İpoteka, yoxsa bu addan maksimum sui-istifadə?
Rövşən Talıbzadə: “20-25 faizlik ilkin ödəniş ipoteka krediti ilə mənzil almaq istəyən üçün əlçatan olmur”
Akif Nəsirli: “Azərbaycanda ipoteka layihəsi hökumətin xarici reytinq cədvəlində özünə mövqe qazanmaq üçün həyata keçirilən bir layihədir”
İpoteka kreditleri bütün dünyada az faizli ve uzun müddətli olur. Ancaq Azərbaycanda hələ də bunun əksini müşahidə edirik. Bu kreditlərin faizi yüksək və az müddətli olur. Həmçinin ilkin ödəniş faizinin yüksək olması da əksər insanlara ipoteka kreditindən faydalanaraq mənzilə sahib olmağa imkan vermir. Məsələn, bütün dünyada ipoteka faiz kreditləri maksimum 1-2 faiz olduğu halda, Azərbaycanda qeyri-dövlət ipoteka faizləri 10 faizdən aşağı deyil. Həmçinin kredit müddəti də az olduğu üçün ayda bəzən 2500-3000 manat kredit ödənilməlidir. Bu ipoteka adından sui-istifadə deyilmi?
Əmlak Ekspert Mərkəzinin əməkdaşı Rövşən Talıbzadə Yenicag.az-a açıqlamasında qeyd etdi ki, ipoteka kreditinin sadələşdirilməsi istiqamətində çox işlər görülməlidir: “İpoteka kreditləri sisteminin sadələşdirilməsi ilə bağlı olaraq uzun müddətdir ki, iş gedir. Mərkəzi Bank dəfələrlə açıqlama verib ki, ipoteka şərtlərinin sadələşməsi labüddür. Hazırda kommersiya krediti 8, sosial kredit isə 4 faizlə verilir. Hər iki kredit növü faizlərinin iki dəfəyə qədər aşağı salınması məsələsi qaldırılıb. Həmçinin, bunun üçün lazım olan sənədlərin sadələşdirilməsi məsələsi də gündəmə gəlib. İpoteka sistemi əslində gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlib. Amma 20-25 faiz civarında ilkin ödənişi vətəndaş özü ödədiyindən 15 min manat verməlidir ki, 50 min manat almaqla 65 minlik əmlakı ala bilsin. Bu qədər ilkin ödəniş məbləğini toplamağın özü də çətindir. Ona görə ilkin ödəniş faizləri də minimuma endirilməlidir. Vətəndaşın aldığı əmək haqqı ona ipoteka krediti almağa imkan verir. Amma 20-25 faizlik ilkin ödəniş onun üçün əlçatan olmur. Verilən 50 min manatlıq məbləğ də azdır. Bu gün bazarda 50 min manata mənzil tapmaq çətindir. Bu məbləğ də yuxarı qaldırılmalıdır. Burada sığorta, kommision haqlar da yüksəkdir, komission xərclər 2000-2500 manata gəlib çıxır. Deməli vətəndaş 50 min manatlığa imza atsa da, əlinə ancaq 47500-48000 manatı ala bilir. Yəni bu sahədə çoxlu işlər görülməlidir. Amma fakt odur ki, hələlik həmin sahədə heç bir dəyişiklik yoxdur”.
Liberal İqtisadiyyat Mərkəzinin rəhbəri Akif Nəsirlinin fikrincə, ölkəmizdə ipoteka kreditləşməsi sadəcə olaraq, reytinq cədvəllərində yer tutmaq naminə həyata keçirilir: “İpoteka kreditindən sui-istifadə etmək o deməkdir ki, ondan məmurlara yaxın hansısa zümrə faydalana bilər. Bu zaman məsələyə suo-istifadə kimi yanaşmaq olar. Sadəcə olaraq, Azərbaycanda ipoteka layihəsi deyilən proses əslində hökumətin xarici reytinq cədvəllərində özünə müəyyən mövqe qazanmaq üçün həyata keçirilən bir layihədir. İpoteka kreditində məqsəd ev almaq imkanında olmayan insanların mənzillə təmin edilməsinə yardımçı olmaqdır. Lakin Azərbaycanda həyata keçirilən layihədə belə bir məqsəd qoyulmur. Bu məntiqlə Azərbaycanda ipoteka almaq istəyən insan azı 800-1000 manat əmək haqqı almalıdır ki, ipotekanı versin və ailəsini də dolandıra bilsin. Ölkədə orta aylıq əmək haqqını isə 500 manat civarında göstərirlər. Belə olan halda ipoteka ödənişi aylıq 150 manatdan çox olmamalıdır. Çünki, ən yüksək ödəniş orta aylıq əmək haqqının üçdə birinə bərabər olmalıdır. Azərbaycanda isə bunu müşahidə etmirik”.
Rüfət