İranın yeni “Hilal” planı: Tehran Bağdadda yeni "sünni partlayışı"na hazırlaşır
Rəsmi Tehran darmadağın olan “Şiə hilal”ını bərpa etmək üçün İraqda ciddi taktiki və strateji dəyişikliyə gedib.
Yenicag.az yerli qaynaqlara istiadən xəbər verir ki, Tehran bu ölkədə ənənəvi şiə qruplarını önə çıxarmaqdansa, İraq İslam Partiyası (“Müsəlman Qardaşları” – “İxvan”) ilə əməkdaşlıq xəttinə maraq göstərir.
Bu dönüşün səbəbləri kimi Livanda “Hizbullah”ın zəifləməsi, Suriyadan sıxışdırılıb çıxarılma, eləcə də bir çox ərəb ölkələrində Tehranın fəaliyyətinə qoyulan məhdudiyyətlər göstərilir. Hazırda Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Somali və Cibutidə İranın fəaliyyətinə geniş qadağalar tətbiq olunub. Körfəz ölkələrində də İraq istisna olmaqla, Tehranın təsir alətlərinə meydan verilmir. Qasım Süleymaninin formalaşdırmağa çalışdığı “şiə hilalı” parçalanıb və bu xəttə qarşı sərt məhdudiyyətlər qüvvədədir.
“İnqilabın ixracı” xətti – sünni əhalini şiələşdirmək və ya İrana loyallaşdırmaq cəhdləri gözlənilən nəticəni vermədiyindən Tehran İraqdakı mövqelərini itirməmək üçün “İxvan”la anlaşmanı gündəmə gətirir. Bu çərçivədə üzdə məzhəbçi ritorikadan imtina edilir. Yumşaq güc alətləri kimi xeyriyyə fondları, QHT-lər, bələdiyyə layihələri və yerli media aktivləşdirilir. Belə ki, indi əhaliyə əvvəlki kimi şiə vasitəçilər yox, sünni nümayəndələr vasitəsilə təsir göstərməyə çalışırlar. Məqsəd İranla birbaşa bağlılıq şübhəsini gizlətmək və günahı sünni ərəb ölkələrinin, xüsusən Səudiyyənin üzərinə atmaqdır.
İran İraqda bununla bağlı maraqlı gediş edib. Belə ki, İraq seçkiləri ərəfəsində onlar “İslam Partiyası”nı (yəni “Müsəlman Qardaşları”nı) maliyyə ilə dəstəkləməyə başlayıblar. Məqsəd bu partiyanı parlamentdə ən böyük sünni qüvvəyə çevirmək idi. Sonra bu sünni partiya vasitəsilə şiə çoxluğuna siyasi dəstək verəcək, beləliklə İranın maraqlarına uyğun qanunlar asanlıqla qəbul ediləcək və sünnilər də İranda olan təsirə qarşı çıxmayacaqdılar.
Qeyd edək ki, 2017-ci ildə Haşimi Rəfsəncani öldükdən sonra onun yerinə keçən Ayətullah Sadiq Amuli Laricaninin göstərişi ilə bir müddət öncə Samirra şəhərindəki İraq İslam Partiyasının mərkəzində görüş keçirilib. Görüşə partiya rəhbəri İyad əs-Səmərrai rəhbərlik edib. İran tərəfindən İnqilab Keşikçiləri Korpusunun başçısı Məhəmməd Pakpur və Abbas Əraqçi, İraq tərəfindən isə İranın yaxın adamı olan keçmiş baş nazir Nuri əl-Maliki və sabiq parlament sədri Məhəmməd əl-Halbusi iştirak ediblər.
Həmin görüşdə əldə edilən razılığa görə, İslam Partiyasına seçkidən sonra da dəstək veriləcək və bu partiya “Müsəlman Qardaşları”nın (“İxvan”) hələ təsir edə bilmədiyi islam ölkələrində onların qollarını yaratmaq üçün əsas vasitə kimi istifadə olunacaq.
Bu yolla İran şiə partiyaları və qrupları üzərindən təhlükəsizlik nəzarətini yayındıra biləcək. “İxvan”ın həmin ölkələrdə, xüsusilə Qafqaz başda olmaqla, Mərkəzi Asiya dövlətlərində varlığı İranın həmin bölgələrə asanlıqla nüfuz etməsinə imkan yaradacaq. Yəni sünni çevrələrə sızaraq fars ideologiyasına qarşı öncəliklə loyallığı təmin edəcəklər. Maraqlıdır ki, bir neçə il öncə, hələ Suriya savaşından qabaq rəsmi Tehran Azərbaycan və Gürcistanda belə bir planı tətbiq etməyə çalışmışdı. O zaman “təvəlla-təbərra” planı ilə İrana qarşı sərt olan sünni qrupların arasına sızmaq istəmişdi. Fəqət o vaxt bu planın ifşa olunması və ardınca Suriya müharibəsinin başlaması İranı bu plandan əl çəkdirmişdi.
Yekunda, Tehran İraqda təsirini bərpa etmək üçün məzhəb üstü görüntü yaradan, sosial-iqtisadi gündəmli və dolayı siyasi ittifaqlara söykənən bir taktiki xətt sınaqdan keçirir. Prosesin real uğuru isə seçki sonrası koalisiya mühəndisliyi, kabinetin formalaşması və yerli layihələrin icra göstəricilərindən asılı olacaq.
Amir Aqiloğlu












