Reklam

Reklam

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır.

Vüqar Zifəroğlu

İlk nöbədə vurğulamalıyıq ki, baş verənərin birmənalı şəkildə yalnız xarici amillərlə əlaqələndirilməsini doğru hesab etmirik və burada daxili faktorlar da son dərəcə ciddi əhəmiyyət daşımaqdadır.

Hal-hazırda baş verənlər ilk növbədə İran daxilində islahatçılarla mühafizəkarlar arasında gedən siyasi mübarizənin təcəssümüdür. Diqqət edin, bu aksiyalar Məşhəddən başladı. Məşhəddəki etirazların 2017-ci il prezident seçkilərində Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisinin və tərəfdarlarının təşkil etdiyi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyaların ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi və sonra bunun əks tərəfə – Xamneyi və bütünlükdə İranın ali ruhani sisteminin əleyhinə çevrilməsi də az şey ifadə etmir. Yəni əslində bütün bunlar onu göstərirdi ki, aksiyalar əslində İranın daxilindəki siyasi qüvvələrin siyasi toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir.

Təbii ki, regionda marağı olan xarici qüvvələrin də hər biri baş verən proseslərdən yararlanmağa çalışırlar. Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi eyni zamanda xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hal-hazırda İranla çox ciddi siyasi münaqişədədir və Əhvazın ərəb əşirətərinə dəstək verməkdədir. Və ya Bəlucistanın aktiv şəkildə baş verən etirazlarda iştirakının özü də əslində az şey ifadə etmir.

Proseslərdə Güney Azərbaycanla bağlı məqamlara da diqqət çəkmək istərdim. Zəncan istisna olmaqla Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Bunun özü çox maraqlı məqamdır. Güney Azərbaycandakı soydaşlarımız bizim bir çoxlarımızdan daha yaxşı anlayırlar ki, baş verənlər əslində, ölkədəki siyasi oyunların təzahürüdür. Burada başqa ciddi məqam etirazların start götürdüyü şəhərlərdə bəzi qüvvələrin ortaya atdıqları şüarlar – əslində həm də hədəflərdir. Şüarlara diqqət edək: “Rza şah ruhun şad olsun”; “İranın şahı yoxdur, hesab kitabı da yoxdur” və “Biz ariyayiyik (ari irqi), ərəbləri istəmirik”. Təbii ki, bu kimi şüarlar güneydə gedən milli hərəkatın hədəfləri ilə bir deyil, əksinə tam ziddiyyət təşkil etməkdədir. Burada həm də o nəticəni çıxarmaq olar ki, əslində daxili siyasi hesablaşma kimi başlanan bu aksiyalar, nəticə etibarı ilə Qərbin də dəstəyi ilə, çoxdandır ki, İranın daxilində revanşa nail olmağa çalışan monarxist-pəhləviçilərin aktivləşməsinə təkan verə bilər. Sirr deyil ki, Qərb Pəhləvi davamçılarına hər zaman aşkar dəstək verib.

O zaman niyə məhz Zəncan proseslərdə daha aktiv oldu sualının isə cavabı var. Zəncanın Ərdəbil, Urmiyə yaxud Təbrizdən fərqi ondan ibarətdir ki, bu bölgə hər zaman mühafizəkar baxışları ilə seçilən Güney Azərbaycan şəhəri olub. Bu şəhərdə ali dini ruhani sistemə bağlılıq daha çoxdur. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi.

Vurğulamalıyıq ki, faktiki olaraq İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız “Amerikanın, İsrailin və ya Səudiyyənin barmağının olduğunu” iddia etmək tamamilə yanlış olardı. Sadəcə olaraq bu qüvvələr, baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin öz axarından çıxaraq daha kəskin və münaqişəli hal almasında maraqlıdırlar.

İslam İnqilabi Keşikçiləri Korpusu – SEPAH-ın komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında vaxtilə siyasi hakimiyyətdə olan şəxslərin rolunun olmasına dair bəyanatını və əslində bununla da Əhmədinejata və tərəfdarlarına vurğu etməsini də nəzərə alarsaq, yekun olaraq deyə bilərik ki, baş verənlərdə ilk əvvəl önəmli olan daxili faktorlar olub. Yəni, bu iğtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürü kimi qiymətləndirilə bilər. Lakin təbii ki, xarici faktorları da burada öz rolunu oynamaqdadır.

Hazırda İranda “ərəb baharı” başlatmaq istəyənlərin öz hesablarında nə dərəcədə dəqiq olacaqlar, bunun ididən söyləmək çətindir. Təbii ki, bütün bu olanlar İranda hakimiyyətin siyasi dəyişikliyinə səbəb olmayacaq. Təəssüf ki, bu cür etirazlar İran rejiminin sarsılmasını deyil, əksinə daha da radikallaşaraq “islam inqilabı modeli” ayarlarına geri dönməsinə səbəb olmaqdadır. Lakin bütün bu olanlar heç şübhəsiz ki, bütün Yaxın Şərqə öz təsirini göstərəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 949
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."