"İlham Əliyevin qətiyyəti Türk dünyasının gələcəyini cızır" - Kürşad Zorlu
“Birliyimiz heç bir ölkəyə qarşı deyil, sülhə xidmətdir”.
Yenicag.az xəbər verir ki, bunu AK Parti sədrinin müavini Kürşad Zorlu Bakıda keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib.
Çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını iştirakçılara çatdırmaqla başlayan K.Zorlu, 100 il əvvəl Bakıda atılan addımların bu gün Türkiyənin dövlət siyasətində yaşatıldığını vurğulayıb:
“1926-cı ildə burada qəbul edilən qərarlarla Qazi Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar arasında ciddi bir zaman və düşüncə uyğunluğu var idi. Türkiyənin latın qrafikalı əlifbaya keçidində həmin Qurultayın yaratdığı elmi mühit mühüm təkan olmuşdur”.
Siyasi müstəvidə qazanılan uğurlara diqqət çəkən AK Parti rəsmisi ortaq əlifba məsələsində inqilabi addımların atıldığını bildirib:
“Artıq 34 hərfdən ibarət ortaq əlifba ilə bağlı ilkin razılıq əldə edilmişdir. Türkiyə olaraq, hörmətli Prezidentimizin qətiyyətli iradəsi ilə bu prosesə hərtərəfli dəstək veririk. Türk Dövlətləri Təşkilatı çərçivəsində səkkiz dövlət bu birliyi daha da gücləndirir”.
Kürşad Zorlu Azərbaycan Prezidenti İlham Əliyevə bu istiqamətdə qəbul etdiyi tarixi qərarlara görə təşəkkür edərək, Türk dünyasının birliyinin mahiyyətini bu sözlərlə ifadə edib:
“Bizim birliyimiz heç bir ölkəyə və ya coğrafiyaya qarşı yönəlməyib. Əksinə, bu birlik geniş regionda sülhə, sabitliyə və qarşılıqlı etimada xidmət edən bir anlayışın təzahürüdür”.
AK Parti rəsmisi həmçinin Türkologiya bölmələrinin gücləndirilməsi və Türkiyənin “Türk Dünyası Vizyon Sənədi” çərçivəsində konkret addımların atılacağını bəyan edib.
Nəsimi Ələsgərli













