!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanı qorxudan gedişat - Ermənistanda müharibə xofu güclənir

!Reklam – Yazi

“Erməni zabitinin Azərbaycanın payızda, yaxud gələn yaz genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ilə bağlı açıqlaması indiki vəziyyətdə sadəcə olaraq, Ermənistan daxilindəki hakimiyyət-müxalifət qarşıdurması ilə bağlı reallıqdan irəli gəlir. Kompromat xarakterli bəyanatlardır və ictimai rəyi azdırmağa yönəlib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında erməni polkovniki Koryun Qumaşyanın Azərbaycanın ya bu payızda, ya da yazda genişmiqyaslı əməliyyatlara başlayacağı ilə bağlı verdiyi bəyanatına münasibət bildirərkən politoloq Elşən Manafov deyib:

“Sözügedən addım müvafiq şəraitdə və müvafiq zamanda atıla bilər. Amma bu o demək deyil ki, erməni tərəfi həmin addım atılacağı təqdirdə, özünün təhlükəsizliyini təmin edəcək, özünü sığortalaya biləcək”.

E. Manafov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün istənilən an hərbi əməliyyatların başlanması istiqamətində addım ata bilər:

“Hərbi əməliyyatlara başlamaq səlahiyyəti Ali Baş Komandana məxsusdur. Ali Baş Komandan müvafiq vəziyyəti təhlil edib, müəyyən hazırlıqlardan sonra genişmiqyaslı hərbi əməliyyatlara başlamaqla bağlı əmrə imza ata bilər. Amma Ermənistan tərəfinin indiyə kimi Dağlıq Qarabağ konfliktinin həllilə bağlı sərgilədiyi mövqe, o cümlədən yeni Paşinyan iqtidarının da məsələ ətrafında əvvəlki rejimdən fərqli addımlar atmaması, ilk səfərini Dağlıq Qarabağa etməsi, yeni İrəvan hakimiyyətinin də qeyri-konstruktiv mövqe sərgiləməsi onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün istənilən an hərbi əməliyyatların başlanması istiqamətində addım ata bilər. ATƏT-in hələ 1996-cu ildə Lissabon sammitində qəbul etdiyi qərarda birmənalı şəkildə qeyd olunurdu ki, bütün hallarda münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bununla belə, ATƏT Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu da tanıyır. Lakin bu hüquq məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Yəni ATƏT-in, BMT-nin qəbul etdiyi qərarlar göstərir ki, bütün hallarda problem ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ona görə də problemin həllinin qeyri-müəyyən müddətədək uzadılması əslində Azərbaycan dövlətinin səbr kasası ilə oynamaqdan başqa bir şey deyil. Azərbaycan ordusunun keçirdiyi hərbi təlim, ondan əvvəl baş tutan hərbi parad göstərdi ki, ölkəmiz Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Azərbaycanın həyata keçirdiyi 2016-cı ilin aprel döyüşləri və Naxçıvanda baş tutan uğurlu əməliyyatlar, sözsüz ki, erməni hərbi-siyasi elitasını narahat edir”.

Politoloq onu da vurğulayıb ki, İrəvan Trampla Putin arasında gözlənilən görüşdən də narahatlıq keçirir:
“Düşmən ölkə üçün narahatlıq doğuran digər amil isə odur ki, Ermənistanda və Dağlıq Qarabağın özündə faktiki olaraq vəziyyət nəzarətdən çıxmaq ərəfəsindədir. Burada hakimiyyət böhranı dərinləşməkdədir. Proses onu göstərir ki, “Qarabağ klanı”nın Qarabağın özündə belə mövqeləri zəifləyə bilər.

Digər tərəfdən, Ermənistan Trampla Putin arasında ehtimal olunan görüşdə bir sıra beynəlxalq məsələlər ətrafında hansısa razılıqlar əldə oluna biləcəyindən çox ehtiyat edir. Düşünürəm ki, hərbi əməliyyatların başlanacağı ilə bağlı bəyanatlar da Paşinyanın “Qarabağ klanı”nın nəzarətində olan generalları çıxdaş etmək üçün atdığı addımlarla bağlıdır. Sarkisyanın atası və qardaşının evində belə axtarışlar aparılır. Sarkisyanın həbs olunma ehtimalı var. Düşmən ordusunun özündə Sarkisyanla bağlılığı olan generallar var. Bu səbəbdən ola bilsin ki, onlar payızda, yaxud da gələn ilin yazında genişmiqyaslı hərbi əməliyyatların başlana biləcəyi kimi məsələləri gündəmə gətirməklə Ermənistanda fərqli ab-hava yaratmaq və Paşinyan ətrafındakı mövcud vəziyyəti daha da dərinləşdirmək istəyirlər. Bütün hallarda Azərbaycanın torpaqları azad etmək üçün hərbi əməliyyatlara başlamaq barədə qərar qəbul etmək hüququ var. Bu hüquq beynəlxalq güclər və beynəlxalq hüquq tərəfindən də qəbul olunur. NATO, Avropa Birliyi, istərsə də Rusiya ilə danışıqlarda problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair vədlər verilib. Bu mənada Azərbaycan nə üçün belə bir addım atmasın?”

Qeyd edək ki, işğalçı Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan bu günlərdə verdiyi bəyanatda bildirib ki, Azərbaycanın son addımları və nümayiş etdirdiyi hərbi parad əraziləri azad etmək üçün genişmiqyaslı əməliyyata hazırlaşdığını göstərir. Onun sözlərinə görə, Azərbaycan ya bu payızda, ya da yazda əməliyyata başlayacaq.

ELÇİN

COP29

www.yenicag.az

1769
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv