İraqda keçirilmiş son parlament seçkilərindən sonra yeni hökumətin qurulması istiqamətində müzakirələrə başlanılıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni hökumətin formalaşdırılması istiqamətində müzakirələr seçkilərdə qalib gəlmiş Müqtəda əs-Sədrin “Sayrun”, fəaliyyətdə olan baş nazir Heydər əl-İbadinin “Nəsir”, Şiə lideri Əmmar əl-Həkiminin “Milli hikmət”, keçmiş baş nazir İyad Ələvinin “Vətən” koalisiyaları və kürd lider Məsud Bərzaninin Demokrat Partiyası arasında aparılır.
Məlumata görə, Bərzaninin Ərbildəki qərargahında təşkil olunan müzakirələrdə geniş hökumət koalisiyası yaradılması imkanları dəyərləndirilib. Qeyd olunur ki, tərəflər ölkənin indiki vəziyyətində ortaq mövqedə dayanmağın vacibliyini bildiriblər. Siyasi liderlər ölkədə 2003-cü ildən bu yana buraxılan səhvlərin təkrarlanmaması üçün effektli mexanizm hazırlanmasını təklif ediblər.
Qeyd edək ki, İraq seçkilərində heç bir koalisiya 329 nəfərlik parlamentdə həlledici üstünlük (165 mandat) qazana bilməyib. O baxımdan, heç bir siyasi qüvvə təkbaşına hökumət formalaşdırmaq imkanında deyil.
Ancaq çox təəccüblüdür ki, İraqda ciddi çəkiyə malik olan Türkman siyasi qüvvələrinin bu müzakirələrdə iştirakı təmin olunmayıb. Ona görə də, türkmanların İraqın yeni hökumətində təmsilçilik məsələsi açıq qalır.
Aparılan koalisiya müzakirələrini və türkmanların yeni hökumətdə təmsilçilik imkanlarını Yenicag.az-a dəyərləndirən İraq türkmanlarının liderlərindən biri, keçmiş millət vəkili Fevzi Əkrəm Tərzioğlu siyasi qüvvələr arasında hələ ki konsensusun əldə edilmədiyini bildirib:
“Bəli, İraqda son seçkilərin nəticələri əsasında yeni hökumətin müəyyənləşdirilməsi istiqamətində məsləhətləşmələr davam edir. Bu görüşlərə qatılan siyasi liderlərin hər biri müzakirələrə hazır koalisiya layihəsi ilə gəlib.
Ancaq bu ana qədər vəziyyət belədir ki, koalisiya rəhbərlərinin görüşündə hökumətin tərkibinin müəyyənləşdirilməsinə dair hələ ki anlaşma yoxdur. Buna baxmayaraq, müzakirələr davam etdirilir.
Sentyabrın 3-də İraq parlamentinin yeni tərkibdə ilk iclası keçiriləcək. İnanıram ki, həmin müddətə qədər, qarşıdakı həftə ərzində hökumət formalaşdırılacaq.
Bəli, çox təəssüf ki, İraq türkmanları koalisiya müzakirələrində sərbəst tərəf kimi iştirak etmirlər. Bu da hər halda türkmanların son seçkilərdə əvvəlkindən az millət vəkili yeri qazanması ilə bağlıdır.
Ancaq təəssüf ki, parlamentin əvvəlki tərkibində 10-11 türkman millət vəkili olsa da, indi onların sayı üç dəfə azdır. Bu da türkmanların koalisiya müzakirələrinə qatılmasına imkan vermir. Buna baxmayaraq, çox ümid edirik ki, yeni hökumətdə türkmanlara da nazir portfeli ayrılacaq”.
Qeyd edək ki, İraq Konstitusiyasına əsasən, prezident kürd, baş nazir şiə, parlamentin sədri isə sünnilərdən seçilir.
A.Zeynalov
www.yenicag.az