Ermənistanın yeni Baş naziri Aşqabadda Njde Qareginin ideoloji davamçısı olduğunu təsdiqlədi.
Diqqətinizə təqdim etdiyim bu məqalədə “açar söz” olduğundan, icazənizlə, ilk növbədə ona aydınlıq gətirək ki, “tsexakronizm” nədir? Araşdırmaçılar terminin lüğəti mənasını belə izah edirlər ki, “tsex” kəliməsi erməni dilində “cins, tayfa, irq”, “kron” isə “əqidə”, “inanc”, “din” mənasını verir. Bu iki kəlimənin çuğlaşdırılması ilə yaranan “tsexakronizm” termini erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyasını əks etdirir. Bu radikal ultra-milliyyətçi konsepsiyanın əsas müəllifi əsl soyadı Ter-Harutunyan olan məşhur faşist əlaltısı Njde Qaregindir. O, 1933-сü ilin yayında “Daşnaksütun” partiyasının qərarı ilə Amerika Birləşmiş Ştatlarına səfər edib, orada “Tseхakron” adlı gənclər təşkilatının əsasını qoyub və həmin adı erməni antropoloji quruluşuna söykənən irqçi təliminə də verib. Ter-Harutyanın “mən Yer kürəsindəki ilahi izləri öz erməni soyumda oxudum, gördüm, öpdüm, təzim etdim – tsexakrona çevrildim” cümləsindən də göründüyü kimi, erməni etnosunu müqəddəsləşdirirərək bəşəriyyətin qalan bütün xalqlarının fövqünə çıxaran bu şovinist təlim, qısaca desək, Adolf Hitlerin faşist ideologiyasının erməniləşdirilmiş nüsxəsidir, hətta müqayisə edilsə, ondan daha qeyri-insani, daha təhlükəli olmaqla yanaşı, daha absurd və fantastik məzmuna malikdir.
Çox təəssüflər olsun ki, çağdaş dünyanın heç bir mədəni parçası tərəfindən mənimsənilməyəcək, bəraət qazandırılmayacaq və kosmetik düzəlişlərə məruz qoyularaq yenidən dirçəldilməyəcək faşizm ideologiyasının sözügedən variantı- tsexakronizm SSRİ-nin dağılması və onun tərkibində olan respublikaların müstəqillik qazanması ərəfəsində Ermənistanda yenidən aktuallaşdı. “Ermənistan irqinin davamçıları” adı altında Njdenin fəlsəfəsindən qidalanan faşist tipli siyasi təşkilatlar, hərbi dəstələr meydana çıxdı. 1990-cı ildə yaranan və 1967-87-ci illərdə gizli fəaliyyət göstərdiyi deyilən Milli Birlik Partiyasının varisi kimi çıxış edən Respublikaçılar Partiyası da Njde Qareginin tsexakronizm konsepsiyasını,- müəyyən bəzək-düzək verəndən sonra, – öz ideoloji platformasına çevirdi. Qaragenin adının Ermənistanda əbədiləşdirilməsi, “şərəfinə” markalar və xatirə pulları buraxılması, mükafatlar təsis edilməsi, filmlər çəkilməsi məhz bu partiyanın hakimiyyəti dövründə geniş vüsət aldı. Serj Sarkisyan iqtidarının təşəbbüsü ilə 2016-cı ildə ona İrəvanın mərkəzində bürünc heykəl qoyuldu və açılışda Ermənistan prezidenti şəxsən iştirak etdi. Bu addım, sadəcə, torpaqlarının önəmli bir hissəsi Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan tərəfindən sərt reaksiya ilə qarşılanmadı, mütərəqqi dünya ictimaiyyəti, o cümlədən ayrı-ayrı tanınmış xarici diplomatlar, tarixçilər və digər intellektual peşə sahibləri tərəfindən ciddiyyətlə qınanıldı.
Njde Qareginə qoyulmuş məlum heykəl və onun kultlaşdırılması bu günlərdə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasında da müzakirə mövzusu oldu. Prezidentimiz cənab İlham Əliyev, öz sözləri ilə desəm, hər kəsin kitabxanalardan, internet resurslarından rahatlıqla tapa biləcəyi konkret sənədlərə istinad edərək, Ermənistanın yeni rəhbərliyini Böyük Vətən Müharibəsi illərində faşiştlərə satılmış, Hitler Almaniyası uğrunda ölməyi Ermənistan uğrunda ölməklə eyniləşdirən Njde Qareginə qoyulmuş heykəli sökməyə çağırdı. MDB-yə daxil olan dövlətlərin başçılarının Aşqabad toplantısı ilə bağlı xəbərləri diqqətlə izləyənlər yaxşı bilirlər ki, Azərbaycan prezidentinin bu çıxışında səslənən təkzibolunmaz fakt və dəlillərə cavab tapmayan Ermənistanın Baş naziri Nikol Paşinyan tarixdən də elə siyasət və diplomatiya qədər baş çıxardığını ortaya qoyub, yəni, faktiki olaraq, çıxılmaz vəziyyətdə qalıb. Əlbəttə, İlham Əliyev son dərəcə təcrübəli, mütaliəli, iti ağıla malik olan siyasi lider olaraq Paşinyanın düşəcəyi vəziyyyəti öncədən gördüyündən onun Aşqabaddakı çıxışını Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun tribunasından bütün dünyaya “Qarabağ Azərbaycandır. Nida” deyərək qətiyyətlə səslənməsinin davamı kimi qiymətləndirmək lazımdır. Bu iki çıxış arasındakı elmi-faktoloji əlaqələri həm savadsızlıqları, həm də qərəzləri ucbatından eynilə Ermənistan mətbuatının bir çox nümayəndələrinə bənzər şəkildə görməyə özlərində təpər tapmayan Azərbaycan müxalifətinin təmsilçiləri, xüsusən də AXCP sədri Əli Kərimli üçün qısaca bir izahat vermək yerinə düşər.
