İqtidar və müxalifət ADNA faciəsini terror hesab edir?
Aydın Mirzəzadə: “Həm faciə, həm də terror hadisəsi idi”
Nürəddin Məmmədli: “Hakimiyyətin davranışları həqiqətdə nəyin baş verdiyini, 30 aprel hadisəsinin hansı səbəbdən qaynaqlandığını bildirməyə əsas vermir”
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisədən 6 il ötür. Həmin zaman Gürcüstan vətəndaşı Qədirov Fərdanın akademiyaya daxil olaraq açdığı atəş nəticəsində 12 nəfər qətlə yetirilmiş, 13 nəfər isə yaralanmışdı.
Görəsən, ADNA-kı 30 aprel hadisəsi terror hadisəsi idimi?
Yenicag.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə hadisənin həm faciə, həm də terror olduğunu bildirdi: “Bu bir nəfərin çox sayda adamı qətlə yetirilmək üçün etdiyi bir cəhd idi. Eyni zamanda böyük bir faciə idi. Çünki, günahsız insanlar amansız, düşüncəsiz bir insanın qara əməlinin qurbanı olublar. Azərbaycan xalqı heç zaman bu faciəni unutmayacaq. Bundan sonra da həmişə tədbirlər görüləcək ki, heç bir zaman bir daha belə olaylar baş verməsin”.
AXCP sədrinin müavini Nürəddin Məmmədli isə suala konkret cavab vermədi: “30 aprel hadisəsində bu qədər insanın ölümünə səbəb olan olayı Azərbaycan hakimiyyəti tədqiq edib, həqiqəti ortaya qoymaq əvəzinə, onun yad edilməsinə, insanların gələcəkdə də belə təhlükə ilə üzələşməməsi istiqamətində mübarizəsini qadağan etmək yolunu tutdu. Ona görə bu cür suallara cavab verməyin yolu rəsmi şəkildə aparılan kompleks tədqiqatlar nəticəsində ortaya qoyulmalıdır. Hakimiyyətin davranışları isə həqiqətdə nəyin baş verdiyini, onun hansı səbəbdən qaynaqlandığını bildirməyə əsas vermir. Ölkə hüquq əsasında idarə olunmur ki, ona söykənərək nəyisə ifadə etmək və deyilən sözün arxasında dayanmaq mümkün olsun. Hər halda həqiqətin ortaya çıxmasına maneə olmaq istiqamətində atılan addımlar, məshəkə xarakteri daşıyan məhkəmə prosesi burada hakimiyyətin özünə yönəlik hansısa hərəkətlərin mövcudluğunu söyləməyə daha çox əsas verir”.
Elçin