İki paralel dəhliz, bir geosiyasi HƏDƏF: Bakı nəyi HESABLAYIR?
“Araz dəhlizi ilə Zəngəzur dəhlizini bir-birinə qarşı qoymaq düzgün deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) lideri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, Araz dəhlizinin Zəngəzur dəhlizi fonunda reallaşmasının perspektivləri və əhəmiyyətindən söz açıb.
Millət vəkili söyləyib ki, Araz dəhlizi də bizim üçün vacib bir yoldur:
“Lakin bu, Zəngəzur dəhlizinin alternativi deyil. Əsas məsələ ondan ibarətdir ki, bizim üçün müxtəlif nəqliyyat yollarının mövcudluğu ölkədə ticarətin daha da inkişafına xidmət edəcək. Eyni zamanda, iqtisadi əlaqələrin genişlənməsi üçün şərait yaradacaq. Biz İranla bu məsələni artıq həll etmişik. Gələcəkdə Ermənistanla və Türkiyə ilə bu məsələləri necə həll edəcəyik? Əsas sual da budur”.
Onun fikrincə, İranla olan yolun digər yolla heç bir əlaqəsi yoxdur:
“Bunlar hər ikisi həm İranın, həm də Azərbaycanın maraqlarına xidmət edən yollardır. Araz dəhlizi ilə Zəngəzur dəhlizini bir-birinə qarşı qoymaq düzgün deyil. Hər iki variantdan istifadə etməliyik. Bu baxımdan, həm Araz dəhlizi, həm də Zəngəzur dəhlizi bizim üçün əhəmiyyətlidir. Əgər biz bu yollar üçün müəyyən maddi vəsait yatırmağı düşünürüksə, bu, onların bölgənin inkişafı üçün vacib amil kimi qəbul edildiyini göstərir”.
“Ermənistanla Zəngəzur dəhlizi, İranla isə Araz dəhlizi məsələsi aktuallığını qoruyur. Hər iki yolun faydalılığını qəbul edirik. Əgər bu ölkələr də bunu qəbul edirsə, o zaman heç bir problem qalmayacaq. Bir sözlə, hər üç ölkənin maraqlarına uyğun nəqliyyat və kommunikasiya imkanları yaranacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli