“İran-Azərbaycan əlaqələri getdikcə dərinləşir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində işlərin Astara şəhəri də daxil olmaqla tamamlanması həm ikitərəfli, həm də regional əməkdaşlıq üçün dəyərli töhfədir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident Həsən Ruhani Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı bildirib.
“İqtisadi əməkdaşlıq və müştərək sərmayələr iki ölkənin xalqlarına fayda gətirəcək”, – deyən dövlət başçısı nəqliyyat, enerji, avtomobil sənayesi, əczaçılıq sahələrində İran-Azərbaycan əlaqələrini daha da genişləndirməyin vacibliyini vurğulayıb.
Öz növbəsində, Şahin Mustafayev də iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etdiyini, nəqliyyat və tranzit sahələrinin də əməkdaşlıqda ən mühüm yer tutduğunu diqqətə çatdırıb.
“İranla Azərbaycan arasında əməkdaşlıq ikitərəfli sazişlər əsasında həyata keçirilir. Rəşt-Astara dəmir yolunun tamamlanması xalqlarımızın iradə və istəyini əks etdirir. Bakı və Tehran arsında münasibətlərin inkişafına heç bir sədlər təsir edə bilməz”, – deyən nazir iki ölkənin özəl sektorları arasında da əlaqələrin artmasının, sərmayədarların dəstəklənməsinin vacibliyini vurğulayıb./Report/
www.yenicag.az