an hər kəs cəsarətə gəldi “Yaşasın sultan!”, “Viva sultan!” sədaları ilə qışqırıqlar oldu…
Erməni komitəçilərin sui-qəsd planı baş tutmadığı üçün 40 nəfərlik qatil komandasının bir çoxu o günü qorxudan İstanbulun digər yerlərində qurduqları bombaları partlatmadan şəhərdən qaçırlar.
Yıldız məscidinin həyətində 26 ölü, 58 nəfər yaralı…
Sultan dərhal çevik davranaraq bu terror hadisəsini araşdırmaq üçün ən peşəkar detektivlərdən ibarət axtarış qrupu hazırlayır.
Çox qısa zaman ərzində bombanın partladığı faytonun qalıqları üzərində “Neseldorfer” 11123 yazısı aşkar edilir. Əməliyyat qrupu təsbit edir ki, bu fayton Osmanlıda yox, Vyanada hazırlanıb. Ora gizli xəfiyyələr ezam olunur. Sifarişçilər araşdırılır. Məlum olur ki, fayton hissələrə bölünərək zaman -zaman İstanbula gətirilib və yenidən yığılıb. Ən maraqlı və yaddaqalan bu olub ki, sifarişçilər özəlliklə oturacaq hissəsinin dərin olmasını sifariş ediblər. (120 kiloqramlıq partlayıcı maddələrin tam yerləşməsi üçün)…Beləliklə, şəhəri tərk edə bilməyən E.Jorrisin fotosurəti hazırlanır. Gizli polis onu tezliklə həbs edir. Sultan şəxsən E.Jorrislə görüşür. O, nəinki planın bütün hissələrini, hətta şəhərdə qalan digər 14 nəfərin də adlarını və ünvanlarını verir. Hamsı həbs olunur. Məhkəmə əvvəlcə E.Jorrisə edam hökmü vermək istəyir. Bu an, Belçika hökuməti, çar Rusiyası və bir neçə avropalı tacir ailələri II Əbdülhəmidə humanızm təklifləri edir. Yaxalanan ümumi 15 terrorçu bir sıra çəkili dövlətlərin vətəndaşları idilər. Siyasi böhran yaranır. Sultanın detektivləri 1000 səhifəlik hesabat və bir o qədər də fotolar çəkərək sui-qəsdin bütün üzünü açırlar. Nəhayət, sultana tam təfərrüat aydın olandan sonra E.Jorris iki illik həbsə yollanılır. Digər 14 nəfər də ən dözülməz şərtləri olan həbsxana düşərgələrinə “ezam” olunurlar.
Bir müddət keçəndən sonra sultan öz sarayında böyük heyətin qarşısında E.Jorrisi əfv edir… Mən də bu məsələni araşdıranda ilk başda gəncliyimə sığınaraq bu əfv fərmanını başa düşmədim.
Ancaq daha sonra anladım ki, müdrik sultan II Əbdülhəmid əslində E.Jorrisi yox, erməni xislətini və ona zəmin yaradanların bizdən hər mənada “kiçik olduqları” üçün rəmzi xarakterli əfv edibmiş… Beləcə, atalarımızdan yadigar Dövlət-i Aliyyə terrorun havadarlarına və “qaranlıq dostlarına” əsrlərcə yarası qalacaq “Böyüklük bizə məxsusdur” silləsini vurmuş oldu…
Osmanlı erməniləri sultanın qəzəblənə biləcəyindən qorxduqları üçün erməni kilsələrində dövlətin lehinə dualar oxumuş, terrorçuları, öz millətlərinə aid olduğu üçün qınamışdılar.
Osmanlı sultanına qarşı baş tutmayan bu mənfur sui-qəsd hadisəsi o dövrün bir çox xarici qəzetlərinə başlıq olub. Və dövrünün böyük dövlətlərinin bu hadisəni qınayan “keçmiş olsun” məktubları günü bu gün də Türkiyə arxivlərində qalmaqdadır…Bu sübut arxivləri “erməni soyqırımı” qışqıran xaçaturların terrorçu üzünü onlara göstərmək üçün tarixin ən şəffaf aynasıdır…!
Əbülfəz Şeydabəyov
(meydan-plus.com)