İslam dini mitinqlərə icazə verirmi?
Siyasi mitinqlərin dinə görə hökmü nədir? Müxalifətin son mitinqində dindarlara xüsusi müraciətin edilməsi bu məsələni gündəmə gətirdi. İslam dininə görə, mitinq keçirmək olarmı? Mitinq keçirmək, iqtidar əleyhinə nümayiş təşkil etməyə islam dini icazə verirmi?
İlahiyyatçı Əkrəm Həsənov isə bu fikirdədir ki, “İslam mitinqi qadağan edir”. İlahiyyatçı fikirlərini belə izah etdi: “Etiraz aksiyaları keçirmək dinimizdə tarixən mövcud olmayıb. Bütün peyğəmbərlərin həyatına nəzər salsaq belə bir etiraz aksiyası ilə rastlaşmamışıq. Təsəvvür edin ki, peyğəmbərlərin bir çoxunu öldürdülər, bir çoxunu yurdlarından çıxardılar, bir çoxlarını hər cür adlarla adlandırdılar, heç bir islam mənbəsində elə bir söz, elə bir peyğəmbər kəlamı olmadı ki, mitinq edin, ya da çıxın yollara, ya da çıxın səhralara. Belə bir düzəliş peyğəmbərlərin metodunda olmayıb. Nə Quranda, nə hədislərdə, nə islam alimlərinin sözlərində belə bir anlayış yoxdur. Peyğəmbərlər səbr ediblər, dua ediblər. Eyni zamanda səbr və dua ilə qələbəyə nail olublar. İslah işi maarifləndirməklə mümkündür. Başqa cür fəsad olacaqdır. İctimaiyyət tərəfindən biz bütün güclərimizi bir yerdə maariflənməyə doğru aparmalıyıq. Sivil qaydalarla biz öz mövcud problemlərimizi bir xalq olaraq həll edə bilərik. Bütün güc sənin əlində olmadığı üçün əlində olan ədəbli güclərdən istifadə etməlisən. Küçələrə çıxmaq, hay-küy salmaq, insanların istirahətinə mane olmaq, başqalarının mallarına zərər vurmaq islah deyil, bunun adı fəsaddır. Dinimiz isə fəsad etməyi hamımıza qadağan etmişdir. Müasir böyük islam alimi Şeyx Saleh əl-Fövzan belə deyir: “Nümayişlər (mitinqlər) islam dinində yoxdur və müsəlmanın əxlaqından sayılmır. Bu müsəlmanlara Qərb cəmiyyəti tərəfindən müsəlman camaatı parçalamaq, insanlar arasında təfriqə salmaq və onlar arasında düşmənçilik yaratmaq üçün gəlib”. Belə etməklə də bu mitinqə çıxanları qızışdıranlar öz məqsədlərinə nail ola bilirlər. Mitinqə çıxanlar özləri nəyisə qazanmaq yox, öz həyat yollarını və gələcək yaşayışlarını itirmiş oldular. Mitinqə çıxmağın müsbət cəhətdən heç bir nəticəsi olmur. Əksinə əvvəl müsbət olan məsələlər mənfiliyə doğru dəyişir. Cəmiyyət içərisində islamdan anlayışı olmayanlar dərhal islama və müsəlmanlara qarşı aqressiv olurlar. İslamda olanlar gərək özlərini islama yaraşan şəkildə cəmiyyət içərisində təqdim etsinlər, digər insanlara nümunə olsunlar. İslamda olmayanlar da islama gəlsinlər. Əgər islamda olan müsəlmanlar belə davransalar onda islama gəlmək istəyən müsəlmanların bu hərəkətinə baxıb islama gəlməyəcəklər. Halbuki islam dinində mitinq anlayışı yoxdur”.
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının isə nə dediyini açığı biz də başa düşmədik. Ancaq bir halda ki, hörmətli hacıya müraciət etmişik, onun bu suala cavabını olduğu kimi təqdim etmək istədik. Bəlkə bizim başa düşmədiyimiz məqamları oxucularımız başa düşər: “Biz islam ölkəsində yaşasaq da, dünyəvi idarəetmə sistemindəyik. İslam müxalifət düşüncələrlə düşmən olmur, əksinə belə müxalifəti problemləri öyrənərək qüsurları aradan qaldırılmasını istəyir. Çalışar ki, vətəndaşları maariflənib millətinə, dininə və dövlətinə sahib dursun. Ancaq mitinqə icazə də var.”.
Kamran