İranda müharibə, yoxsa daxili inqilab? – “ABŞ hərbi qüvvə yerləşdirib...”
“Burada yalnız xarici təsiri ön plana çəkmək düzgün olmaz”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, İran rəsmilərinin ABŞ-nin təsiri ilə yarana biləcək aksiyaların növbəti dalğası fonunda dünya mediasında yayılan narahatlıqlarının nə qədər əsaslı olduğu ilə bağlı fikirlərini bölüşüb. Siyasi şərhçi bildirib ki, İran–Amerika münasibətləri hazırda olduqca gərgin vəziyyətdədir. Demək olar ki, müharibə an məsələsidir.
“Müharibənin başlayıb-başlamayacağı aparılan danışıqların gedişindən və nəticəsindən asılı olacaq. Əgər ABŞ-nin irəli sürdüyü şərtlər İran rejimi tərəfindən qəbul edilərsə, müharibə ehtimalı aradan qalxa bilər. Əks halda isə müharibə riski qaçılmaz görünür.
Lakin başqa bir mühüm məsələ də var ki, bu da İranda daxili etirazlar nəticəsində mövcud rejimin dəyişməsi ehtimalıdır. Artıq bir dəfə buna cəhd olundu, lakin İran rejimi müxtəlif metodlardan istifadə edərək bu etirazların qarşısını aldı. Bunun əsas səbəblərindən biri etirazların kütləvi və davamlı xarakter almaması idi. Lokal etirazlarla İran rejiminə ciddi təsir göstərmək, ona təzyiq etmək və ya rejimi dəyişmək olduqca çətindir. Bu proses bütövlükdə İranın bütün xalqlarını əhatə etməlidir. İran rejimi isə etirazları qəddar üsullarla yatırmaq gücünə malikdir və bunu bacardı.
Gələcəkdə yeni etiraz dalğasının baş verməsi istisna deyil. Əgər müharibə baş verməzsə, hesab edirəm ki, Amerika Birləşmiş Ştatları belə bir dalğanın yaranmasına müəyyən mənada təkan verə bilər. Lakin bu proses təkcə ABŞ-ın iradəsindən asılı deyil. Bu, eyni zamanda İran xalqının öz daxili etirazıdır. İran xalqı mövcud rejimin yaratdığı şəraitdə yaşamaq istəmir. İqtisadi çətinliklər, siyasi məhdudiyyətlər və dini-ideoloji basqılar xalqı ciddi şəkildə narazı salıb. Bu baxımdan etirazların baş verməsi təbii və gözləniləndir. Burada yalnız xarici təsiri ön plana çəkmək düzgün olmaz. Xalqın öz iradəsi və müqavimət istəyi əsas amillərdən biridir.
Problemin bu qədər uzun müddət davam etməsinin və İran rejiminin indiyədək ayaqda qalmasının səbəblərindən biri də teokratik rejimin əvəzlənməsi məsələsində ABŞ-ın aydın və konkret mövqeyinin olmamasıdır. Son etiraz aksiyaları zamanı şahın oğlu siyasi səhnəyə çıxdı. Halbuki müasir və demokratik cəmiyyət qurmaq istəyən insanlar yeni bir monarxiyanın yaradılmasına razı olmadılar. Bu da etirazların kütləviləşməsinə mane olaraq, əksinə cəmiyyətdə parçalanmaya səbəb oldu və rejimə qarşı etirazları zəiflətdi.
Növbəti mərhələlərdə həmin məsələlər daha dəqiq və düşünülmüş şəkildə həll edilərsə, İran xalqının və orada yaşayan xalqların səsi öz müqəddəratını təyin etməsi baxımından proses böyük əhəmiyyət kəsb edə bilər. Bu isə İran rejiminə qarşı genişmiqyaslı və xalqın öz iradəsinə əsaslanan bir müqavimətin formalaşmasına gətirib çıxara bilər.
Hazırda isə vəziyyət hərbi gərginlik mərhələsindədir. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini indidən dəqiq proqnozlaşdırmaq çətindir. ABŞ İranla sərhəd bölgələrdə böyük hərbi qüvvə yerləşdirib, İran isə mümkün qarşıdurmaya hazırlaşır. Bu fonunda iki ölkə arasında müxtəlif formatlarda və fərqli ölkələrin vasitəçiliyi ilə danışıqlar davam edir.
Nəticə etibarilə, hər şey bu danışıqların nəticəsindən asılı olacaq: ya müharibə baş verəcək, ya da İran rejimi dinc yollarla, xalqın etirazları nəticəsində dəyişəcək. Şübhəsiz ki, hamımız istərdik proseslər İranda dinc və qan tökülmədən baş tutsun. Lakin müharibə ehtimalı hələ də gündəmdədir və bunu gözardı etmək olmaz”. – deyə o bildirib.
Nəsimi Ələsgərli












