İspaniya XİN: “Madrid İsrailin ilhaq qərarını heç vaxt tanımayacaq”
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, İspaniya və Avropa İttifaqı İsrailin Qəzza və İordan çayının qərb sahilini birtərəfli ilhaq qərarını heç vaxt tanımayacaq.
Yenicag.az xəbər verir ki, RTVE-yə açıqlamasında Albarez İsrailin Qəzzanı tam işğal planını “səhv” adlandıraraq, bunun yalnız daha çox itki və iztirab gətirəcəyini, girovların azad olunmasını əngəlləyəcəyini və İsrailin gələcəyini də qeyri-sabitləşdirəcəyini deyib.
Nazir real və daimi atəşkəsin vacibliyini vurğulayıb:
“Qəzza, Fələstin dövlətinin bir hissəsidir və yalnız Fələstinin nəzarətində qalmalıdır. Biz, dünyanın böyük əksəriyyəti kimi, iki dövlətli həll yoluna inanırıq”.
Albarez həmçinin vurğulayıb ki, Aİ qanunlarına görə, müharibədə olan ölkəyə silah satıla bilməz:
“İsrail beynəlxalq hüquqa hörmət etmir. Biz İspaniya olaraq artıq bəzi sanksiyalar tətbiq edirik və Aİ daxilində əlavə sanksiyaları təşviq edirik”.
15 avqustda Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutacaq görüş barədə danışan Albarez bildirib ki, Ukraynanın gələcəyinə yalnız Ukraynanın özü qərar verə bilər:
“Ukraynanın gələcəyinə Ukraynasız və Avropasız qərar verilə bilməz. Zelenski demokratik yolla seçilmiş prezidentdir və ölkəsinin taleyinə dair bütün danışıqlarda iştirak etməlidir”.