!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev fərman imzaladı

!Reklam – Yazi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. 

Yenicag.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi (bundan sonra – Mərkəz) yaradılır. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi” təsdiq edilib. “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı” təsdiq edilib.

Mərkəzdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. Mərkəzin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

5.1.2. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

5.2. Komitəyə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5.3. Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yaşayış sahələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq torpaq sahəsinə bağlılığının təsbit edildiyi qüvvədə olan qanunlarda dəyişikliyi nəzərdə tutan qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Komitənin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin balansındakı əmlakın Mərkəzin balansına verilməsini təmin etsin;

7.2. bu Fərmanın 2-ci hissəsinə və 7.1-ci bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmanın 4-cü hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş xidmətlərə görə ödənilən xidmət haqqı məbləğlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Müəyyən edilsin ki:

8.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə xidmət haqqı ödənilmir;

8.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 7.3-cü bəndinə uyğun olaraq xidmət haqqı müəyyən edənədək həmin xidmət haqqını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Komitə müəyyən edir.

9. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50” sözləri ilə əvəz edilsin.

9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.”;

9.2.2. aşağıdakı məzmunda 7.1-1-ci və 7.2-1-ci bəndlər əlavə edilsin:

“7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir;”;

“7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;”;

9.2.3. 7.4-cü bənddən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılsın və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilsin;

9.2.4. 7.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir;”;

9.2.5. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;”;

9.2.6. 8.9-cu və 8.10-cu bəndlər çıxarılsın;

9.2.7. aşağıdakı məzmunda 8.13-1-ci bənd əlavə edilsin:

“8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək;”;

9.2.8. 8.16-cı bənddən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılsın;

9.2.9. aşağıdakı redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilsin:

“8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək;

8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;”;

9.2.10. 8.27-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;”;

9.2.11. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;”;

9.2.12. 9.3-cü bəndə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilsin;

9.2.13. 9.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“9.10. zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq;”;

9.2.14. 13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“13. Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.”;

9.2.15. 14.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.2. Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;”;

9.2.16. aşağıdakı redaksiyada 14.2-1-ci bənd əlavə edilsin:

“14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;”;

9.2.17. 14.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“14.5. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

9.2.18. aşağıdakı redaksiyada 17-1-ci bənd əlavə edilsin;

“17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.”;

9.2.19. 19-cu bənd çıxarılsın;

9.2.20. 20-ci bənddə “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilsin;

9.2.21. 21-ci bənddən “rəhbərləri” sözü çıxarılsın və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilsin;

9.2.22. 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;

9.2.23. 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərdən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılsın.

10. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

“2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

www.yenicag.az

1691
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv