İnternet media bu ildə dövlət dəstəyindən məhrum qalacaq
Əflatun Amaşov: “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyəsi artırılarsa, çox güman ki…”
Umud Rəhimoğlu: “Planda hələlik belə bir məsələ yoxdur”
Dövlət tərəfindən bildiyimiz kimi çap mətbuatına ciddi dəstək göstərilir. Amma internet media resursları hələlik bu dəstəkdən yararlana bilmir. Bu fonda maraqlıdır, görəsən, internet mediaya da dövlət dəstəyi olacaqmı? Bu baş verərsə, hansı kriteriyalar əsas götürüləcək?
Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag-az-a açıqlamasında bildirdi ki, KİV-ə Dəstək Fondunun maliyyəsi artırılacağı təqdirdə, internet portallara da dəskət göstərilməsi məsələsinə baxıla bilər: “Hələlik internet mediaya dövlət dəstəyinin olması nəzərdə tutulmur. Bu məsələ son illərdə Mətbuat Şurası, Fondun keçirdiyi tədbirlərdə də müzakirə olunur. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyəsi artırılarsa, çox güman ki, internet resurslara da yardım göstərilməsi nəzərdə tutulacaq. Bunun hansı xəbər portallarına verilməsinə gəldikdə, müəyyən parametrlər müəyyənləşəcək. İctimai fikrə daha çox təsir göstərən xəbər portalları yardım ala biləcək”.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu Yenicag.az-a açıqlamasında bu istiqamətdə gündəmdə hələlik heç bir məsələ olmadığını dedi: “Heç bu məqam nə Mətbuat Şurası, nə də KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasında müzakirə olunmayıb. Həmin qurumların planında da belə bir məsələ yoxdur. Təbii ki, internet media yeni yaranan bir strukturdur. Bununla bağlı gələcəkdə hansısa qərar olsa, müzakirə başlasa yəqin ki, mətbuat məlumatlandırılacaq. Bu iş bir adamın istəyilə olan məsələ deyil. Aydiyyatı qurumlarda bu məsələ ilə bağlı müzakirələr olduqdan sonra yəqin hər hansı bir qərar qəbul olunar. İndilikdə isə bununbla bağlı məlumatsızam”.
Rüfət