İranın “İslamoğlu” kartı və xəvariclər – II Yazı

media-hightechnic-468x90

İranın Mustafa İslamoğlu-Nurəddin Şirin-Əhməd Varol triosunun Hizbullah-Həmas əlaqələri və Azərbaycan planı…

Azərbaycana qarşı hazırlanan çirkin oyunun təşkilatçısı olan Mustafa İslamoğlu “Premier” Hotelin sahibi, bankir Samir Hüseynova niyə təşəkkür etdi?


İran rejimi son bir neçə ilə qədər Azərbaycanın “şiə” dövləti olduğunu israrla vurğulayırdı. “Müsəlman” deyil, məhz “şiə” terminindən istifadə olunmasında məqsəd heç də iki ölkə arasında yaxşı münasibətin olması deyil, məhz Azərbaycana bu yöndən təzyiq etmək imkanlarının əlində olmasına diqqət çəkmək, yəni əbanın altındakı zopanı göstərmək üçün idi. Adında “İslam” sözcüyü olsa da, sahib olduğu ayətullahlarla özünü “şiə”liyin rəsmi təmsilçisi sayan fars rejimi dünyaya məhz “İran şiəliyini” ixrac edir. Bu “şiəlik” normal “şiəlik”dən hansı xüsusiyyətləri ilə fərqlənir?

Iran Husilərə nədən dəstək verir?

İlk öncə qeyd etmək lazımdır ki, fars rejiminin sərhədlərindən kənarda təbliğ etdiyi “şiəliy”in xəmiri mövcud iqtidarlara qarşı qiyam və üsyanla yoğrulub. Həzrəti Əlinin (ə) “Zillət bizdən uzaqdır” kəlamını şüar seçən bu kontingent yaşadıqları ölkələrdə müxtəlif yollarla mövcud iqtidarlara qarşı çıxırlar. Bunun bariz nümunəsini Yəməndə Husilərin simasında görə bilirik. Çox sivil şəkildə meydana gələn, QHT-lər yaradıb, qəzetlər açaraq, sivil mübarizə aparmaq adı altında təşkilatlanan Husi Hərəkatının lideri Əbdülməlik Əl-Husi bu gün Yəmənin başbəlasına çevrilib. “Zəfər Allah qatındandır və zülm edənlər necə devriləcəklərini biləcəklər” deyərək, təkcə Yəməni deyil, bölgədəki digər dövlətləri də hədələyən Əl-Husinin İranın “Hizbullah” vasitəçiliyindən istifadə edərək yardım etdiyi istər Səudiyyə Ərəbistanının, istər Misirin, istərsə də İsrailin xüsusi-xidmət orqanlarının dərc etdiyi raportlarda öz əksini tapıb. Maraqlı və yazacaqlarımıza əsas təşkil edən faktlardan biri budur ki, Husilər İrandakı “İsna-əşəri” əqidəsinə deyil, “Zeydiliy”ə etiqad edirlər. Yəni, Husilər 12 imama deyil, sadəcə imamətin İmam Zeynalabidinlə (ə) yekunlaşdığı inancına sahibdirlər. Normalda şiəliyin bu iki cərəyanı arasında problemlər olsa da, geosiyasi maraqlar bu fərqi görməmək üçün yetərli dəlildir. Həm Yəməni, həm də Səudiyyə Ərəbistanını qarışdırmaq üçün İrana Husilər lazım olduğundan onlara hər cür silah-sursat dəstəyi verir. Həm də bu əlaqələr Azərbaycanda da birilərinin hələ unuda bilmədiyi “Hizbullah” Terror Təşkilatının “beyn”i sayılan İmad Muğniyə tərəfindən qurulub. İsrail xüsisi xidmət orqanlarının hesabatlarında göstərilir ki, Muğniyə planı Yəməndə olduğu kimi ilk addımdan silahlı mübarizəyə deyil, tədrici güclənməyə və aşağılarda möhkəmlənməyə, yetərli gücə sahib olduqdan sonra silahlı mübarizəyə keçməyə üstünlük verir.

İran və Taliban

İran Amerikanın diqqətlərini öz üzərindən uzaqlaşdırmaq üçün şeytanla da ittifaqa girər. Bu səbəbdən də İranın son illərdə Əfqanıstanda Talibana gizli dəstək verdiyi ciddi qaynaqlar tərəfindən dilə gətirilir. Məsələn, ABŞ-ın 7-ci Özəl Qüvvələr Birliyindən olan amerikalı əsgər bildirir ki, Heratda ələ keçirilən talibançıların silahlarının üzərində ingiliscə yazılsa da, İran malı olduğu üzə çıxdı.

Amerikalı mütəxəssislər “CBS Xəbər”ə bildiriblər ki, “İran əfqan cəbhəsinə pul və silah göndərirlər. İraq cəbhəsinin ən ölümcül silahları olan yol kənarına yerləşdirilən gücləndirilmiş bombalara da (EFP) artıq Əfqanıstanda da rast gəlinilir ki, bu da İran faktorunu danılmaz edir. 

Bütün bunlar İranın düşmənə qarşı bütün yollardan istifadə etdiyini göstərir.

Bəs Azərbaycanda?

Sovetlər dağılandan sonra Azərbaycana nüfuz etmək istəyən İran buranı öz təsirində görürdü. Ateizm təsirində yaşamış, dədə-babalarından öyrəndikləri və mahiyyətini belə bilmədikləri “biz şiəyik” sözündən istifadə edən insanları qısa zamanda öz təsir dairələrinə salacaqlarını düşünürdülər. Mütəllibov hakimiyyətinin Bakı kəndlərindəki fanatiklərə, “Qardaşlar” Cəmiyyəti kimi kriminal-dini qruplara meydan yaratması İranı həvəsləndirirdi. Elçibəy hökumətinin anti-İran siyasətinə rəğmən, demokratiya naminə iranyönümlülərə təşkilatlanmaq üçün böyük fürsətlər verməsi Fars rejiminin işinə yarayırdı. Ancaq Azərbaycanda ciddi dövlətçilik ənənələrinin bərpasına başlanılması İranın əl-qolunu nisbətən bağladı. İrana casusluq edənlərin ifşası, fars rejiminin ölkəmizə qarşı təxribatları əhalidə nifrət doğurmaqla yanaşı, sünni cərəyanların da ölkəmizə ayaq açması İrana ciddi zərbə vurdu. İranın ciddi-cəhdlə səs-küy saldığı, narahatlığını dilə gətirdiyi halda 1994-cü ilə qədər Azərbaycan əhalisinin az bir qismini əhatə edən sünniliyin birdən birə güclənməsi, bir neçə cərəyan halında İranın “özünün saydığı” ərazilərə qədər daxil olması mollaların planlarında dəyişiklik etmələrinə səbəb oldu. Son illərə qədər sünniliyin inkişafını həm İranda, həm də Azərbaycanda baltalamaq üçün bütün vasitələrdən istifadə edən İran 15 ildən sonra təslim bayrağını qaldırdı və məhz bu səbəbdən də dünənə qədər Azərbaycanda sünniliyi tərəf müqabili saymayan fars rejimi müxtəlif vasitələrlə azərbaycanlı sünnilərlə dil tapmaq istəyir. Çünki sünniliyin şiəliyə nisbətdə günü-gündən çoxalması İranı bu yola vadar edib.

