“Türkiyə prezidentinin Azərbaycan dövlət başçısını bu tip tədbirlərə dəvət etməsi ilk dəfə deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi İstanbulda təşkil olunan D-8 Zirvə görüşünə xüsusi qonaq qismində dəvət etməsini dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəylinin fikrincə, prezident İlham Əliyevin D-8 Sammitinə dəvət olunması Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini göstərməklə yanaşı, həm də ölkəmizin siyasi-iqtisadi əlaqələrinin güclənməsinə təkan verəcək:
“Öncə qeyd edim ki, İstanbulda təşkil olunan D-8 Sammiti özlüyündə mühüm və əhəmiyyətli hadisədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi həmin tədbirə xüsusi qonaq qismində dəvət etməsi isə Sammiti bizim üçün daha da əlamətdar edir.
Xatırladım ki, bu, Türkiyə prezidentinin Azərbaycan dövlət başçısını bu tip tədbirlərə dəvət etməsi ilk dəfə deyil. Bu sırada prezident İlham Əliyevin inkişaf edən ölkələrin G-20 Sammitinə də dəvət olunmasını və iştirakını xüsusi vurğulaya bilərəm. Bu dəvət həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının özünəməxsus göstəricisidir.
Prezident İlham Əliyevin D-8 Sammitində iştirakı Azərbaycan üçün yeni platforma olaraq, ölkəmizin beynəlxalq siyasi-iqtisadi əlaqələrinin gücləndirilməsinə əlavə imkanlar yaradır. Eyni zamanda, artıq Azərbaycanın D-8 formatında həqiqi üzvlüyü ilə bağlı təkliflər səslənməkdədir və bu da müsbət qiymətləndirilməlidir.
Azərbaycan dövlət başçısının Sammitdə etdiyi çıxış isə Azərbaycan həqiqətlərinin diqqətə çatdırılması, o cümlədən, ölkədəki münbit iqtisadi mühitin təqdimatı baxımından da əhəmiyyətlidir. Hər halda, bu Sammit D-8 ölkələrinin Azərbaycan iqtisadiyyatına investisiya yatırmalarına ciddi təkan verəcək.
Prezidentin Sammitdəki çıxışında bəzi ciddi məqamlara toxunuldu. Onun “Məscidləri dağıdan bir ölkədən müsəlmanlara dost olmaz” fikri isə işğalçı Ermənistanla əməkdaşlıq edən bəzi ölkələrə açıq mesaj kimi qəbul olunmalıdır.
İnanıram ki, Azərbaycanın bu formatda iştirakı ölkənin siyasi-iqtisadi imkanlarını daha da genişləndirəcək”.
A.Zeynalov
www.yenicag.az