İsa Qəmbərin müavinləri Krıma getmək istəyəndə Dağıstanda tutuldu
“Biz də onlardan xəbər tuta bilmirik. Çox narahatıq”.
Bunu virtualaz.org saytına açıqlamasında Müsavat Partiyası başqanının müşaviri, Arif Hacılının qardaşı Mustafa Hacıbəyli deyib.
M.Hacıbəyli onların saxlanma səbəbinin Rusiya dairələrinin Azərbaycandan kimlərinsə Krıma getməsinə icazə vermək istəməmisi ilə bağlı ola biləcəyini söylədi.
Onun sözlərinə görə, Arif Hacılı və Gülağa Aslanlı saxlanılarkən minval.az saytının müxbiri Emin də onların yanında olub.
M.Hacıbəyli saxlanılanlarla əlaqə saxlamağa çalışdıqlarını və məlumat əldə edə bilməyəcəkləri təqdirdə qısa zaman ərzində onların arxasınca gedəcəklərini bildirdi.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb.
Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, – deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb.
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar”.
Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.