İranın “İslamoğlu” kartı…

Mustafa İslamoğlu da bu yöndə istifadə olunmaq üçün İranın illərdən bəri hazırladığı kadrlardan biridir. Misirdə müxalif cərəyanların təsirində yetişən, “iqtidarı ələ keçirənə qədər məzhəb ayrı-seçkiliyini kənara qoyub, tağuta qarşı bərabər mübarizə aparaq lazımdır” radikal ixvan düşüncəsinə sahib Mustafa İslamoğlu neçə illərdir İranın Türkiyədə imajını dəyişmək üçün istifadə etdiyi şəxslərdən biridir. “Xomeyninin İslam inqilabı” modelinin müdafiəçisi olan İslamoğlu Misirdə olarkən, Təkfir və Hicrət Camaatı, İslami-Cihad terror təşkilatı, İxvanül-Müslimin kimi radikal əməlləri ilə Orta Şərqdə ad çıxaran radikal dinçi təşkilatlarla çox ciddi əlaqələr qurub. Qeyd edək ki, bəzi araşdırmaçılar, 1981-ci ildə baş verən terror əməlini (Prezident Ənvər Sədata təşkil edilən sui-qəsdi) reallaşdıran İslami Cihad Terror Təşkilatı ilə, 1974-cü ildə “dövləti silah gücü ilə yıxaraq yerinə dinə söykənən bir dövlət qurmaq” istəyən Saleh Səriyyə liderliyindəki İslami Qurtuluş Camaatı arasında ciddi bir əlaqə olduğunu hesab edirlər. Birinci ikincinin ardıcılı hesab olunur. Mustafa İslamoğlunun Misirdə, əl-Əzhər Universitetində oxuduğu illər həm Xomeyni inqilabının baş verdiyi, həm də Misirdə radikal dini təşkilatların güclü olduğu dövrə təsadüf etməsi onun həyatına yön verdi. Daha sonra İranda yarı gizli şəkildə İranın İslam Keşikçiləri Ordusuna bağlı xüsusi mərkəzlərdə təlim keçdiyi vurğulanan Mustafa İslamoğlu Türkiyədə Baş Polis Təhlükəsizliyi İdarəsi tərəfindən “radikal və təhlükəli” şəxs kimi xarakterizə olunur. “İrtica fəaliyyətləri” adlı hesabatda göstərilir ki, radikal dini qruplar arasında Hizbullahi Vəhdət Qrupu ilə Mustafa İslamoğlunun rəhbərik etdiyi Akabe Qrupu Grubu Türkiyəyə İran İslam İnqilabının təbliğ edən qruplardır. Raporda belə qeyd olunur: Akabe qrupu Yazar Mustafa İslamoğlunun liderliyində fəaliyyət göstərən bir qrupdur. 1990-cı ildə qurulan Akev (Akabe Təhsil və Mədəniyyət Vəqfi) bu qrupun fəaliyyətlərini icra etdiyi qanuni quruluş olaraq diqqət çəkməkdədir. İran və Misir istinadlı radikal dini düşüncələrə sahib olduğu bilinən Mustafa İslamoğlu, ‘Kürd Probleminə İslami Həll’ mövzulu təbliği səbəbiylə haqqında iki ayrı iddiadan həbs olunub.

Mustafa İslamoğlu, Nurəddin Şirin və Əhməd Varollu “Azərbaycan” planı

İslamoğlunun radikal dinçilərlə münasibətləri Misirlə məhdudlaşmır və o, Türkiyəyə gəldikdən sonra da Xomeyni İnqilabını Türkiyəyə gətirmək üçün çalışan, Livan Hizbullahı və Həmas ilə ciddi əlaqələr içində olan radikal dinçi terror təşkilatları ilə birgə olub. Bunlar arasında İslami Hərəkat Terror Təşkilatı, Müsəlman Gənclik Təşkilatı və başqalarının adlarını çəkə bilərik. Elə Azərbaycana qarşı İstanbulda keçirilən piketlərin təşkilatçısı olan, ABŞ Dövlət Departamenti tərəfindən terrora dəstək verənlər siyahısında adı çəkilən Nurəddin Şirin və “Hizbullah”çı yazar Əhməd Varolla münasibətləri də bu illərə dayanır. Türkiyədə iranpərəstlikləri ilə ad çıxaran bu üç şəxs hazırda Azərbaycanda İranın planlarını həyata keçirmək üçün qollarını çirmələyiblər.

Birinci yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi və radikal islamın formalaşıb, dini terror halına gətirilməsi üçün İran taktik dəyişiklik edərək, Türkiyə üzərindən ölkəmizdə duruş gətirmək istəyir. Bunun üçün radikal şiəlik yetərli olmadığı üçün İran radikal sünnilik deyə təqdim edilən xəvariclər və təkfirçiləri də oyuna qatmaq istəyir. Bu səbəbdən də sünni kimi görünüb, ancaq Xomeyni inqilabını təbliğ edən İslamoğlu Azərbaycana yönləndirilib.

Hizbullah və Həmasın Türkiyədəki üç müdafiəçisi

 

İslamoğlu, Əhməd Varol və Nurəddin Şirinin Hizbullah və Həmasla əlaqələri o səviyyədədir ki, bu üç şəxs bütün dünyanın axtardığı Hizbullah və Həmasın liderləri ilə görüşür və bunu gizlətmirlər. Məsələn, Mustafa İslamoğlu Həmasın liderləri ilə görüşərkən, Nurəddin Şirin ən son “Hizbullah”ın lideri Seyyid Nəsrullahın birinci müavini Şeyx Naim Qasimlə bir araya gəldi. İsrail əlehdarlığı ilə tanınan bü trio məscid məsələsində də Azərbaycan iqtidarını sionist adlandırmışdılar. İranyönümlülərin belə dərc etmədikləri şəkillərdə Azərbaycan hədələnir və prezident İlham Əliyev sionist adlanırdı. Azərbaycan iqtidarına qarşı kinlərini qusan bu trio Əliyevin qərarı ilə məhkəmənin məscidlə bağlı qərarının icrası dayandırıldığı halda, bu müsbət hadisəni “görmədilər”. Bu trionun əsas silahı olan “velfecr” saytında Azərbaycanla bağlı axtarış verdikdə də, ölkəmizlə bağlı bir müsbət yazıya rast gələ bilmirik. Bu da İslamoğlu-Şirin-Varol üçlüsünün Azərbaycana qarşı kinindən xəbər verir.

İslamoğlu Azərbaycanda necə təqdim edildi?

Mustafa İslamoğlu Türkiyədə məscidlərə buraxılmayan, İran inqilabı tərəfdarı, keçmişi qaranlıq birisi kimi tanınır. Türkiyə məscidlərinə buraxılmadığı halda ötən il “İlahiyyat” məscidində xütbə oxumasına “yaşıl işıq” yandırılan Mustafa İslamoğlu Bakıda həm iranyönümlülər, həm də xəvariclərin öndə gələnləri ilə bir araya gəldi. İranyönümlülərin təbliğ etdikləri, böyük mütəfəkkir kimi təqdim etdikləri İslamoğlunu maraqlandıran və öz təsir mərkəzinə salmaq istədikləri dövlətdən narazı, dini hökumət qurulmasına tərəfdar olan, mövcud iqtidarı “Tağutun iqtidarı” adlandıran sünni qruplar idi. Açıq şəkildə olmasa da, gizli şəkildə mövcud iqtidardan və apardığı siyasətdən narazı olan qrupları öz nəzarəti altına almaq istəyən İran son illərə qədər düşmənçilik etdiyi radikal sünni qruplarla da anlaşmaq istəyir.

İslamoğlunun Azərbaycan xəvaricləri ilə əlaqəsi…

Xəvariclər görünüşcə sələfilərə bənzəsələr də, xüsusilə dövlətə münasibətdə olduqca radikaldırlar və ən böyük düşmənləri də məhz sələfilikdir. Elə 2008-ci ildə partladılan məsciddə də xəvariclərin rolu danılmazdır. İslamoğlunun xəvariclərlə yaxınlaşması isə bu qrupu bu vaxta qədər İrana qarşı aqressiv münasibətini yumşaltmaq və “sünni-şiə birliyi” adı altında radikal dini qrupların güclənməsinə xidmət edir.

