İran elitası Xameneyini qurban verməyə hazırlaşır? – “Qüds”–Ettelaat qarşıdurmasının PƏRDƏARXASI
İran daxilində son aylarda ən çox müzakirə olunan mövzulardan biri sistem daxilində mümkün gizli qarşıdurmadır. Bir tərəfdə İnqilab Keşikçilərinin “Qüds” xətti, digər tərəfdə isə Kəşfiyyat Nazirliyi – Ettelaat dayanır. Sosial şəbəkələrdə və bəzi analitik çevrələrdə “daxili savaş”, “gizli parçalanma” kimi ifadələr işlədilir. Qurumlar arasında strateji yanaşma fərqlərinin mövcudluğu açıq şəkildə hiss olunur.
Bu fonu daha da ağırlaşdıran məqam isə Əli Xameneinin fövqəladə hallar planı ilə bağlı yayılan məlumatdır. “The New York Times” altı yüksək vəzifəli İran rəsmisinə istinadən yazır ki, Xamenei ABŞ ilə mümkün hərbi toqquşma, sui-qəsd və ya idarəetmə sistemində pozuntu halı üçün çoxpilləli varislik mexanizmi müəyyən edib. Hər əsas vəzifə üçün dörd alternativ səviyyə təyin olunub və fövqəladə vəziyyətdə qərarvermə dar çevrəyə ötürüləcək.
Bu, adi ehtiyat planı deyil. Bu, sistemin ən pis ssenarini real saydığını göstərir.
Qüds xətti: sərt strategiya və daxili narazılıq
İnqilab Keşikçilərinin “Qüds” qüvvələri İranın region siyasətində əsas icra mexanizmidir. Onların yanaşması ideoloji və konfrontativdir. Xarici düşmən obrazının canlı saxlanması, regional silahlı şəbəkələrin dəstəklənməsi və sərt təhlükəsizlik kursu bu xəttin əsas xüsusiyyətidir.
Tənqidçilər hesab edir ki, bu struktur digər qurumlarla hər zaman uzlaşmır və bəzən koordinasiyadan kənar qərarlar verir. Son illərdə İranın nüvə proqramı ilə bağlı alimlərin öldürülməsi, yüksək rütbəli şəxslərin hədəf alınması təhlükəsizlik sistemində boşluqlar barədə suallar yaradıb. Rəsmi Tehran bu hadisələrə görə əsasən xarici kəşfiyyatları ittiham edir. Amma daxildə struktur rəqabəti və koordinasiya problemi ehtimalı analitik səviyyədə müzakirə olunur.
Süleymani presedenti və sızma iddiası
2020-ci ildə Qasım Süleymani ABŞ zərbəsi ilə öldürüldü. Rəsmi versiya əməliyyatın Vaşinqton tərəfindən həyata keçirildiyini bildirir. Lakin illərdir dolaşan bir iddia var: onun marşrutu və hərəkət planı daxildən sızdırılıb.
Bu iddia sübuta yetirilməyib. Amma Süleymaninin ali liderlə yaxınlığı və regionda müstəqil təsir imkanlarının artması fonunda digər qurumlarla fikir ayrılığı yaşadığı barədə məlumatlar olmuşdu. Bu versiyaya inananlar deyirlər ki, daxili narazılıq nəticəsində o, faktiki olaraq “qurban verildi”.
Əgər belə bir sızma həqiqətən baş veribsə, bu, sistem daxilində heç kimin tam toxunulmaz olmadığı anlamına gəlir.
Laricani kartı və keçid siqnalı
“The New York Times” yazır ki, yanvar böhranı zamanı Xamenei öz müttəfiqi Əli Laricanini koordinasiya prosesinə cəlb edib. Bu, bəzi dairələr tərəfindən mümkün keçid planının ilkin mərhələsi kimi qiymətləndirilir.
Mesaj aydındır: Ali lider aradan çıxarsa belə, sistem dağılmayacaq. Alternativ fiqur hazırdır.
Lider, yoxsa rejim?
İran modeli formal olaraq ali lider mərkəzlidir. Amma real güc balansı kollektiv strukturlar üzərində qurulub. İnqilab Keşikçiləri, Ettelaat, dini institutlar və iqtisadi şəbəkələr sistemin dayaqlarıdır. Bu strukturlar üçün əsas prioritet fərd deyil, rejimin davamlılığıdır.
Əgər ABŞ təzyiqi daha da artarsa, iqtisadi vəziyyət kritik həddə çatarsa və beynəlxalq təcrid dərinləşərsə, daxildə “sistemi qoruma” instinkti güclənə bilər. Ən radikal ssenariyə görə, belə bir məqamda təhlükə xaricdən deyil, daxildən gələ bilər.
Bu halda Xameneinin aradan götürülməsi əməliyyatının xarici kəşfiyyat məsələn, Mossad tərəfindən deyil, məhz sistem daxilindəki sərt qərar verənlər tərəfindən həyata keçirilməsi ehtimalı barədə iddialar ortaya çıxır. Yəni məqsəd lideri deyil, rejimi xilas etmək ola bilər.
İranın gələcəyi bir sualın cavabından asılıdır: Tehran üçün əsas olan şəxsdir, yoxsa sistem?, Əgər seçim anı gəlsə, hansı tərəf üstün tutulacaq? Bu qərar təkcə İranın deyil, bütün regionun təhlükəsizlik xəritəsini dəyişə bilər.
“Yeni Çağ” Təhlil Qrupu













