Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq Müsavat başqanı İsa Qəmbər AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının qızının yazdıqlarına münasibət bildirib. Yenicag.az xəbər verir ki, İsa Qəmbər bu hadisəni “ailəiçi məsələ” adlandırılmasına etirazını bildirib və qadına qarşı şiddətdən istifadə edənlərə “yollarımızı ayıraq” mesajı verib.
İsa Qəmbərin həmin yazısını təqdim edirik:
“Dünən oxuduğumuz dəhşətli hadisədən xəbər tutanda 2018-ci ilin 2 dekabrında gənclərin dəvəti ilə iştirak etdiyim bir tədbiri xatırladım. “Dünya Uşaqların Gözü ilə” adlı bu tədbirdə təşkilatçıların qeyd etdiyi kimi “yüzlərlə istedadlı uşaqların arasından seçilmiş 9-15 yaşlı natiqlərin öz maraq sahələrinə uyğun düşüncələrini və təkliflərini” dinlədik. Paylaşdığım fotonu həmin tədbirdə çəkmişdim. Şəkildə ən sağdakı uca boylu məktəbli qız Sanay Yagmurdur. Yüzlərlə istedadlı uşaqların arasından seçilmişlərdən biri olan Sanay ilk natiqlərdən biri oldu və burada da fərqləndi. Onun “öz maraq sahəsinə uyğun” mövzusu … uşaq və qadın hüquqları və ailədaxili şiddətlə bağlı idi! Sanay çox parlaq və yaşına görə çox yetkin bir çıxış etdi. Tədbirdən sonra Zümrüd xanımı təbrik etdim, qürur duyulası bir övlad yetişdirdiyini bildirdim. Amma o zaman bilmirdim və düşünmədim ki, Sanay həm də başlarına gələnlərdən təsirlənib bu mövzunu seçib. Heyif ki, tədbirin videosu yoxdur. Yeri gəlmişkən həmin gün digər uşaqlar da çox fərqli və maraqlı çıxışlar etmişdilər.
Mən hesab edirəm ki, həyati təhlükə olmadan heç bir insanın başqa insana zorakılıq etməyə haqqı yoxdur. Zəifə qarşı zor ikiqat cinayətdir.
Bu qorxinc hadisəyə gənclərin reaksiyası, cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq məni əsasən qane etdiyi üçün münasibət bildirməyə tələsmədim. Açığı söhbətin partiyalar arası savaş kimi görünəcəyinin də həm partiyalara, həm də bu mühüm mövzuya ziyanlı olacağından ehtiyatlanırdım. Lakin bu ictimai diskussiya zamanı bəzilərinin mövzuya tamamilə yanlış mövqeləri, ailəiçi şiddətə normal, sıradan bir hal kimi yanaşmaları, bəzilərinin isə partiya “maraqlarından” çıxış etmələri məni də münasibət bildirmək zərurətinə inandırdı.
Əvvəlcə Hüseyn Cavidin şeiri ilə münasibət bildirmək istədim. Çünki H. Cavid bu məsələyə fəlsəfi-konseptual mövqe bildirib və nəinki zorakılığa qarşı çıxıb, həm də bəyan edib ki, bəşəriyyətin xilası və inkişafı qadın azadlığına bağlıdır. Bu müsavatçılığın mahiyyətinə də uyğun yanaşmadır.
Lakin gənclərin reaksiyasından anladım ki, bu yetərli deyil. Oxuduğumuz hadisələrin baş verməsinin səbəblərindən biri də özünü kişi adlandıranların belə hadisələrə tələb olunan reaksiya verməməyi, “ailə daxili məsələdir” deyib keçməyidir. Buna son qoymaq lazımdır. Bu cür hadisələrin şahidi olanda və ya bu barədə eşidəndə birmənalı münasibət göstərmək lazımdır. Susmaq, təmkin nümayiş etdirmək zorun tərəfində olmaq deməkdir. Mən heç zaman zorun tərəfində olmamışam və olmaq niyyətində də deyilən.
Qadına qarşı, uşağa qarşı zorakılıq ailə daxili məsələ deyil. Bu bizim hamımıza toxunan məsələdir. Buna susmaq isə yolverilməzdir. Cəmiyyətdən, ailənin reaksiyasından qorxmayıb səsini qaldıran hər bir qadın isə cəsarət nümayiş etdirir. Bizə bu cəsarətdən daha çox lazımdır. Zorakılığa qarşı səsinizi qaldırmaqdan çəkinməyin.
Onu da etiraf edim ki, bu qeydlərimi yazarkən Fuad Qəhrəmanlının istefa xəbərinin yayılması fikrimi paylaşmağı asanlaşdırdı.
Bu bir hadisəyə, bir adama, bir quruma aid yazı deyil. Mən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi bəyan edirəm ki, MSDM-də ailəiçi şiddətə yol verən və yaxud belə hadisələrə loyal yanaşan kimsə varsa özü bizdən kənarlaşsın. Biz belə birini görsək onu kənarlaşdıracağıq.
Və mənə doğma Müsavat Partiyasından başlamış bütün qurumlara da belə mövqe bildirməyi tövsiyyə edirəm.
Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!”