“Azərbaycan hansısa hədə yağdıran ölkə nümayəndəsinin sözlərinə fikir verməməlidir”.
Bunu İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədaxşan Zohurinin üstüörtülü şəkildə Azərbaycanı təhdid etməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, səfirin açıqlamasına fikir vermək lazım deyil:
“Azərbaycan belə bəyanatlara, hədələrə fikir verməməlidir. Birinci, öz daxillərində nizam-intizam yaratmağa çalışsınlar. Qonşu dövlətlərə “qulaqburması verə bilərik” kimi açıqlamaların heç bir əhəmiyyəti yoxdur. İranın xarici siyasət xətti Azərbaycanın siyasət xəttindən fərqlənir. Bu, təbii haldır. İki müxtəlif dövlətik. Ona görə də xarici siyasət digər dövlətin siyasəti ilə uzlaşmayanda diplomatlar əsəbiləşir, hədələr səsləndirir. Xarici siyasət daxili siyasətin davamıdır. Azərbaycan iqtisadi inkişafı təmin etməli və digər vacib işlərlə məşğul olmalıdır, hansısa hədə yağdıran ölkə nümayəndəsinin sözlərinə fikir verməməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az