İranlılar bu 4 səbəbə görə evlənmirlər
İranda evlilik nisbətləri sürətlə azalır. 45 yaşdan aşağı təxminən 17 milyon insanın heç vaxt evlənməməsi mütləq subaylığa doğru artan tendensiyanın olduğunu göstərir.
Yenicag.az xəbər verir ki, İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhiminin sözlərinə görə, 45 yaşdan yuxarı kişilərin 14 faizi və qadınların 4 faizi heç vaxt evlənməyib.
45 yaşdan aşağı olanlar üçün mənzərə daha da diqqəti cəlb edir: 9,5 milyon kişi və 7,5 milyon qadın hələ də subaydır. Bu tendensiyanın getdikcə artdığını vurğulayan Rəhimi, evliliyi təşviq etmək üçün ölkə daxilində 1500 evlilik məsləhət mərkəzinə lisenziya verildiyini, keçən il nikahdan əvvəl 9800 seminar təşkil edildiyini bildirib.
Bununla belə iranlı gənclər 4 səbəbi əsas gətirərək evlilikdən qaçırlar:
– İqtisadi problemlər;
-Özünə inamın olmaması;
– Qadınlar arasında feminist yanaşmaların gücləndirilməsi;
– Kişilərin məsuliyyətdən qaçması.
Bu səbəblər gənclərin evlilikdən uzaqlaşmasına və cəmiyyətdə subayların sayının sürətlə artmasına səbəb olur. 2024-cü ilin məlumatlarına görə, İran əhalisinin sayı 90 milyona çatıb. Bununla belə, subayların sayının artması ölkənin demoqrafik gələcəyi ilə bağlı ciddi müzakirə mövzusuna çevrilib.