İşıqforları uzaqdan idarə etmək mümkündür? – Mütəxəssisdən AÇIQLAMA

media-hightechnic-468x90

Son günlər sosial şəbəkələrdə xüsusi cihaz vasitəsilə işıqforların uzaqdan idarə olunması və rənginin dəyişdirilməsi ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu cür müdaxilələrin real təhlükə yarada biləcəyini iddia edərək narahatlıqlarını ifadə ediblər.

media-banner_tuq

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında İT üzrə mütəxəssis Əmrah Mövsümzadə bildirib ki, yayılan bu tip məlumatlara emosional deyil, texnoloji və kibertəhlükəsizlik baxımından yanaşmaq daha məqsədəuyğundur.

Onun sözlərinə görə, müasir şəhərlərdə tətbiq olunan işıqfor sistemləri primitiv və açıq idarəetmə mexanizmlərinə malik deyil:

“Bugünkü işıqfor sistemləri artıq sadə elektrik siqnalları ilə işləyən qurğular deyil. Onlar mərkəzləşdirilmiş trafik idarəetmə platformalarına inteqrasiya olunur və xüsusi proqram təminatı vasitəsilə idarə edilir. Bu sistemlərdə istifadə olunan rabitə kanalları, protokollar və idarəetmə mexanizmləri kənar müdaxilələrin qarşısını almaq üçün xüsusi olaraq dizayn edilib”.

Ekspert qeyd edib ki, bu cür sistemlər adətən açıq internet üzərindən deyil, qapalı və qorunan şəbəkələr vasitəsilə fəaliyyət göstərir:

“Əksər hallarda işıqforlar şəhərin nəqliyyat idarəetmə mərkəzinə fiber-optik xətlər, xüsusi ayrılmış kommunikasiya kanalları və ya təhlükəsiz şəbəkə infrastrukturu vasitəsilə qoşulur. Bu isə o deməkdir ki, kənardan adi bir cihazla bu sistemlərə daxil olmaq texniki baxımdan son dərəcə çətindir”.

Əmrah Mövsümzadə sosial mediada yayılan videoların bir qisminin yanlış təqdim edildiyini də vurğulayıb:

“Bəzi hallarda bu görüntülər ya montaj olunur, ya da başqa məqsədli texnologiyalar yanlış formada təqdim edilir. Məsələn, bir sıra ölkələrdə fövqəladə xidmətlər – təcili yardım, polis və yanğınsöndürmə maşınları üçün xüsusi prioritet sistemlər mövcuddur. Bu sistemlər vasitəsilə həmin nəqliyyat vasitələri yaxınlaşdıqda işıqforlar avtomatik olaraq yaşıl siqnala keçir. Lakin bu texnologiya xüsusi identifikasiya, şifrələnmiş siqnallar və təhlükəsiz protokollar əsasında işləyir; yəni istənilən şəxsin istifadə edə biləcəyi açıq cihaz deyil”.

Mütəxəssis onu da qeyd edib ki, nəzəri baxımdan hər hansı elektron sistemdə risklər ola bilsə də, real həyatda bunun qarşısını almaq üçün kompleks təhlükəsizlik tədbirləri görülür:

“Müasir ağıllı şəhər infrastrukturlarında kibertəhlükəsizlik əsas prioritetdir. Şəbəkələrin izolyasiyası, məlumatların şifrələnməsi və bütün əməliyyatların loqlaşdırılması kimi mexanizmlər tətbiq olunur. Eyni zamanda sistemlər mütəmadi yenilənir və mümkün zəifliklər dərhal aradan qaldırılır”.

Ekspert əlavə edib ki, bir neçə səviyyəli qoruma mexanizmi sayəsində kənar müdaxilə ehtimalı minimuma endirilir:

“Təkcə proqram səviyyəsində deyil, həm də fiziki və şəbəkə səviyyəsində qoruma tədbirləri mövcuddur. Hər hansı müdaxilə cəhdi aşkarlandıqda dərhal qarşısı alına bilər”.

Əmrah Mövsümzadənin fikrincə, sosial şəbəkələrdə yayılan bu videolar daha çox sensasiya xarakteri daşıyır:

“İnsanlar bu məlumatlara tənqidi yanaşmalı, mənbənin etibarlılığını yoxlamalıdır. Şəhər infrastrukturuna bu cür müdaxilə etmək həm texniki baxımdan çətindir, həm də ciddi hüquqi məsuliyyət yaradır”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05