Aşağıda təqdim etdiyim şəklə diqqətlə baxın. Qeyri-adi bir şey gördünüzmü? Əminəm ki, görmədiniz. Bakının hər gün gördüyümüz gözəl mənzərələrindən biridir.
Şəklin üstündə Bakı Nəqliyyat Agentliyi yazılıb. Bir az da diqqətlə baxanda sağ tərəfdə aşağıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi gözə dəyir.
Yenə də deyə bilərsiniz ki, hə, nə olsun? Nə olduğunu az sonra izah edəcəm. Hələliksə…
Hələliksə, son illər ərzində ilk dəfə maşınsız qalmışam. Düzdür, maşınım olanda da piyada gəzməyi, ictimai nəqliyyatdan istifadə etməyi çox sevərdim. Lakin tələsik işlərim çox, uzaq məsafələrə təcili getməli olanda maşından istifadəyə üstünlük verərdim. İndi isə maşınsızlıq üzündən yaxın-uzaq demədən hər yerə ictimai nəqliyyatla getməli oluram…
…Hər şeydə bir xeyir olduğuna inanan birisiyəm. Yəni hansısa işim alınmayanda, nəyimsə çatışmayanda düşünürəm ki, bunda da bir xeyir var. Özümü nikbinliyə kökləyən, “yaxşı düşünüm ki, yaxşı olsun” deyən birisiyəm…
Maşınsızlıqda da bir xeyir olduğunu əməlli-başlı hiss edirəm. Doğma Dədəli kəndimə avtobusla gedirəm. Maşın sürəndə ətrafı görməyə imkan olmurdusa, indi rahat şəkildə sağa-sola baxa bilirəm. Hələ Bakının özündə də avtobusla yol gedəndə, yaxud ayaqla gəzəndə daha nələr görmürəm, nələr?
Elə təqdim edilən şəkil də o gördüklərimdən biridir.
Nə var orda? İlk baxışdan heç nə. Şəhərin əsas nəqliyyat arteriyalarından olan Heydər Əliyev prospektinin bir parçasıdır. Ətraf doğrudan da çox gözəldir. Baxımlı, səliqəlidir. Üstəlik də bu yol hava limanından şəhərə gələn əsas yol olduğu üçün əməlli-başlı üz ağardan görkəminin olması lap ürəkaçandır.
İndi sual oluna bilər ki, bunları niyə yazıram? Sadə bir səbəbdən. Bu gün yolum o istiqamətdən düşmüşdü. Metronun “Ulduz” stansiyasında çıxıb üzü şəhərə yollanmaq istəyirdim. Stansiyadan bayıra çıxanda çaşıb qaldım: doğrudanmı bu bərbad yer Bakıdır? İnanmaq istəmədim, amma başqa çarə də yoxdu.
Telefonumda xəritəyə baxıb müəyyən etdim ki, təxminən 1 km ayaqla gedib Heydər Əliyev prospektinə çıxa, oradan da avtobusla mənzil başına gedə bilərəm. Elə də etdim.
…Tozlu-palçıqlı bir yolla (açığı, mənim Dədəli kəndimdə belə o durumdakı yollar çoxdan tarix olub) birtəhər Heydər Əliyev prospektinə çıxdım. Qarşımda çox gözəl bir mənzərə açıldı. Səliqə-sahman öz yerində, yola paralel piyada zolağı, aradakı yaşıllıq mükəmməldi…
Üzü mərkəzə doğru getdim. Bir xeyli gedəndən sonra piyada zolağı bitdi. Bəli, sadəcə bitdi və məcbur olub maşınların sürətlə şütüdüyü asfalta keçməli oldum. Bu duruma Əmlak Məsələlələri üzrə Dövlət Agentliyinə aid bir binanın qarşısında rast gəldim. Az irəli getmişdim ki, daha bir binaya çatdım və sarı mətbuatın dili ilə desək, “şok” oldum! Niyə? Səbəbini izah edirəm.
“Şok” olmağıma səbəb piyada zolağı yerinə asfaltın üzərilə yeriməyə məcbur qaldığım məkanın Bakı Nəqliyyat Agentliyinə aid binanın qarşısı olması idi. Hələ üstəlik binanın aşağı sağ tərəfində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” də yazılmışdı…
Yadıma düşdü: bir zamanlar bu mərkəzin və sistemin qurulması üçün 20 milyon dollardan çox vəsaitin xərclənməsi haqqında qürurla danışan dövlət adamlarımız vardı. Deyilənlərə görə, sonradan da xeyli vəsait xərclənib o sistemin tam oturuşması üçün. Bəs ortada nə var? Hər gün avtobus dayanacaqlarında gördüyümüz boz və boş monitorlar! Və hər gün hər birimiz üçün bütün günü işgəncəyə çevirən tıxaclar və şəhər nəqliyyatındakı xaos!
