Rayonlardan uzaq düşən KİTABXANA: "Bu, yanlış siyasətdir"
“Bilmirəm, kimlər edir bunu, ancaq insanı yaxşı əməllərdən uzaqlaşdırırlar. Kəndlərdə kitabxanaların ləğv edilməsi ümumiyyətlə düzgün siyasət deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Səyyad Aran deyib.
O, bəzi kənd yerlərində kitabxanaların fəaliyyətinin dayandırılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib ki, kitab hər bir fərdin, kitabxana isə bütün cəmiyyətin bəzəyidir:
“Kitabxananı ləğv etmək nə deməkdir? Axı, bizim nəsil hamımız kitabxanalarda böyümüşük. Mən öz inkişafım üçün həm uşaq kitabxanasının, həm də mərkəzi kitabxananın rolunu böyük minnətdarlıqla xatırlayıram. O gözəl işçiləri də unutmuram.
Bütün gəncliyim və həyatım, demək olar ki, kitabxanalarda keçib. Elm, bilik, ədəb, təhsil və həyatda nə qazanmışamsa hamısını o kitabxanaların sayəsində qazanmışam. Anlamıram ki, nə üçün kəndlərdəki kitabxanalar ləğv edilir? Məsələn, hər kənddə ümumilikdə 10 kitabxana varsa, onların doqquzunu bağlayıb yalnız birini saxlayırlar. Guya hamı o “mərkəzləşmiş” kitabxanaya gəlsin.
Amma mən niyə 5-6 kilometr uzağa, başqa kənddəki kitabxanaya getməliyəm? Bunu çox yanlış bir addım, səhv siyasət hesab edirəm. Gənclərin tərbiyəsinə, təhsilinə və kitaba olan münasibətinə uyğun gəlmir, əksinə, mənfi təsir göstərir”.
Deputat qeyd edir ki, kitab insan həyatının bəzəyidir, onun elmi səviyyəsinin göstəricisidir:
“Bilmirəm, kimlər edir bunu, ancaq insanı yaxşı əməllərdən uzaqlaşdırırlar. Kəndlərdə kitabxanaların ləğv edilməsi ümumiyyətlə düzgün siyasət deyil. Burada çox xoşagəlməz bir münasibət var.
Bəs insan mədəni vaxtını harada keçirməlidir? Klubda, kitabxanada! Amma indi kənd klublarını da ləğv ediblər. Demək olar ki, kəndlərdə klub qalmayıb. Məsələn, mən xatırlayıram, vaxtilə kəndlərimizin əksəriyyətində klub var idi. İndi isə o 50 klubdan bəlkə biri, ya ikisi qalıb. Niyə bunları ixtisar edirsiniz?
Axı insanlar boş vaxtlarını orada keçirirdilər — şahmat oynayırdılar, tədbirlərdə iştirak edirdilər. Onlar mədəniyyət ocaqlarının iştirakçısı, bəzən də tamaşaçısı olurdular. Orada diskussiyalar keçirilirdi, kitab müzakirələri aparılırdı. Ziyalılar, müəllimlər, həkimlər o söhbətlərdə iştirak edirdilər. Hətta yuxarı sinif şagirdləri də gəlir, görür, öyrənirdilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli