İranla Azərbaycanın beyin mərkəzləri arasında təmaslar müzakirə edildi
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.
Bu barədə Yenicag.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə 28 aprel 2025-ci il tarixli səfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin İran və Azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini və iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.
Nazir müavinləri həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.