İş dünyasına qarşı “vergi terror”unun fəsadları…
Natiq Cəfərli: “Bu cür basqılar sonda biznesmenlərin bir çoxunun sıxışdırılıb bazardan çıxarılmasına, iş yerlərinin qapadılmasına gətirib çıxaracaq”
Son zamanlar Azərbaycanda iş dünyasına qarşı fantastik vergilər tətbiq olunur. Görəsən, bu tendensiya hansı fəsadlar yarada bilər?
İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, fantastik vergilər iş adamlarının bir çoxunun sıradan çıxması ilə sonuclana bilər: “Son dövrlərdə vergilər və digər yoxlayıcı funksiyalara malik orqanların total şəkildə kiçik və orta sahibkarlıq, iş adamlarına qarşı ciddi basqıları əslində yanlış bir qərardır. Çünki, büdcədə yaranan problemləri bu yolla doldurmaq mümkün deyil. Əslində belə basqılar artdıqca iş adamlarının iş görmə qabiliyyəti də aşağı düşür. Kiçik və orta sahibkarlığa bu cür basqılar sonda onların bir çoxlarının sıxışdırılıb bazardan çıxarılmasına, iş yerlərinin qapadılmasına, onlarla birgə çalışan insanların işsiz qalmasına gətirib çıxarır. Vizual olaraq bu tendensiyanı son aylar Bakı şəhərində görmək mümkündür. 5-6 ay öncə Bakının mərkəzində nadir hallarda icarəyə verilən obyektlər haqqında elanları görürdüksə, son 2-3 ayda vizual olaraq onlarla belə elanları görürük. Çoxsaylı obyekt bağlanaraq, icarəyə verilir. Son aylar bu tipli elanlar dəfələrlə artıb. Bütün bunlar vergi orqanları tərəfindən kiçik və orta sahibkarlığa ciddi basqıların olduğunu göstərir. Bir çoxlarına vergilərin öncədən ödənilməsi haqqında öhdəlik qoymağa çalışırlar ki, büdcədə yaranan problemlərin bəzi hissəsi həll olunsun. Bu isə biznesin qapanması ilə nəticələnir. Belədə proses yaxın gələcəkdə ciddi fəsadlar törədəcək. Hökumət yetkililəri bir vaxt ayılacaq ki, vergi ödəyicilərinin sayı kəskin azalıb və bunun yenidən bərpa olunması uzun zaman aparacaq. Ona görə də indi bu istiqamətdə aparılan işlər çox səhv yöndədir. Gələcəkdə bunun fəsadlarını daha ciddi şəkildə hiss edəcəyik”.
Elçin