İsrail və İran arasında “soyuq müharibə”: Sülh, yoxsa böyük toqquşma?
“İran İsrailin Amerika tərəfindən yalnız buraxılacağı günü gözləyir.”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov səsləndirib.
Politoloq ABŞ və İran arasında keçirilən görüşləri şərh edərkən bildirib:
“İran və İsrail arasında de-yure sülh mövcud deyil. Əsas danışıqlar hazırda ABŞ və İran arasında aparılır. Reallıqda İsrail heç bir atəşkəs şərtini tam qəbul etməyib. Əgər İsrail bu gün atəşkəsə riayət edirsə, bu, yalnız Amerikanın verdiyi atəşkəs qərarına görədir. Unutmayaq ki, İsrail atəşkəs elanından sonra da hücumlarını davam etdirmişdi. Zənnimcə, İsrail atəşkəsdə maraqlı deyil; onlar hesab edirlər ki, hələlik strateji hədəflərinə çatmayıblar. Eyni yanaşma İran tərəfinə də aiddir.”
Politoloq hesab edir ki, İranın əsas məqsədi İsrailin ABŞ tərəfindən dəstəksiz qaldığı anda hücuma keçməkdir:
“İran hazırda İsrailin təcrid olunmasını və bunu fürsət bilərək hücum etməyi planlayır. Lakin bu ssenari hazırda o qədər də real görünmür. Nəticə etibarilə, İran və İsrail arasında yeni toqquşmaların qaçılmaz olduğu düşünülür. Bu prosesə Amerikanın da qoşulacağı gözləniləndir. Buna baxmayaraq, tərəflər arasında sülh danışıqları davam edir və regionun gələcəyi üçün ən xeyirlisi məhz bu ölkələr arasında dayanıqlı sülhün təmin edilməsidir.”
Nurlan Cəfəri













