İsrail Türkiyə ilə bağlı siyasətini KORREKTƏ EDİR: “Tramp Netanyahunun bütün ümidlərini boşa çıxardı”

media-hightechnic-468x90

“HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə hücum etməzdən cəmi 15 gün əvvəl BMT-nin iclası üçün Nyu-Yorkda olan Prezident Rəcəb Tayyip Ərdoğanla İsrailin Baş naziri Benyamin Netanyahu arasında çox vacib bir görüş keçirilmiş və münasibətlərin səfirlik səviyyəsinə qaldırılması ilə bağlı prinsipial qərar verilmişdi”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-826c5369-046a-4ce2-b2e4-1edcb1dd104c

 

O, ABŞ-nin İsrailə qarşı apardığı siyasətin nəticəsində rəsmi Təl-Əvivin Ankara ilə münasibətlərdə loyallaşmasının siyasi səbəblərini izah edib.

Analitik xatırladıb ki, xüsusilə Şərqi Aralıq dənizindəki enerji resurslarının çıxarılıb Avropaya nəql edilməsi məsələsində Türkiyə, İsrail, Misir və Yunanıstan bir razılaşma sənədi hazırlamaq prosesində idilər:

“Bu proses Rusiya və İranı narahat etdiyi üçün HƏMAS həmin hücumu həyata keçirdi. Yəni HƏMAS-ın əməliyyatının arxasında Rusiya və İranın olduğu ilk gündən bəlli idi, lakin bunu bir çoxları səsləndirməkdən çəkinirdi. Bu gün isə artıq bu, tam aydınlaşıb. Türkiyə İranla HƏMAS, Qəzza və Qüds məsələsində başlatdığı ritorika rəqabətini bir qədər şişirdərək İranın rolunu öz üzərinə götürməyə çalışınca, Yaxın Şərqdəki balans dəyişdi. İranın adından bölgədə vəkil savaş aparan təşkilatlar bir-bir aradan götürüldü, Əsəd rejimi devrildikdən və Rusiya ilə İran bölgədən çəkildikdən sonra Suriyada Türkiyə ilə İsrail üz-üzə gəldi. Bu, nə Türkiyənin, nə də İsrailin istədiyi bir inkişaf idi”.

Onun sözlərinə görə, ötən ilin 8 dekabrında Bəşər Əsəd Suriyanı tərk edəndə İsrail təhlükəsizlik səbəbi ilə Suriyadakı bütün hərbi nöqtələri bombaladı və Suriyada zaman-zaman gərginlik o qədər artdı ki, Türkiyə ilə İsrail müharibə astanasına qədər gəldilər:

“Hətta Hakan Fidan bu kontekstdə “Suriyada İsraillə müharibə etmək istəmirik” ifadəsini işlədərək gərginliyin ölçüsünü ortaya qoymuşdu. Bölgədə ekspertlər, bir tərəfdən, İran-İsrail qarşıdurmasını izlədikləri halda, digər tərəfdən də Türkiyə-İsrail qarşıdurması ön plana çıxınca, bu gərginlik psixologiyasına dözə bilməyən Netanyahu Vaşinqtona gedib ABŞ-dəki yəhudi lobbisini də arxasına alaraq həm Türkiyəyə, həm də İrana qarşı Trampı öz tərəfində saxlamaq istədi. Lakin Tramp keçirdiyi mətbuat konfransında “Ərdoğan mənim dostumdur, aranızda problem varsa, məntiqli olmaq şərti ilə həll edərəm” ifadəsini işlətdikdən dərhal sonra “qarşıdakı günlərdə İranla danışıqlara başlayacağıq” dedi və sanki Netanyahunun bütün ümidlərini boşa çıxardı”.

H. Oktay söyləyib ki, bundan sonrakı mərhələdə İsrail nə Türkiyəyə, nə də İrana qarşı hətta ritorika səviyyəsində belə ifadə işlətməkdən çəkinməyə başladı:

“Netanyahu yenidən diqqətini Qəzzaya yönəldərək İsrailin təhlükəsizliyini və bu təhlükəsizlik üçün HƏMAS-ın nə qədər böyük bir təhdid olduğunu önə çəkdi, daxili ictimai rəyi sakitləşdirmək və qarşıdan gələn seçkiləri öz xeyrinə çevirmək məqsədilə yenidən həddindən artıq güc tətbiqi siyasətinə əl atdı. Belə olduqda isə Suriyada İsrailin deyil, Türkiyə və ABŞ-nin mövqeləri daha çox ön plana çıxdı. ABŞ, xüsusilə Çin strategiyasını həyata keçirə bilmək üçün Yaxın Şərqdə və Ukraynada atəşkəs təmin etmək, sabitlik yaratmaq və Çinin İranı Qərbə qarşı “Çin Səddi” kimi istifadə etməsinin qarşısını almaq üçün İsrailin istəklərini məhdudlaşdırmaq məcburiyyətində qaldı”.

“Tramp, yaxın günlərdə Körfəz ölkələrinə etdiyi səfərdə Suriyaya tətbiq olunan sanksiyaları qaldırdı. Burada həm Körfəz ölkələri, həm də Türkiyə olduqca təsirli rol oynadılar. Beləliklə, Tramp Suriyada İsrailin deyil, Türkiyənin mövqeləri ilə hərəkət etmək məcburiyyətində qaldı. Bundan sonrakı mərhələdə İsraildə Netanyahunun hökuməti dəyişəcək, İsrail bölgədə ayaqda qala bilmək üçün Türkiyə ilə daha yaxın münasibətlər qurmaq istəyəcək. ABŞ də bu yöndə münasibətlərin inkişafını dəstəkləyir, çünki İsrailin təhlükəsizliyi baxımından Türkiyə-İsrail əlaqələri son dərəcə önəmlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600