Bu məsələdə maliyyə məsələsinin də mühüm rol oynadığı vurğulanmaqdadır. “Hilal” TV-nin də sahibi olan İslamoğlunun Bakıdakı rezidentlərinə bank vasitəsi ilə para göndərdiyi də vurğulanmaqdadır. Ötən yazımızda İslamoğlunun Azərbaycandakı hədəfi varlı kəsimdən yararlanaraq, bir bankir vasitəsi ilə mühüm dairələrə qədər uzandığını yazmışdıq.

Bu yolla çox elit dairələrə nüfuz edən İslamoğlunun əlini güclü qılan bir nüans bir sıra imkanlı şəxslərin həm müasir cəmiyyətə uyğun yaşayıb, həm də dini yaşadıqlarına özlərini inandırma refleksi yatır. Bu yolla öz-özünü aldadan bu şəxslər üçün İslamoğlunun dinə zidd təfsirləri (bu barədə gələcək yazılarımızda daha geniş açıqlama verəcəyik) qurtuluş sayılır. Bundan istifadə edən İslamoğlu tərəfdarları elit təbəqədə İranın proyektini həyata keçirirlər.

O da vurğulanır ki, İranın “İslamoğlu” proyektini Bakıda sünnilər arasında yayan bankir Azərbaycan iqtidarından qardaşının qisasını alır. Prezident Aparatında mühüm vəzifədə çalışan qardaşı öz səhvi ucbatından “vurulan” həmin bankirin İslamoğlu ilə nəinki yaxın münasibətdə olduğu, hətta onun Bakıdakı adamlarını maliyyələşdirdiyi vurğulanır. 

İslamoğlu ilə Türkiyədə və Azərbaycanda dəfələrlə görüşən və onun disk və kitablarının paylanmasında mühüm rol oynayan bankirin “Texnikabank”ın İdarə Heyətinin sədri Samir Hüseynov olduğu söylənilməkdədir.

Elə İslamoğlunun öz yazısında təşəkkür etdikləri arasında “Premier” Hotelin sahibi Samir Hüseynovun olması da bu yöndə şübhələri artırır. Çünki “Premier” Hotelin sahibi ilə “Texnikabank”ın İdarə Heyətinin sədri eyni şəxsdir. Samir Hüseynovun qardaşının iqtidardan niyə uzaqlaşdırılmasının bu yazının mövzusuna aidiyyyatı olmadığından bu dəfə həmin məsələyə toxunmuruq.

Qeyd edək ki, sadəcə bankirlə bu işin olmayacağını bilən İslamoğlunun (yəni, İranın) sünnilər arasında tanınan, ancaq narazı sayılan şəxsləri də işə müxtəlif yollarla sövq etməsi ilə hazırda xəvariclər arasında “Mustafa İslamoğlu” təbliğatınıı başladıb. Elə Mədinə İslam Universitetinin məzunlarından bir neçəsini də öz tərəfinə çəkməyə nail olan İslamoğlu tərəfdarlarının həm dindarların, həm də dövlətin içində ciddi şəkildə iş apardıqları vurğulanır. Ə.M. adlı Mədinə tələbəsi (bu tələbə tamahgirliyi ilə tanınır və İslam dininə dəvət ilə bağlı ciddi qüsurlara yol verdiyi üçün digər Mədinə tələbələri ilə yolları çoxdan ayrılıb) vasitəsi ilə xəvariclərlə yanaşı digər dindar camaatlara da “qarmaq” atmaq istəyən İslamoğlunun bir neçə telejurnalist vasitəsi ilə mühüm saydıqları şəxslərlə görüşüb, onlara İslamoğlunun disk və kitablarını verir, təbliğatını aparırlar. “Məzhəb birliyi” kimi xoşagələn ifadədən istifadə edən İslamoğlu tərəfdarları insanları özləri də bilmədən “İran” uçurumuna aparırlar. 

Davamı var…

“Yeni Çağ” AİA
www.yenicag.az

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600