İstilik təchizatına dair ictimai dinləmə keçirildi
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təşkil edilib.
Yenicag.az xəbər verir ki, ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə, İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev, İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsi müdirinin müavini Nuranə Abbasova, Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədov, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktorunun müavini Teymur Vəliyev və deputatlar iştirak ediblər.
Yeni qanun istilik təchizatındakı problemlərin həllinə yönəlib
Komitə sədrinin müavini Fatma Yıldırım deyib ki, bu qanun yeni tikilən çoxmənzilli binaların da istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək.
Deputat Naqif Həmzəyev isə 3 sual ünvanlayıb: “Mənzil İnşaatı Dövlət Agentliyi MİDA tərəfindən tikilmiş sosial evlərdə mərkəzləşdirilmiş istilik sistemi qurlaşdırılıbmı? Qarabağ və Şərqi Zəngəzurda tikilmiş yeni layihələrdə mərkəzləşdirilmiş istilik sistemləri qurulubmu? Yeni qanun tətbiq edildikdən sonra “Azəristiliktəchizat”ın gəlirlə işləməsi və dövlət büdcəsindən dəstəyin kəsilməsi halının reallaşması üçün hansı addımların atılması planlaşdırılır? “Azəristiliktəchizat” tariflərin artırılması yolu ilə, yoxsa daha innovativ yanaşma tətbiq edərək gəlirlə işləyən təşkilata çevrilməyi hədəfləyir?”.
Vətəndaşlar istilik təchizatı üçün seçim azadlığına malik olacaqlar
Energetika nazirinin müavini Elnur Soltanov nəzərə çatdırıb ki, qanunun qəbulundan sonra vətəndaşların özlərinin qurduğu hər hansı cəmiyyət belə qazanxananı işlədə biləcək: “Yəni istəsələr, “Azəristiliktəchizat”-a müraciət edərlər, istəsələr başqa yerə. Vətəndaşlar özləri qərar verəcək”.
Qazanxanaların hər yerdə quraşdırılması mümkün deyil
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov istilik təchizatı ilə əlaqədar hər yerdə qazanxanaların quraşdırılmasının mümkün olmadığını söyləyib.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində sənədləşmə prosesi aparılır
İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev hazırda dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində bu qanunun tətbiqi üçün sənədlərin hazırlanması prosesinin getdiyini açıqlayıb.
Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə çoxmənzilli yaşayış binalarında mərkəzləşmiş elektrik sistemlərinin qurulmasının əvvəllər də nəzərdə tutulduğunu, indi yenidən bu məsələyə geri qayıdıldığını bildirib.
Mövcud istilik tarifləri real xərcləri əks etdirmir
“Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev qeyd edib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.
Fərdi istilik sistemləri təhlükə mənbəyi kimi qiymətləndirilir
Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədov bu gün çoxmərtəbəli binalarda, fərdi evlərdə fərdi istilik sistemlərinin istifadəsinin təhlükə mənbəyi olduğunu söyləyib: “Bu təhlükə mənbəyinin azaldılmasına xidmət göstərən qanunun qəbulu çox önəmlidir”.
Köhnə binaların istilik təchizatında ciddi problemlər mövcuddur
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev nəzərə çatdırıb ki, mərkəzi istilik sisteminin səmərəliliyi üçün 3 amil olmalıdır: “Köhnə binalarla yeni binalar arasında enerji sərfiyyatında 3 dəfəyə qədər fərq var. Əgər binalar enerji tələblərinə cavab verəcəksə, mərkəzi istilik sistemi kifayət qədər səmərəli olacaq. Köhnə binalarda istilik sistemləri ilə bağı çox ciddi çətinliklər və problemlər var, binalar ümumilikdə idarə olunmur. Reputasiyamıza ən böyük zərər vuran bu binalara xidmət göstərməyimizdir. Bu binalara xidmət göstərməklə biz əlavə xərclərə gedirik. Köhnə binalara da yeni qanunun bəzi müddəaları şamil oluna biləcək. Köhnə tipli binalarda da problemlərin həllinə bu qanunun tətbiqi imkan verəcək”.
Bərpa olunan enerji mənbələrinin inteqrasiyası təklif edilib
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyasını təklif edilib.
Tədbir müzakirələrlə davam edib./apa