Məlum olduğu kimi, 2018-ci ilin aprel ayında Ermənistanda eks prezident Serj Sarkisyan ələ keçirdiyi Baş nazir postundan küçənin təzyiqi ilə istefa verdi. Hakimiyyətə “narıncı inqilab” dalğasında, “demokrat” qiyafəsində gələn və hökumət başçısı kürsüsünə əyləşən Nikol Paşinyan Ermənistanda uzun illər hegemonluq etmiş və əllərində ciddi silah, maliyyə və informasiya resursları cəmləmiş “Qarabağ klanı”nın zərbələrindən yayınmaq üçün son nəticədə Dağlıq Qarabağla bağlı danışıqlar prosesini tormozlayan qeyri-konsturuktiv açıqlamalar verməyə meyilləndi. Bu açıqlamalar yuxarıda qeyd olunan səbəbdən Nikol Paşinyanın “təbii üslubu” kimi görünməsə də, onun sülhsevərlikdən uzaq zehniyyətinin təzahürləri idi. Xankəndində bütün beynəlxalq hüquq normalarına və idmanın humanist prinsiplərinə zidd bir şəkildə təşkil olunan “Ümumerməni oyunları”nın açılış mərasimində verdiyi və daha sonra bir neçə dəfə təkrarladığı “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı isə həmin qeyri-sağlam təzahürlər arasında ən barizi idi.
Bu bəyanatı böyük şövqlə tirajlayan Ermənistan mətbuatının, eləcə də “təki Azərbaycan hakimiyyətinin ictimai rəydəki mövqeləri zəifləsin” məntiqi ilə hərəkət edərək ölkəmizə qarşı informasiya savaşında düşmən cəbhədə yer alan “Milli Şura”dakı müxaliflərin nəzərdən qaçırdığı, ancaq prezident İlham Əliyevin diqqətindən yayınmayan bir məqam vardı: Nikol Paşinyan öz sözünü demir, erməni hərbi dəstələrindən birinin qurucu komandiri olmuş və Dağlıq Qarabağdakı döyüşlərdə ölmüş Leonid Azqaldyanın dili ilə danışırdı. Dağlıq Qarabağın və ətraf rayonların işğalında fəal rol oynamış hərbi dəstələrin ideoloji silahı, heç şübhəsiz, tsexakronizm idi və Azqaldyanın məlum kəliməsi də tsexakronistlərin “dünyadakı bütün erməniləri bir dövlətdə birləşdirmək” məqsədindən qaynaqlanmışdı. Ermənilərin bu məqsədlə silahlandırılaraq bölgəmizdə qanlı münaqişə ocağı yaradılması da, azərbaycanlıların həm Ermənistandan, həm də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən silah gücünə qovulması da, digər rayonlarımızın işğal edilməsi də, işğalçı dövlətin bu gün hətta Hitler Almaniyasından da “irəli gedərək” mono-etnik əraziyə çevrilməsi də, toponimlərin ucdantutma dəyişdirilməsi də, zəbt edilmiş şəhərlərimizin xarabaya çevrilməsi də məhz bu zehniyyətin ortaya çıxardığı fəsadlardır.
Odur ki, Paşinyan MDB dövlət başçılarının Aşqabad görüşündə açıq-aşkar, həm də heç bir tənqidə dözməyəcək bir şəkildə faşist- tsexakronist Njde Qareginin anti-humanist fəaliyyətini və abidəsini müdafiə etməklə, Rusiya mətbuatının təbirincə desək, “lovuşka”ya düşdü, prezident İlham Əliyevin yüksək intellekti və diplomatik bacarığı qarşısında demokratiyaya, bəşəri dəyərlərə, beynəlxalq hüquqa hörmət etməyən tsexakronist zehniyyətini faş etməklə tamamilə ifşa olundu, maskasını düşürdü. Bundan sonra yenidən “demokrat” qiyafəsinə bürünmək, Ermənistanın keçmiş hakimiyyətinin ideoloji davamçısı kimi görsənməmək, tsexakronizmlə bağlılığının olmamasını isbat etmək üçün Nikol Paşinyanın ancaq və ancaq bir çarəsi var- Njde Qareginin heykəlini İrəvandan söküb atmaq və Dağlıq Qarabağla bağlı danışıqlarda konsturuktiv mövqe tutmaq!
Əks halda, nəzərə almalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin istənilən əmrini yerinə yetirməyə hazır, qarşısına qoyulan istənilən tapşırığı yerinə yetirməyə, o cümlədən Njde Qareginin İrəvandakı heykəlini Nikol Paşinyanın başına uçurtmağa qadirdir!
Taleh ŞAHSUVARLI
www.yenicag.az