Bəli, o binanın içində kimin nə işlə məşğul olduğunu bilmirəm, amma gördükləri (əslində, görmədikləri) işi hər gün hər bir şəhər sakini öz üzərində hiss edir…
…Binanın üzərindəki yazını görüncə telefonumu çıxarıb şəklini çəkdim ki, ictimaiyyətə təqdim edim. Göründüyü kimi, nəqliyyatımızın intellektual idarə edilməsinə cavabdeh olan qurumun öz binasının qarşısında zəkadan əsər-əlamət olmayan bir durum var: piyada zolağı sadəcə olaraq ləğv edilib! Bax, belə! Bunların evinin içi bu gündədirsə, biz şəhərdə nəqliyyatı ağılla və mədəni idarə etmələrini gözləməkdə haqlıyıqmı? Əsla!
Və nə baş verdi mən şəkil çəkincə? Bir gənc binadan çıxıb çığırdı ki, çəkmək olmaz! Onun ardınca bir nəfər də polis (mühahfizə) geyimli şəxs çıxıb mənə sarı nəsə dedi. Anlamadım. Lakin cavab verdim: nə olub, hərbi obyektdir, gizli müəssisədir, nədir ki, şəklini çəkmək olmasın? Nəsə dedilər, yenə anlamadım. Əllə işarə etdim ki, buyurun, gəlin görüm, nə deyirsiniz. Gəlmədilər. İşarə etdilər ki, get. Deyinə-deyinə yoluma davam etdim və mənzil başına çatdım. İşimi gördüm, sonra yenə də avtobus dəyişə-dəyişə evə gəldim…
…Məni ailədə də, məktəbdə də bir qaydaya öyrəşdiriblər: nəyi isə dəyişmək istəyirsənsə, özündən başla. Yəni əvvəl evin içi, sonra çölü. Mən indi anladım ki, bu nəqliyyatımızı ağılla idarə etmək istəyənlər niyə işi əməlli-başlı batırıblar. Əgər bu adamların öz iş yerlərinin önündəki piyada zolağını təmin etməyə zəkası yetmirsə, onlardan Bakı kimi bir meqapolisdə nəqliyyatı idarə etməyi gözləmək sadəlövhlük deyilmi? Mənim üçün sadəlövhlükdür. Zatən çoxdandır bunlardan əlimi üzmüşdüm və bu gün gördüyüm mənzərə ümidlərimi büsbütün məhv etdi…
Çağırışımdır: Bakıda nəqliyyatı intellektual və ya qeyri-intellektual şəkildə idarə etdiyi iddiasında bulunan hər kəsi işdən atmaq, yerinə elementar təcrübəsi və bacarığı olan yeni kadrlar almaq lazımdır! Bu adamlar dövlətin milyonlarla pulunu havaya sovurub, ortada isə heç bir ürəkaçan iş yoxdur! Yoxdursa, adamlar onlara tapşırılan işin öhdəsindən gələ bilmir! Yaxud da lap elə gəlmək istəmir! Hər iki halda dövlət onları məsuliyyətə cəlb etməli, havaya sovurduqları pulların hər bir qəpiyinin hesabını tələb etməlidir!
Sözardı: Yəqin BNA və ya ordakı “intellektuallar” iddia edəcək ki, şəkildə görünən yaşıl adacığın sağ tərəfindəki piyada zolağından istifadə etməliydim. Elədirmi? Əvvəlcədən deyirəm: elə deyil. Çünki yola diqqət edəndə görünür ki, o piyada zolağı da məhz binaya doğru gedir, üstəlik, əraziyə giriş şlaqbaumla qorunur və bu da o deməkdir ki, kənar adamlar o əraziyə daxil ola bilməzlər. Mənim kimi təsadüfən ordan keçən piyadalar üçün yola paralel – düzünə piyada zolağı olmalıdır…
Sözardına sözardı: Bu şəkil çəkməyi yasaqlamaq istəyən zehniyyətə isə izah edilməlidir ki, hər kəsin gözü önündə olan bir yerin çəkilməsini yasaqlamaq çox mənasız işdir. Çox sadə səbəbdən: əgər hansısa casus oranı çəkmək istəsə bunu mənim kimi açıq şəkildə etməyəcək ki. Həm də hər kəsin gözünün önündə olan bir binanın şəklini mən çəksəm nə olacaq, çəkməsəm nə olacaq? Hə, qorxursunuz ki, ölkə Prezidentinin gözündən yayındırmaq istədiyiniz hansısa qüsuru aşkar edib ictimailəşdirərik? Bunu da əngəlləyə bilməzsiniz. Bizim sizin gizlətmək istədiklərinizi görmək üçün öz üsullarımız var…
Azər Həsrət
www.yenicag.az